Ukraynanın ardınca Rusiyanın növbəti hədəfinə çevriləcək ölkə ilə bağlı müzakirələr səngimir. Ukraynalı hərbi ekspert Oleksiy Melnik isə hesab edir ki, rusların növbəti hədəfi məhz Moldovadır.
O, bildirib ki, Kremlin dayanmaq niyyəti yoxdur və onlar Moldovanı tutaraq Kalininqrada dəhliz çəkməyi planlaşdırır.
Maraqlıdır, Moldovanın Rusiya üçün əhəmiyyəti nədir? Rusiyanın Moldovaya hücumu haqda iddialar nə dərəcədə realdır?
Mövzu ilə bağlı Gundem.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, Rusiya hər zaman Moldova üzərində öz təsirini gücləndirməyə çalışıb:
“Dnestryanı bölgədə separatçılığın alovlandırılmasının səbəbi Rusiya olub. Moldova yerləşdiyi coğrafi mövqeyə görə kritik əhəmiyyətə malikdir. Moldovanı Qərblə Rusiya arasındakı bufer zona hesab edənlər də var. Bu baxımdan, Rusiya hər zaman Moldovanı özü üçün Ukraynadan da daha əhəmiyyətli hesab edib. Hazırda Rusiyanın Moldovaya hücum etmək ehtimalı o qədər də real görünmür. Moldova nə qədər Qərbə can atmağa çalışsa da, Dnestryanı bölgədəki separatçılıq faktlarına görə Rusiya əleyhinə birbaşa siyasət yürütmür. Fikrimcə, Rusiyanın Moldovanı öz ərazilərinə qatmaq istəyi yoxdur. Çünki bu, Rusiyanın dünyadan təcridinə səbəb ola bilər. Lakin Rusiya Dnestryanı bölgədə vəziyyətin həssas və problematik olaraq qalmasında maraqlıdır”.