Nəhayət uzun aradan sonra ABŞ prezidenti Co Bayden Ağ Evdə ilk müsahibəsini verdi. Ağ Ev sahibi “ABC” kanalına verdiyi müsahibədə Rusiya prezidenti Vladimir Putini qatil adlandırdı.
Bayden bunun ardınca dedi ki, Amerika kəşfiyyatının ona təqdim etdiyi hesabata görə Putinin əmri ilə Rusiyanın müvafiq strukturları ABŞ-da ötən il keçirilən prezident seçkisinə müdaxilə ediblər.
Hokm.az xəbər verir ki, Baydenin sərt çıxışlarına münasibət bildirən politoloq Elxan Şahinoğlu bildirdi ki, “buna görə Putin cavab verəcək” deyən Bayden Rusiyaya qarşı hansı addımların atılacağını konkretləşdirməyib.
“Aydındır ki, söhbət Rusiyaya qarşı növbəti sanksiyalardan gedir. Başqa bir dövlətin, özəlliklə də Rusiyanın lideri üçün “qatil” ifadəsinin işlənməsi ağır gəlir.
Görəsən, Putinin buna cavabı nə olacaq? Kreml sahibi həmişəki kimi soyuqqanlığını qorumağa çalışacaq və Baydenlə kəllə-kəllə gəlməyəcək.
Ancaq Putin mahir siyasət və hiyləgər kəşfiyyatçıdır. O komandasına Amerika əleyhinə çalışmalara davam etməyi əmr verəcək.
Putinin Trampla dostluğuna mane oldular, Bayden isə bəri başdan deyir ki, Kreml sahibi “mənim düşmənimdir”. Ona görə də Putinə Baydenlə düşmənçiliyi davam etdirməkdən başqa alternativi qalmır”.