Ermənistan Prezidenti Armen Sarkisyanın Gürcüstan səfəri çərçivəsində diplomatik qalmaqala səbəb olacaq hadisə yaşanıb.
Hokm.az Oxu.Az-a istinadən xəbər verir ki, Ermənistan prezidenti gürcü həmkarının fəxri qonaqlar kitabına ürək sözlərini yazdıqdan sonra Türkiyə ərazisində yerləşən Ağrı dağının rəsmini çəkib.
Armen Sarkisyan bununla Türkiyə Respublikasına qarşı ölkəsinin ərazi iddialarını nümayiş etdirib. Qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən Ermənistan lideri şüurunda “Ararat” hesab etsə belə, əslində Türkiyə ərazisindəki Ağrı dağını rəsm etdiyini bilir və görünür məqsədyönlü şəkildə təxribat xarakterli bu addımı atmaqdan çəkinməyib.
Ən maraqlısı isə onun gürcü həmkarı Salome Zurabişvilinin sözügedən mətni və “sənət əsəri”ni sosial şəbəkə hesabında paylaşmasıdır. Üstəlik S.Zurabişvili paylaşımında erməni və gürcü xalqlarının dostluğundan bəhs edir.
Belə olan halda isə maraqlı suallar yaranır: Gürcüstan prezidenti erməni həmkarının təxribatına gözmü yumur? Yoxsa qonşu dövlətin lideri Ermənistanın Ağrı dağına iddialarından bixəbərdir? Salome Zurabişvili xəbərdar olmasa belə, onun ətrafında, aparatında, ofisində bu iddialardan xəbərdar olan biri yoxdurmu?
Yeri gəlmişkən Ermənistan elə Gürcüstanın özünə qarşı da ərazi iddiaları irəli sürür, Samtsxe-Cavaxeti bölgəsini “tarixi torpaqları” hesab edir. Heç kəsə sirr deyil ki, ermənilərin həmin bölgəni “Cavakx” adlandırması belə təkcə millətçi gürcüləri deyil, Gürcüstanda yaşayan hər kəsi qəzəbləndirir və narahat edir.
Görəsən, Ermənistan prezidenti və ya başqa bir dövlət rəsmisi həmin vərəqdə “Ararat” (Ağrı dağı) əvəzinə “Cavakh” yazsaydı, gürcü lider yenə bunu fəxrlə paylaşıb xalqların dostluğundan bəhs edərdimi?