“Polisin üzərinə zibil atmaq etiraz növlərindən biridir”backend

“Polisin üzərinə zibil atmaq etiraz növlərindən biridir”

Yasamalda baş verən hadisə media nümayəndələrinin gözü ilə: Polis bu cür davranmamalıdır

 

Son günlər ölkə gündəmini zəbt edən və vətəndaşlar arasında cəbhələşməyə səbəb olan polis-vətəndaş qarşıdurması ilə bağlı müzakirələr davam edir. Belə ki, iyunun 7-də Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində sərt karantin rejimini pozan vətəndaşı xidməti avtomobilə mindirmək istəyən polis əməkdaşlarının başına ərazidə yerləşən binanın sakinləri tərəfindən zibil torbalarının atılması, iyunun 8-də isə sözügedən binada hadisə ilə bağlı əməliyyat keçirilməsi və əməliyyat zamanı təqsirlənirilən şəxslərin zorla evlərindən çıxarılması cəmiyyətdə qızğın müzakirələrə səbəb olub.

 

Digər tərəfdən, polis əməkdaşlarından birinin bir qadınla yüksək səs tonunda danışması, onu və həyat yoldaşını “dovşan” deyərək təhqir etməsi cəmiyyətdə qınaq obyektinə çevrilib və həmin şəxsin məsuliyyətə cəlb olunması tələb edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən açıqlamda həmin hadisənin bağışlanmaz hal kimi qiymətləndirildiyi, qadının Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilərək ondan üzr istənildiyi bildirilib. Həmçinin, DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edildiyi açıqlanıb.

 

Mövzu ilə müvafiq ekspertlər, millət vəkilləri, ictimai-siyasi fəallar və siyasətçilər də daxil olmaqla, sadə vətəndaşlara qədər məsələyə müxtəlif aspektlərdən mövqelər bildirilib və müzakirəyə çıxarılıb. Bəs, mətbuat nümayəndələri bu barədə nə düşünürlər? Baş verən hadisələrdə haqlı və ya haqsız tərəf kimlərdir? AYNA bir sıra tanınmış jurnalistlərin fikirlərini təqdim edir.

Pressklub.az saytının baş redaktoru Şahin Cəfərli hesab edir ki, polisin başına zibil atılması doğru deyil: “Amma bu olay əsas vermir ki, səhərin gözü açılmamış, camaat hələ yuxuda ikən, çoxlu sayda xüsusi polis dəstəsi sıx yaşayış olan məhəlləyə göndərilsin. Bunun qanuni olub-olmaması bir tərəfə, məsələnin etik və çox danışılan məşhur “milli-mənəvi dəyərlər” tərəfi də var axı, ən azından uşaqları, yaşlıları, xəstələri nəzərə almaq lazımdır. Zibil atanlar onsuz da müəyyən edilib, onları telefonla və ya yazılı şəkildə lazımi ünvana dəvət etmək, yaxud ərazi üzrə polis bölməsinin 5-6 əməkdaşını göndərib, həmin şəxsləri mədəni qaydada aparmaq olardı. Azərbaycanlılar kimi üzüyola, qanunlara sayğılı, sabitliyə böyük önəm verən xalq tapmaq çətindir. Anlamaq olmur ki, bu insanlara qarşı niyə belə davranılır? Sanki, biriləri əhalini təhrik edib, nəyəsə sövq etməyə çalışır”.

“LAF TV” internet televiziyasının rəhbəri Ləman Ələşrəfqızı da o fikirdədir ki, zibil atan vətəndaş qədər polisin də hərəkəti ikrah doğurur: “Əvvəla, göstəriş var ki, karantin qaydalarına əməl edilsin. Bəs, vətəndaş niyə əməl etmir? Mən şəxsən zibilimi 2 gün evimdə etibarlı zibil paketində saxladım. Nə iyisi çıxdı, nə qoxusu. Amma belə hadisələrin “iyi” çox pis çıxır və göründüyü kimi, xoş olmayan hallar yaşanır. Niyə, o vətəndaşı polis o şəkildə, əzizlərinin gözü qabağında rüsvaycasına aparmalı idi? Düşünürəm ki, pandemiyadan salamat qurtarmaq üçün ən optimal variant nədirsə, onu düşünməliyik. Vətəndaşlar düşünməli, polis hər gün itirilən nüfuzu haqqında düşünməli, ən əsası isə Operativ Qərargah düşünməlidir. İki günlük sərt qadağadan sonra ertəsi gün hamı öpüşüb-görüşürsə, bu qadağa lazımdırmı? Çox absurd bir qərara oxşayır. Ona görə də elə etmək lazmdır ki, vətəndaş məmnun qalsın və belə hadisələrdən maksimum sığortalansın”.

