“Qələbə paradının fərqli şəkildə qeyd olunması gözlənilirdi. Xüsusilə də Qərb mediası, tanınmış nəşrlər bu istiqamətdə bir sıra ehtimallar dərc edirdilər, Putinin parad zamanı ümumi və ya qismən səfərbərlik yaxud Ukraynaya rəsmi müharibə elan edəcəyini yazırdılar. Bilirsiniz, Rusiya hazırda baş verənləri müharibə deyil, “xüsusi hərbi əməliyyat” adlandırır. Çünki orada çoxlu sayda cinayətlər var və əgər bunu rəsmi şəkildə müharibə adlandırsalar, bu cinayətlərin də cavabını verməli olacaqlar”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Rusif Məmmədsoy Putinin Qələbə paradındakı çıxışını dəyərləndirərkən deyib. Müsahibimiz paradın sakit şəkildə keçirildiyini vurğulayıb:
“Orada ənənəvi paradlardan fərqli olaraq, bu il daha az hərbçi iştirak edirdi və onların hamısı peşəkar deyildi, xüsusilə hansısa hərbi ali məktəblərdən bu və digər mənada yığılıb gətirilmişdilər. Təbii ki, bütün bunlar hazırda Rusiyanın çətin vəziyyətdə olduğunu göstərir.
Xatırlayırsınızsa, dekabrın sonu yanvar ayından etibarən Ukraynanın sərhədinə doğru yığılan 147 mindən yuxarı Rusiyanın əsgər heyəti var idi. Ukraynanın yaydığı məlumata görə, onun artıq 26 minə yaxını məhv edilib, 60 mindən çox əsgərin də yaralı olduğu ehtimal edilir. Hətta bəzi ehtimallara görə, Vladimir Putin səfərbərlik bəyan etməsə də, müəyyən mənada insanlara pul təklif etməklə onları bu prosesə cəlb edir, bununla razılaşanlar da var. Əlbəttə, bunlar sadəcə iddialardır. Həm də qeyd olunurdu ki, hərbi hava qüvvələrinin də paradda iştirakı gözlənilir. Ancaq bu hissə ləğv olundu və bunu hava ilə əlaqələndirdilər. Halbuki parad keçirilən gün hava çox yaxşı idi, həmin qüvvələr üçün heç bir təhlükə müşahidə edilmirdi”.
Politoloq qeyd edib ki, bununla yanaşı, Putinin “Qiyamət günü” adlı təyyarəsi də nümayiş etdirilməli idi, ancaq bu da baş tutmadı:
“Qeyd edim ki, həmin təyyarə nüvə silahı daşıya bilir. Güman ki, nümayiş etdiriləcəyi halda, bu, Qərbdə “nüvə savaşı” mesajı kimi qiymətləndirilə bilərdi və bu səbəbdən geri çəkilmə oldu. Paradda qalib ölkələrin rəhbərlərinin iştirakdan imtina etməsi də vacib amil idi. Artıq heç kim Rusiyanın yanında yer almaq istəmir, onun yanında olmaq sanksiyalara məruz qalmaqdır. Daha bir maraqlı detal isə ABŞ prezidenti Co Baydenin məhz 9 mayda “Ukrayna demokratiyasının müdafiəsi üzrə Lend-Liz Aktı”nı imzalamasıdır. Təsadüfi deyil ki, Vladimir Putin həmin o savaşı (İkinci Dünya Müharibəsi) sadəcə SSRİ-nin adına yazmaq istəyir, ancaq bu, tamamilə yanlışdır. Faşizm üzərində qələbəni sadəcə SSRİ qazanmayıb. Bu savaşın əsas qaliblərindən biri də ABŞ idi”.