Paşinyanın bugünki çıxışının ana xətti: Rusiya, Qərb və ya ikitərəfli danışıqlar?backend

Paşinyanın bugünki çıxışının ana xətti: Rusiya, Qərb və ya ikitərəfli danışıqlar?

Paşinyan bugünkü çıxışında növbəti dəfə onsuz da kövrək olan sülh və təhlükəsizlik danışıqlarına qeyri-konstruktiv münasibət sərgilədi və İrəvan adminstrasiyasının atacağı addımların ənənəvi destruktivlikdən fərqlənməyəcəyini bəyan elədi.

Paşinyan bildirdi ki, Azərbaycanın Ermənistana ərazi iddiası var, Şərqi Zəngəzur kimi terminlər və koridor mövzusu bununla bağlıdır və bu mövzu Ermənistan üçün müzakirə mövzusu deyil. Guya, buna görə də Zəngəzur dəhlizi ilə bağlı məsələni İrəvan beynəlxalq məkanlarda gündəmə gətirəcək, həmçinin, Azərbaycanın Naxçıvanla hansı yollarla əlaqəsi olacağına yalnız Ermənistan qərar verəcək. Ermənistanın hökumət başçısı onu da iddia edir ki, Azərbaycanla təmaslardan qaçmır, lakin danışıqlar yalnız beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılmalıdır.

Lakin bu məqamda belə bir sual yaranır: Ermənistan gərginliyi azaltmaq üçün təmaslardan danışdığı halda, amma bunun əksinə olaraq qeyri-konstruktiv addımlar ataraq və qarşı tərəfi qıcıqlandıraraq sülh və təhlükəsizliyə kölgə salır, bununla onsuz da aktiv olan gərginliyi daha da körükləyir.

Digər maraqlı məqam isə Paşinyanın bəyanatlarında Rusiyanın arxa plana atılmasıdır və açıqlamaların ana xəttinin də bu tezis üzərində qurulması diqqət çəkir. Çünki Paşinyan nala-mıxa vurmaqla, gah ikitərəfli danışıqlara toxunur, gah da beynəlxalq təşkilatları gündəmə gətirir. Birincisi, 30 il Azərbaycan ərazilərinin işğalına susan beynəlxalq təşkilatlara rəsmi Bakı nə üçün güvənməlidir? İkincisi, Paşinyan Rusiyanın vasitəçilik missiyasını arxa plana atmaqla, özü də məhz Brüssel görüşü öncəsi yox, Soçi görüşü öncəsi bu fikirləri səsləndirməklə, kimə və ya kimlərə mesaj göndərir? Həm ikitərəfli danışıqlara ehtiva edən Paşinyan, həm də üçtərəfli danışıqlara niyə etibar etmir və yaxud, nədən çəkinir?

Düşünürəm ki, səbəb birmənalıdır: Kremlin təsirini Ermənistanda daha da azaltmaq, Qərbdəki havadarlarına “Rusiya yox, siz” ismarıcını vermək və ikitərəfli (Azərbaycan-Ermənistan), ya da beynəlxalq təşkilatların vasitəçiliyi ilə qeyri-müəyyən məsələlərə aydınlıq gətirmək. Bir sözlə, “nə olur olsun, Moskva olmasın” mesajını vermək.

Əlsində, bu yanaşma Rusiyanın imperialist və işğalçılıq siyasətinə sinə gərmək baxımından Bakı üçün də məqbul hesab edilə bilər. Çünki Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalında bilavasitə iştirak edən, 30 il münaqişəni körükləyən və işğal faktorunu qoruyub, saxlayan, gərginliyin aktiv fazadan enməsinə imkan verməyən, Azərbaycan ərazilərinin işğalına rəhbərlik edən for-postu “Qarabağ klanı”na hərtərfli dəstək nümayiş etdirən Rusiyaya bu günə qədər Qarabağın işğal faktoruna görə, güzəştə getməyə məcbur olan Azərbaycan, artıq yaratdığı reallıqlar və əldə etdiyi güc baxımından heç kimə möhtac deyil və torpaqlarını da öz gücünə azad edib.

Ermənistanda isə Rusiyanın quldur dəstəsi olan Koçaryan-Sarkisyan hakimiyyətinin “qələmi qırılıb” və yerində Moskavaya “kəllə atan” Paşinyan peyda olub. Bir sözlə, hər iki tərəf bu və ya digər nüanslardan Rusiyaya daha ehtiyac duymur və belə məqamda ikitərəfli danışıqlardan daha məqbul heç nə olmaz.

Amma “o olmasın, bu olsun” oyunbazlığı edən, yəni, Rusiya olmasın, Qərb olsun ideyası ilə hərəkət edən Ermənistan riyakarlığından əl çəkməlidir. Çünki Azərbaycanın ona münasibətdə Rusiyadan heç də fərqlənməyən Qərbə inam və etibar etmək üçün heç bir substantiv əsası yoxdur və bunu ərazilərimiz işğal altında olanda ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız işğal olunmuş ərazilərdə kabab yeməkdən ibarət olan vasitəçilərin timsalında görmüşük.

Ona görə də Ermənistanın yeganə çıxış yolu ikili standartlı uzaq Qərb yox, yaxın qonşusu Azərbaycanla razılaşmaqdır. Çünki danışıqlara zərbə vurmaq, həlledici məqamlarda təxribat törətmək və müsbət irəliləyişlərə mane olmaq yalnız Ermənistanın özü üçün təhlükə mənbəyi olacaq.

Mərahim Nəsib

  •  (0)
  •  (0)