Yenisabah.az xəbər portalının baş redaktoru Seymur Verdizadənin fikrincə, polisin başına zibil tökmək, vəzifəsinin icrasına mane olmaq yanlış hərəkətdir: “Koronavirus dövründə həkimlər və polislər ən çox əziyyət çəkən peşə sahibləridir. Üstəlik, onlar Aydan gəlməyiblər, bizimlə eyni millətin nümayəndələridir, damarlarımızda eyni qan axır. Bu baxımdan, Yasamalda sakinlərin polislə davranışını təqdir etmədim, əksinə, narahat oldum, üzüldüm. Polisin dünən keçirdiyi əməliyyat isə srağagünkü hadisəyə adekvat deyildi. Zibil atan vətəndaşın xanımını aşağılamaq, ona “dovşan” demək yolverilməzdir. Bu davranış sosial şəbəkələrdə polis əleyhinə kampaniyanın aparılmasına səbəb oldu. Bugünkü qərarlar isə doğru idi. Polisin başına zibil atan adamların inzibati qaydada həbsi də, vətəndaşı təhqir edən şəxsin daxili işlər orqanlarından uzaqlaşdırılması da ədalətin təntənəsi idi. Biz hüquqi dövlətdə yaşayırıq. Bütün qərarlar qanunun aliliyinə söykənməlidir. Bizim hər birimizin fəaliyyəti qanun çərçivəsində olmalıdır. Dövlətin gücü onun ədalətindədir”.

Jurnalist, yazıçı İlqar Rəsul düşünür ki, baş verən hadisələr dövlətin və cəmiyyətin əsaslarını sarsıdan, vətəndaş-dövlət münasibətlərinə xələl gətirən hadisədir: “Əgər vətəndaş nəyisə düz etməyibsə, qanunları pozub, yaxud cinayət törədibsə, sözsüz ki, polis buna müdaxilə etməli, qanun pozucusunu rəsmi qaydada saxlayıb, ədalət mühakiməsinə təhvil verməlidir. Amma bu, sivil qaydada və qanunlar çərçivəsində olmalıdır ki, polisin və bütövlükdə dövlətin nüfuzuna xələl gətirməsin, vətəndaş inamsızlığı yaratmasın. Təəssüf ki, bizim son günlər müşahidə etdiklərimiz asayiş keşikçilərinin heç də sonadək qanun çərçivəsində hərəkət etdiklərini söyləməyə əsas vermir. Bu hadisənin fonunda sosial şəbəkələrdə bütövlükdə polisin ünvanına təhqirlər yağdırılmasına, hətta məsuliyyət yaradan ifadələr işlədilməsinə də haqq qazandırmıram. Bu da dövlətin və cəmiyyətin maraqlarına uyğun davranış deyil. Hər halda ümid edirəm ki, DİN rəhbərliyi baş verənləri araşdırıb müvafiq addımlar atacaq”.

Arqument.az saytının baş redaktoru Şəmşad Ağa isə daha çox o fikirdədir ki, polis heç bir halda zor tətbiq etməli deyildi: “Burada vətəndaşların konstitusion hüquqları birmənalı şəkildə pozulub. Məhkəmə qərarı olmadan vətəndaşın mənzilinə daxil olublar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə görə, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Amma aydın göründü ki, hansısa tapşırıq əsasında vətəndaşların mənzil hüququ pozuldu, açıq zorakılıq hallarına, insan ləyaqətini alçaldan hərəkətlərə yol verildi, vəzifə səlahiyyətlərindən sui-istifadə edildi. Əgər, vətəndaşların bir gün öncəki davranışında pozuntu vardısa, buna qanunvericiliyin tələbləri əsasında hüquqi qiymət verilməli idi, halbuki, mən vətəndaşların polisə zibil atmasında da hər hansı bir qanun pozuntusu görmürəm, bu, vətəndaşın özünüifadəsidir. Dünyanın əksər ölkələrində etiraz əlaməti olaraq dövlət məmurlarına yumurta, su, zibil belə, atıblar. Dünənki hadisə isə göstərdi ki, polis qisasçılıq məqsədilə əməliyyat keçirib. Özlərinin yaydığı videolardan da görünürdü ki, polislər vətəndaşlara “siz dünən bizə zibil atdınız, amma bu gün dovşana dönmüsünüz” kimi ifadələr işlədirlər. Ona görə də bir gün sonra əraziyə 200-ə qədər Çevik Polis Alayının əməkdaşının yeridilməsi xüsusi, planlaşdırılmış tapşırığın nəticəsi idi. Heç bir ictimai qınağı da nəzərə almadılar”.

 

““Polis haqqında” qanunda polisin vəzifələri konkret təsbit olunub, amma dünənki davranışla vəzifə səlahiyyətlərini aşdılar. Onlar “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsərindəki kimi davrandılar: “O, sənin atının gözünü çıxarıbsa, sən də get onun atının gözünü vur, çıxar”. Lakin dövlət məmuru belə danışmamalıdır. Ümumiyyətlə, karantin rejimində xeyli hüquq pozuntusu var. İyunun 6-7-dəki sərt karantin rejimi də qanun pozuntusu idi. Konstutusiyaya görə, jurnalistlərin fəaliyyəti yalnız fövqəladə vəziyyət rejimində və ya müharibə şəraitində, yəni müharibə gedən ərazidə məhdudlaşdırıla bilər. Nazirlər Kabinetinin və ya Operativ Qərargahın belə bir səlahiyyəti yoxdur ki, jurnalistlər üçün səlahiyyət mexanizmi və ya fəaliyyət sərhədi müəyyənləşdirsin. Bu qərarlar özü də Konstitusiyaya və Avropa İnsan Haqları Konvensiyasına ziddir, həmçinin, məhkəmə davası açmaq üçün səbəbdir”, – Ş.Ağa əlavə edib.

  •  (2)
  •  (0)