Qarabağ erməniləri reinteqrasiyadan niyə yayınır? – Ya bu tarixi fürsəti qiymətləndirəcək, ya da…backend

Qarabağ erməniləri reinteqrasiyadan niyə yayınır? – Ya bu tarixi fürsəti qiymətləndirəcək, ya da...

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı məsələlərinin müzakirəsi üçün ikinci dəfə görüşə dəvət etdi. Görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunurdu.

Lakin erməni tərəfi növbəti dəfə Azərbaycanın konstruktiv təşəbbüsünü cavabsız qoydu. Baxmayaraq ki, son Ermənistan 30 il ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib, bir milyondan artıq soydaşımızı öz doğma yurd-yuvasından didərgin salıb, Xocalıda, Gəncədə, Bərdədə, Tərtərdə qocaya, uşağa, qadına baxmadan tarixin ən qəddar terror cinayətini həyata keçirib, ərazilərimizi ekoloji və mina terroruna məruz qoyub, torpaqlarımızı xarabalığa çevirib, biz hadisələrə keçmiş yox, gələcək baxış prizmasından yanaşdığımızı nümayiş etdirərək, növbəti dəfə onlara barışıq əlimizi uzadırıq.

Hələ müharibənin ən şiddətli vaxtlarında Prezident İlham Əliyev yerli və xarici mətbuat orqanlarına müsahibələri zamanı bildirirdi ki, Qarabağda yaşayan ermənilərə digər Azərbaycan vətəndaşları kimi, bütün hüquqlar tanınacaq. Yəni, onlarla Azərbaycanın digər vətəndaşları arasında heç bir fərq olmayacaq. Bu kifayət qədər ciddi və mühüm bir bəyanat idi. Hansı ki, Ermənistanın tarixi təcrübəsində heç zaman belə bir mütərəqqi çağırış olmayıb və onlar İranda olduğu kimi, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılara qarşı daim nifrət hissi ilə yanaşıblar. Məhz bu nifrətin qığılcımları iki ölkəni – İran və Ermənistanı “qardaşlaşdırıb”.

Ermənistan rəsmiləri bu günə aparılan danışıqlarda Qarabağda yaşayan ermənilərə hansısa “status” verilməsi şərtini irəli sürürdülər. Azərbaycan isə qətiyyətlə əsaslandırırdı ki, Qarabağda yaşayan ermənilərə hansısa bir statusun verilməsindən, ümumiyyətlə, söhbət gedə bilməz. Azərbaycanın Konstitusiya ilə müəyyən olunmuş unitar dövlət quruluşu var və bunun azsaylı etnik topluma görə dəyişdirilməsi mümkünsüzdür. Qarabağda yaşayan ermənilərlə də Azərbaycan vətəndaşları kimi münasibət göstəriləcək. Unikal və tarixi məqam isə artıq yetişib. Azərbaycan Prezidentinin Adminstrasiyası Bakıda Qarabağ ermənilərini qəbul etməyə hazırlaşır.

Onlar ya bu tarixi fürsəti qiymətləndirərək, reinteqrasiya prosesinə təkan verəcək, ya da ərazini tərk edəcəklər. Çünki bu torpaqlar tarixi Azərbaycan torpaqlarıdır. Bu torpaqlarda yaşayan vətəndaşların isə müqəddəratını Azərbaycan dövləti təyin edir. Sosial-iqtisadi problemlər məngənəsində itib-batan ermənilərin israrı anlaşılan deyil. Görünən odur ki, arxada yellənən “qara əllər” yenidən Qarabağ ermənilərini təxribata sürükləyir və onları reinteqrasiya prosesindən kənarda qoymağa çalışır.

Müəllif: Azər Niftiyev

  •  (1)
  •  (0)