“Azərbaycan müstəqillik sınağından ləyaqətlə çıxan ölkələrdəndir və bu illər ərzində əldə etdiyimiz uğurlar dövlətimizi regionun lider, dünyanın isə önəmli ölkələrindən birinə çevirib”.
Bu sözləri “Agromix” şirkətinin direktoru, aqrar ekspert Gülpəri Bayramova söyləyib.
Onun sözlərinə görə, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfər müstəqillik tariximizin ən parlaq və şərəfli səhifəsidir: “Biz bu müstəqilliyi asan yolla əldə etmədik. Məkrli dairələr tarix boyu böyük haqsızlıqlara, parçalanmalara məruz qalmış Azərbaycanın müstəqilliyini həzm etmir, ona qarşı müxtəlif cinahlardan hücumlar təşkil edirdi. Məhz bu illərdə torpaqlarımızın 20 faizini itirdik. Bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı, Xocalıda insanlıq əleyhinə bəşəri cinayətə imza atıldı. Belə bir qənaət var idi ki, Qarabağ müstəqilliyin bədəlidir və torpaqlarımız heç zaman işğaldan azad olmayacaq. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına biz tarixi həsrətimizə son qoyduq. Bu tarixi qələbə Azərbaycanın müstəqillik həyatında ikinci nəfəs rolunu oynadı”.
Bayramovanın sözlərinə görə, məntiqli, rasional və praqmatik idarəçiliyin nəticəsində qüdrətli Azərbaycan inşa olundu: “Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə ölkəmizin sistemli və davamlı tərəqqisi təmin edildi. Cəmiyyətin bütün sahələri inkişaf mərhələsinə qədəm qoydu. Mənsub olduğumuz kənd təsərrüfatı sahəsi də yenidən formalaşdı, inkişaf etdi. Sosialist sistemindən kapitalist sisteminə keçidin baş verdiyi həssas mərhələdə aqrar sektorun tərəqqisi qarşıda duran əsas hədəflərdən biri idi. Biz bütün bu uğurlara görə, ümumilli lider Heydər Əliyevə və onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyevə minətdar olmalıyıq. Fürsətdən istifadə edib, başda Möhtərəm Prezident İlham Əliyev olmaqla, bütün soydaşlarımızı Müstəqillik Günü münasibətilə təbrik edirəm. Qüdrətli Azərbaycanla İRƏLİ!”.