“Ölümü mənə gecəykən agah oldu…” – Qəhrəman snayperimizin atasıbackend

“Ölümü mənə gecəykən agah oldu…” – Qəhrəman snayperimizin atası

“Balamın ölümü mənə gecəykən agah oldu”.
Bunu Qaynarinfo-ya açıqlamasında İkinci Qarabağ müharibəsində şəhid olan Səfər Həsənovun atası Elmar Həsənov oğlu ilə bağlı xatirələrini danışarkən deyib. Ata oğlunun oktyabrın 17-də Suqovuşan-Ağdarə istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirib. Gözü yaşlı şəhid atasının dediklərindən:
İki il rəssamlıq üzrə təhsil alıb
Oğlum Səfər 2001-ci il sentyabrın 18-də Neftçala rayonun Xıllı qəsəbəsində dünyaya gəlib. Buzovnadakı 26 nömrəli orta məktəbin rus bölməsində təhsil alıb. Kasıb bir ailəm vardı. Evsiz-eşiksiz, balalarımı onun-bunun evində zülmlə böyütdüm. Həyat yoldaşın 24 ildir xəstədir. Həyat yoldaşımın anası vaxtsız rəhmətə gedib. Onun ölümü yoldaşımı sarsıtdı, bu səbəbdən xəstə düşdü, səhhətində psixoloji problemləri yarandı. O gündən bu günə kimi mülalicə olunur. 2005-ci ildə Səfərin bir bacısı dünyaya gəlib. Hazırda 26 nömrəli məktəbin 9-cu sinif şafirdidir. Səfər 9-ci sinifdən sonra orta məktəbdən ayrılıb, iki il rəssamlıq üzrə təhsil alıb. Sonra oranı da yarımçıq saxlayıb Binə qəsəbəsində texniki peşə məktəbidə dekorativ rəssamlıq sənətinə yiyələnib. Bizim necə böyüməyimizdən heç dövlətin xəbəri olmadı. Heç bir yerdən bir qəpik də evimə pul girməyib. Nə sosail yardım alıram, nə karonavursla əlaqədar işsizlərə verilən 190 manat, nə də pensiya. Heç bir yerdə işləmirəm. 2003-cü ildə Neftçala rayonunda ağır mədə əməliyyatı keçirmişəm. Mədəm partlamışdı. Həkimlər məni güclə həyata qaytardı. Yarımcan adam, birtəhər orda-burda gündəlik işləyib, balalarımı böyütdüm.
Hərbi xidmətdə snayper idi
Səfər 2019-cu il oktyabr ayının 1-də hərbi xidmətə çağırılıb. Goranboy-Ballıqayada karantində olub. Ondan sonra Tərtər rayonuna yollayıblar. Orada 703 nömrəli briqada da xidmət edib. Həmin briqadada Səfər snayper dərsləri alıb. Bu peşəyə yiyələnəndən sonra Səfər yenə də həmin briqadada İkinci Qarabağ müharibəsi başlayana kimi hərbi xidmətini davam etdirib.
Onu ölümündən bir ay sonra dəfn etdik
Mən Səfərlə tez-tez telefon əlaqəsi saxlayırdım. Sonuncu dəfə onunla oktyabrın 11-də danışdım. Narahat idim, dayana bilmədim, əlaqə yaratdım. Kefini soruşdum. Dedi, “ata, hər şey əladır, qaydasındadır”. Hardasa bir saata yaxın danışdıq. Məndən olsaydı, bir az da danışardıq, amma məlum, müharibə gedir, üstəlik hərbiçidir. Oktyabrın 27-də gecəni yatmadım… Bu narahatlıq məni götürdü, boğulurdum, sanki nəfəs ala bilmirdim. Ata qəlbi, ata ürəyi… Hiss etdim ki, balamı itirmişəm. Valideyin qəlbi həssas olur, balasına bir şey olanda duyar. O anda hiss etdim ki, Səfər şəhid olub. Səhəri zəng etdim, onunla əlaqə qura bilmədim. Ora-bura, amma xəbər yox. Başladım axtarmağa. Bundan məlumat ala bilmirdim. O vaxta kimi məndən DNT analizi götürdülər. Analizin cavabı açıqlandı, ölümündən bir ay sonra, noyabr ayının 21-də Səfəri dəfn elədik.
Komandiri dedi ki, döyüşdən qayıdanda gördük, silahı əlində şəhid olub
Komandiri ilə əlaqə qura bilmirdik. Axır birtəhər danışdıq. Dedi ki, meyiti sahədədir, amma çıxara bilmirik. Amma bilmirəm orda nə baş verib? Torpaq bizdə ola-ola meyit niyə sahədə qalıb? Onun necə şəhid olmasını öyrəndim. Komandir dedi ki, Suqovuşan-Ağdarə istiqamətində ayın 17-də hücum olub. Onlara əmr verilib ki, bu gecə həmin yüksəklik alınmalıdır. Komandir danışır ki, Səfər snayperlə erməniləri qıra-qıra gedirdi ki, bizə hücuma keçmək üçün yol açsın. Biz hücuma keçdik. Baxdıq ki, Səfərdən səs gəlmir. Qayıdanda gördük ki, Səfər yoxdur, silahı əlində şəhid olub. Minamyot düşüb yanına. Onunla da gözünü yumub. Həmin komandirin 5 şəhidi var…
  •  (2)
  •  (0)