Prezident nəqliyyat sektorunun inkişafına xüsusi önəm verirbackend

Prezident nəqliyyat sektorunun inkişafına xüsusi önəm verir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 28-də keçirdiyi müşavirədə nəqliyyat məsələlərinə dair verdiyi açıqlamalar, ölkədə bu sahənin strateji əhəmiyyətini bir daha vurğuladı.

Prezidentin çıxışında Bakının və ümumiyyətlə Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafı, bu sahədəki problemlər və onların həlli yolları ətraflı müzakirə olundu.

Ölkə başçısı Bakının son illərdə ciddi nəqliyyat sıxlığı ilə üzləşdiyini açıq şəkildə etiraf etdi. Əhalinin artımı və avtomobillərin sayının çoxalması şəhərin infrastrukturuna əlavə yük yaradır. O, şəhərin nəqliyyat axınını tənzimləmək üçün yeni dövlət proqramının hazırlanmasını vacib hesab edərək, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə tapşırıq verdi. Bu, şəhərdaxili nəqliyyatın müasir və innovativ həllərlə təkmilləşdirilməsi istiqamətində mühüm addım olcaq.

Dövlət başçısının  çıxışında son 15-20 il ərzində Azərbaycanın nəqliyyat sektorunda həyata keçirilən irimiqyaslı layihələrə toxunuldu. Yeni avtomobil yolları, tunellər, körpülər, yeraltı və yerüstü keçidlər şəhərin nəqliyyat yükünü azaltmağa yönəlib. Prezident haqlı olaraq vurğuladı ki, əgər bu işlər görülməsəydi, Bakının nəqliyyat infrastrukturu iflic vəziyyətinə düşərdi. Lakin mövcud layihələrə baxmayaraq, şəhərdə tıxac problemi hələ də aktuallığını saxlayır və bu, yeni yanaşmalar tələb edir.

Prezident İlham Əliyev Azərbaycanın coğrafi mövqeyinin ölkəyə beynəlxalq nəqliyyat qovşağı kimi böyük üstünlük verdiyini qeyd etdi. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi, Azərbaycanı Avrasiyanın əhəmiyyətli logistika mərkəzlərindən birinə çevirir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması istiqamətində aparılan işlər də ölkənin tranzit potensialını daha da artıracaq. Bu, təkcə Azərbaycanın iqtisadi inkişafına deyil, həm də regional əməkdaşlığın güclənməsinə töhfə verəcək.

Ölkədə son 20 il ərzində 21 min kilometr avtomobil yolunun tikilməsi, 335 körpü və yol ötürücüsünün istifadəyə verilməsi nəqliyyat infrastrukturunun inkişafında ciddi irəliləyişdir. Eyni zamanda, dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi də Prezidentin diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlər Azərbaycanın regiondakı logistika mərkəzi kimi rolunu daha da gücləndirəcək.

Prezident İlham Əliyevin vurğuladığı məsələlər bir daha göstərir ki, Azərbaycan hökuməti nəqliyyat sektorunun inkişafına xüsusi önəm verir. Şəhərdaxili nəqliyyat problemlərindən tutmuş beynəlxalq tranzit layihələrinə qədər genişmiqyaslı işlər aparılır. Bununla belə, yeni yanaşmaların və innovativ həllərin tətbiqinə ehtiyac olduğu da aydın görünür.

Bu müşavirə Azərbaycanın nəqliyyat sektorunda strateji planlaşdırma baxımından mühüm bir addım kimi qiymətləndirilə bilər. Qarşıdakı illərdə Bakının və digər şəhərlərin nəqliyyat yükünün azaldılması, müasir və effektiv nəqliyyat sisteminin qurulması üçün konkret addımların atılması gözlənilir. Hökumətin bu sahədə qəbul edəcəyi qərarlar, həm vətəndaşların rahatlığına, həm də ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək.

 

Azər Kərimli

Milli Məclisin deputatı

  •  (0)
  •  (0)