“Həbs edilən bu erməni terrorçu Azərbaycan istintaq orqanlarına təhvil verilməlidir”.
Bu fikirləri siyasi analitik, jurnalist Samir Feyruzov bildirib.
O qeyd edib ki, Şuşa şəhəri yaxınlığında erməni terrorçunun Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atması təsadüfi hadisə deyil. Bu, Rusiyanın silsilə təxribatlarının (qoyulan abidələrin, büstlərin, S.Peqovun hərəkətlərinin) davamıdır:
“Diqqəti bir nüansa çəkmək istəyirəm. Erməni terrorçunun istifadə etdiyi “RQD-5″ əl qumbarası ASALA terror təşkilatı üzvlərinin ən çox istifadə etdiyi qumbaradır. Qumbaranı atan şəxs 1975-ci il təvəllüdlü erməni terrorçu Norayr Mirzoyandır.
Birincisi, bu, Rusiyanın təxribatıdır. Məqsəd Azərbaycanla Ermənistan arasında gərginliyi artırmaqdır. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması günün əsas müzakirə mövzusudur. Əgər bu müqavilə imzalanacaqsa, Rusiya münaqişə zonasında ilk presedent olaraq proseslərdən kənarda qalacaq. Hətta Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı da hüququ baza zənginləşəcək. Bu isə Kremlə sərf etmir.
İkincisi, bu, Ermənistandakı revanşist-qisasçi (Koçaryan-Sarkisyan) qüvvələrin sifarişiə ilə həyata keçirilib. N.Mirzoyan 44 günlük müharibədə iştirak edib, o, Sarkisyana olan sevgisini ifadə edirmiş, Paşinyana qarşı isə radikal mövqedə olub.
Bu terror aktının Ermənistandakı qisasçı-daşnak qüvvələrlə Rusiyanın birgə səyi nəticəsində həyata keçirildiyi heç bir şübhə doğurmur. Rusiya sülhməramlılarının da olduğu postun hədəf seçilməsi manevrdir və Rusiya iz azdırır”.
S.Feyruzov daha sonra qeyd edib:
“Bir vacib nüansı unutmayaq: Dünən – noyabrın 12-də Türk Dövlətləri Şurasının VII Görüşündə Rusiyanın uzun illərdir türk xalqlarına qarşı tətbiq etdiyi ideoloji terror da aradan qalxdı. Məsələn, “Türkdilli xalqlar” ifadəsi yığışdırıldı. Rusiya bu ifadə ilə türklərin bu torpaqlara “gəlmə” olduqlarının beyinlərə yeridirdi.
Digər tərəfdən, Türk Dövlətləri Təşkilatının daha ciddi şəkil alması, vacib sənəd kimi Bəyannamənin qəbulu, Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı razılaşmanın əldə olunması və Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyi Kremli dərindən narahat edir. Və ardınca, cəmi bir gün sonra belə bir terror aktı həyata keçirildi.
Qısası, Paşinyan sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır, onun hakimiyyətdə qalması bizə sərf edir. Bu tip təxribatlar prosesi tormozlamaq, gərginliyi atırmaq məqsədi daşıyır və Paşinyana da təzyiq vastəsidir.
Azərbaycan Rusiyanın təxribatları ilə bağlı məsələ qaldırmalıdır. Kremldən hesabat tələb olunmalıdır. Sülhməramlıların yarıtmaz fəaliyyəti ilə bağlı aydın mövqe olmalıdır. Eləcə də son bir həftədə, hər gün Azərbaycana qarşı həyata keçirilən təxribatların hesabı sorulmalıdır”.