Mədinə Paşayeva: “Startap fərdi fəaliyyətlə məşğul olan mütəxəssislər və sifarişçilər arasında effektiv vasitəçi rolunu oynayır və sosial sahibkarlıq subyekti olaraq fəaliyyət göstərir”
2020-ci ilin noyabr ayında təsis olunan və uğurlu fəaliyyəti ilə diqqət çəkən “İZZİ” startap layihəsi yeniliklər etməyə davam edir.
Bu barədə danışan layihənin həmtəsisçisi və İcraçı direktoru Mədinə Paşayeva bildirib ki, fəaliyyət istiqamətlərinin sayını artırmağa hazırlaşırlar: ““SUP Akselerator”, “Next Step İnnovasiya mərkəzi” və “İnnoland inkubasiya və Akselerasiya mərkəzi” ilə birlikdə ərsəyə gətirdiyimiz “İZZİ” startap layihəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) şəhadətnaməsi əsasında fəaliyyət göstərir. Layihə əsasən qadın iştirakçıları hədəfləyir və sosial sahibkarlıq subyekti olaraq fəaliyyət göstərir. Avtomobil servisi, bağban xidmətləri, dizayn və tərtibat, evlərin təmiri, gözəllik və sağlamlıq, heyvanlara qulluq və digər sahələrdə ixtisaslaşan “İZZİ”də sadəcə qeydiyyatdan keçməklə istənilən növ xidmətdən yaralanmaq mümkündür. Həm tələb, həm də təklif tərəfləri üçün unikal imkan yaradan layihədən bu günə qədər yüzlərlə istifadəçi yararlanıb. Qarşıdakı müddətdə fəaliyyət sahələrinin sayını artırmağı və innovativ yeniliklər tətbiq etməyi nəzərdə tuturuq”.
Son dövrlər Azərbaycanda sosial sahibkarlıq subyektlərinin fəaliyyətinə xüsusi maraq oldğunu deyən müsahimiz qeyd edir ki, gəlirdən çox, fayda vermək missiyası ilə çalışan bu müəssisələr ictimai ideallarla idarəetmə bacarıqlarını eyni halqada birləşdirən fenomendir: “Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş, sərbəst bazar qaydalarına əsaslanan iqtisadi fəaliyyət növüdür. Bu fəaliyyət xeyriyyəçilik və ictimai təşkilatların fəaliyyətindən fərqlənir. Belə ki, xeyriyyəçilik ehtiyacı olanlara birbaşa, sosial layihələr isə dolayı dəstəyi ifadə edir. Sosial yönümlü bizneslər yoxsulluq səviyyəsinin azaldılması, ətraf mühitin qorunması, qarşılıqlı və faydalı əlaqələrin qurulması, tənzimlənməsi, təhsil, səhiyyə kimi bir çox sahələrdə təsirli alətlərdən birinə çevrilib. “İZZİ” sırf sosial sahibkarlıq subyekti, innovativ yeniliklərə dayanan startap layihəsidir. Xidmətimizin əhatə dairəsi fərdi sahibkarları hədəfləyir” – təsisçi söyləyir.
Əlavə edir ki, müxtəlif xidmətlər üzrə peşəkarların xidmətlərindən yararlanmaq istəyən insanlar öz xidmətini təklif edənlərin reytinqi, müştəri rəyləri ilə təmin olunurlar: “Bunun üçün yalnız “İZZİ”nin izzidone.com saytına daxil olmaq və qeydiyyatdan keçmək kifayətdir” – deyə Paşayeva fikrini tamamlayır.