Hokm.az xəbər verir ki siyasi şərhçi Arif Əliyev Rusiya prezidenti Vladimir Putinin dünən baş tutan mətbuat konfransını şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, hər il keçirilən mətbuat konfranslarında Putin fərqli-fərqli obrazlarda olur:
“Onun mətbuat konfransları, Yeni il qabağı çıxışları həmin obrazın gücləndirilməsinə xidmət edir. Bu dəfəki mətbuat konfransında Putin əsasən “insan” obrazını yaratmağa çalışdı. Bütün cavablarını da məhz bu istiqamətə yönəldirdi. Bu, özünü Putinin həm Ukrayna, həm ölkənin iqtisadi vəziyyəti, həm də beynəlxalq məsələlərlə bağlı cavablarında göstərirdi. Putin çıxışında hər şeyə insani münasibət bəslədiyini ortaya qoymağa çalışdı. Yəni onun çıxışı insani obrazın gücləndirilməsinə yönəldilmişdi. O, bütün danışıqlara sadiq olduqları və hər zaman sadiq olaraq qalacaqlarını, dedikləri sözün istündə duracaqlarını göstərməyə çalışdı. Bəzən diplomatik münasibətlərdə məxfi məsələləri açıqlamaqla bunun altını cızırdı. Hətta Putin Baydenin oğluna aid sualı da bu tonda cavablandırdı. Onun çıxışında əsas mesajı bütün diqqəti daxili məsələləyə yönəltmək, daxili vəziyyətin stabilləşməsinə nail olmağa hesablanmışdı”.
Həmsöhbətimiz qeyd edir ki, Putinin çıxışının əsas həfədi, dinləyicisi Tramp və ABŞ siyasəti idi:
“Bu siyasətin nə cür qurulacağına yönəmişdi. Putinin çıxışı Trampla münasibətdə məhz bu aksenti gücləndirmək, bir-birinə etibar etmək və danışıq şərtlərini dəyişməmək tezisləri üzərində qurulub. Ola bilsin ki, gələcək razılaşmanın hansısa nöqtələri ya qapalı şəraitdə müzakirə olunub, yaxud da bir-birilərinə ötürülüb. Putin də yəqin bunlara istinad edərək belə danışıb”.
Qeyd edək ki, dünən günorta saatlarında Rusiya prezidenti Vladimir Putinin ənənəvi mətbuat konfransı baş tutub. Rusiya lideri hər ilin sonunda ənənəvi olaraq ölkəsinin daxili və xarici siyasəti ilə bağlı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırır. Ötən ildə olduğu kimi, builki mətbuat konfrans “Birbaşa xətt”lə birgə formatda keçirilib.
“Birbaşa xətt”ə vətəndaşlardan 2 milyona yaxın sual daxil olub. Rusiya prezidenti 4 saat yarım ərzində həm sadə rusiyalıların, həm də yerli və xarici jurnalistlərin suallarını cavablandırıb.