13 dekabr 2022-ci il tarixində Polis Akademiyasında Mediasiya Şurası maarifləndirici tədbir keçirib.
Apress.az xəbər verir ki, tədbirdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Aynur Sabitova, Mediasiya Şurasının İntizam Komissiyasının sədri Mayıl Əhməd, Bakı 16 saylı mediasiya təşkilatının rəhbəri, mediator Oğul Kərimov, Akademiyanın rəhbərliyi, zabitlər və kursantlar iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Akademiya rəisinin 1-ci müavini, polis polkovniki Vüqar Mansurov qonaqları salamlayaraq bu qəbildən olan görüşlərin mütəmadi təşkilinin əməkdaşlar və kursantlar üçün əlverişli zəmin yaratdığını diqqətə çatdırıb, əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov Azərbaycanda mediasiyanın əsas fəaliyyət istiqamətlərindən danışıb, mediasiyanın yarandığı gündən indiki tarixə qədərki inkişafı və keçirilən mediasiya islahatları barədə məlumat verib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə səmərəli qarşılıqlı fəaliyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, insan hüquqlarının müdafiəsində mediasiya proseslərinin rolu mühümdür. O, həmçinin DİN-in və Akademiya rəhbərliyinə belə görüşlərin təşkili üçün təşəkkürünü bildirib.
Daha sonra Mediasiya Şurası İntizam Komissiyasının üzvü Mayıl Əhməd və Bakı 16 saylı mediasiya təşkilatının rəhbəri, mediator Oğul Kərimov keçirilən bu kimi maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayıb, mediasiya sahəsinin inkişafı ilə bağlı təklifləri dinləyib, kursant və zabitlərin suallarını cavablandırıblar.
Görüşdə təklif və tövsiyələr dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.