Ötən əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın işğal etdiyi Azərbaycan torpaqları – Qarabağ və ətraf rayonlar ölkəmiz üçün milli faciəyə çevrildi. İşğal nəticəsində yüz minlərlə insan məcburi köçkün oldu, şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəni irsimiz məhv edildi. Bu hadisələr Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bərabər, həm də xalqımızın üçün dərin sarsıntı oldu. Azərbaycan dövləti və xalqı üçün işğal olunmuş ərazilərin azad edilməsi ümummilli ideyaya çevrildi.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O xatırladıb ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanın dövlətçilik tarixində yeni bir mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyi ilə 1994-cü ildə atəşkəs əldə olundu. Eyni zamanda, Ulu Öndər münaqişənin beynəlxalq müstəvidə həlli üçün səylər göstərdi. Həmin dönəmdə Azərbaycan xalqının milli şüurunda “Qarabağ bizimdir və biz torpaqlarımıza qayıdacağıq” ideyası təşəkkül tapdı.
“2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu yeni müstəviyə keçid etdi. Neft gəlirlərinin böyük hissəsi silahlı qüvvələrin modernizasiyasına yönəldildi.
Bütün bunlarla yanaşı, ölkə rəhbərinin sayəsində beynəlxalq aləmdə Azərbaycanın haqq səsinin tanıdılması üçün aktiv diplomatik fəaliyyət davam edirdi. 2016-cı ildəki Aprel döyüşləri və 2020-ci ildəki Tovuz hadisələri Azərbaycan Ordusunun gücünü və qüdrətini nümayiş etdirdi, erməni vandalizminə məruz qalan torpaqlarımıza qayıdışa inamı artırdı. 2020-ci ilin sentyabrında isə Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamaqla cəmi 44 gün ərzində öz torpaqlarını işğaldan azad etdi. Bu tarixi Zəfər 30 il ərzində formalaşan milli ideyanı reallığa çevirdi.
Vətən müharibəsi dönəmində Prezident-Ordu-Xalq həmrəyliyinin şahidi olduq. İnformasiya müharibəsində, diplomatik səviyyədə və hərbi meydanda qətiyyət nümayiş etdirməklə tarixi Zəfərə nail olduq. Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, biz tarixi torpaqlarımıza milli ideya, güclü lider və qətiyyət ilə döndük. Prezident İlham Əliyevin mətbuatdakı çıxışları və diplomatik fəaliyyəti Azərbaycanın mövqeyinin qətiyyətinin göstəricisi oldu”, – deyə G.Ağamalı deyib.
Deputat əlavə edib ki, Zəfərdən sonrakı dönəmdə yeni milli ideyamız işğaldan azad olunmuş torpaqlarımızda quruculuq və Böyük Qayıdış oldu. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa işləri aparılmaqdadır. Doğma yurd həsrətində olan məcburi köçkünlərin dədə-baba torpaqlarına qayıdışları, işğaldan azad edilmiş ərazilərdə həyatın tam bərpası, iqtisadi inkişaf və regionda dayanıqlı sülhün təmin olunması istiqamətində sürətli işlər görülməkdədir.