Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Gülnar Nəsirovanın barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hokm.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Gülnar Nəsirova heç bir səlahiyyəti olmadığı halda ona müraciət edən vətəndaşlara Fövqəladə Hallar Nazirliyinin Yanğından Baş Mühafizə İdarəsində yanğınsöndürən vəzifəsinə təyin olunmasına köməklik edəcəyi barədə yalan vədlər verib.
O, iş üzrə 6 zərərçəkmişdən ümumilikdə 37 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə Gülnar Nəsirova 1 il 7 ay 24 gün müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalından həbs olunub. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən saxlayıb.
Qeyd: Gülnar Nəsirova əvvəllər eyni cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb.