Oliqarx məmurlara qarşı mübarizə necə aparılacaq – Prezidentin ismarıclarının izi iləbackend

Oliqarx məmurlara qarşı mübarizə necə aparılacaq – Prezidentin ismarıclarının izi ilə

Hüquqşünas: “Ya Prezidentin, ya da Nazirlər Kabinetinin yanında ictimai nəzarəti təmin edəcək qurumun yaradılmasına ehtiyac var”

İqtisadçı: “Məmur görsə ki, sistemli və ciddi mübarizə tədbirləri həyata keçirilir, o halda məcbur olub geri çəkiləcək”

Prezident İlham Əliyev ölkə televiziyalarına müsahibəsi zamanı ictimai nəzarətin institusional formatının işlənilməsinin vacibliyindən danışıb. Dövlət başçısı deyib ki, vətəndaşlar, mətbuat nümayəndələri ictimai nəzarəti gücləndirməli, məmur özbaşınalıqlarına biganə qalmamalıdırlar.

Prezidentin sözlərinə görə, bir çox hallarda mediada olan məlumatlar öz təsdiqini tapır: “Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir”.

Ölkə başçısı söyləyib ki, bəzi yeni təyin olunan məmurlar müəyyən müddət ərzində özlərini verilmiş təlimatlara uyğun aparsa da, vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedirlər: “Məmur-vətəndaş təmasları da, yəni harada korrupsiya imkanları var, minimuma endirilməlidir. Bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”.

İlham Əliyev dəfələrlə məmurlara bu səpkili xəbərdarlıqlar etsə də, bəzi məmular köhnə şakərindən qurtula bilmirlər. Vətəndaşlar arasında kütləvi narazılığa səbəb olan hərəkətləri ilə gündəmə gələn və dövlət başçısının da söylədiyi kimi, öz çirkin əməllərindən əl çəkə bilməyən məmurlarla mübarizə istiqamətində hansı addımlar effektiv ola bilər?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev AYNA-ya açıqlamasında deyib ki, Prezidentin son müsahibəsi zamanı söylədiyi fikirlər 2022-ci ildə həyata keçiriləcək dövlət siyasətinin anonsu kimi də qiymətləndirilə bilər: “Yerli televiziyalara müsahibəsi zamanı Prezident İlham Əliyev bir çox məsələlərə aydınlıq gətirdi ki, onlardan da biri institusional ictimai nəzarət mexanizmlərinin işlənib hazırlanması ilə bağlıdır. Bilirsiniz ki, bundan öncə dövlət başçısı dəfələrlə məmurlara xəbərdarlıq edərək, onları dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə verməyə, əyri yollardan çəkinməyə çağırıb. Çox təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxarmırlar. Onlardan bəziləri dəmir barmaqlıqlar arasındadır. Hesab edirəm ki, idarəetmədə mövcud olan bu kimi neqativ halların qarşısını almaq üçün müvafiq konsepsiya işlənib hazırlanmalı və işlək olması üçün məcburi xarakter daşımalıdır”.

“Bəs bu konsepsiya nədən ibarət olmalıdır?” sualına gəldikdə həmsöhbətimiz qeyd edib ki, Prezidentin də söylədiyi kimi, bu gün Azərbaycanda buna misal olaraq müəyyən nümunələr mövcuddur: “Onlardan biri ASAN Xidmətdir. Çox da uzun zamandır fəaliyyət göstərməsinə baxmayaraq, bu xidmət əhalinin böyük rəğbətini qazanıb. Bir daha aydın oldu ki, mütərəqqi texnologiyaların idarəetmədə tətbiqi mümkündür və digər qurumlarda da buna bənzər fəaliyyət mexanizmləri işləyib hazırlamaq olar”.

“Yaxşı olardı ki, ya Prezidentin, ya da Nazirlər Kabinetinin yanında institusional ictimai nəzarəti təmin edəcək mərkəz yaradılsın. Onun adı İctimai Nəzarət Palatası da ola bilər, digər adla da fəaliyyət göstərə bilər. Son dövrlər nazirliklərin, dövlət qurumlarının, yerli idarəetmə orqanlarının yanında ictimai şuralar yaradılır. Bu şuralarda əsasən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri təmsil olunurlar. Bu, çox yaxşı örnəkdir və bunu daha da genişləndirməyə ehtiyac var” – deyə hüquqşünas bildirib.

Nuriyevin sözlərinə görə, korrupsioner məmurlara qarşı hüquqi müstəvidə də mübarizə aparılmalıdır: “Hüquq-mühafizə orqanları, yuxarı instansiyalar, məhkəmələr vətəndaşlardan məmur özbaşınalıqları ilə bağlı daxil olan müraciətlərə operativ reaksiya verməlidirlər. Eyni zamanda dövlət qurumları ictimai əlaqələr sistemini gücləndirməli, ictimaiyyətlə faydalı və qarşılıqlı əlaqələr mexanizmini ən yüksək səviyyəyə çatdırmalıdır. Belə olarsa, bu kimi neqativ halların qarşısını almaq mümkün olacaq. Lakin nəzərə almaq lazımdır ki, bunun üçün zamana ehtiyac var və inanıram ki, Prezidentin də qeyd etdiyi kimi, 2022-ci ildə bu sahədə köklü dəyişikliklərə gətirib çıxaracaq addımlara şahid olacağıq”.

İqtisadçı ekspert Xalid Kərimli də AYNA-ya şərhində söyləyib ki, korrupsiya ilə mübarizə tədbirləri bütün dövlətlərin qarşısında duran əsas vəzifələrdən biridir: “Mübarizə tədbirləri sırasında texnoloji imkanların verdiyi üstünlüklərdən yararlanaraq elektron hökumətin arealının genişləndirilməsi, bununla da dövlət qurumları ilə vətəndaşlar arasında təmasların minimuma endirilməsi, dövlət məmurlarının dolayı şəkildə də olsa, bizneslə məşğul olmasını əngəlləyən mexanizmlərinin yaradılması, məmurların gəlir deklarasiyasına cəlbi, onların məvaciblərinin bazar tələblərinə uyğunlaşdırılması, cəza mexanizmlərinin artırılması, məmurlara arxalanan və cinayət törədən şəxslərin bütün qeyri-rəsmi güzəştlərdən məhrum edilməsi xüsusi yer tutur. Bütün bu addımlar paralel şəkildə aparılarsa, o halda məmur özbaşınalığı hallarının qarşısını əhəmiyyətli dərəcədə almaq mümkündür”.

Müsahibimiz dövlət tənzimləmələrinin minimuma endirilməsini də vacib istiqamətlərdən biri hesab edir: “Dövlətin mülkiyyətində olan əmlakların özəlləşdirilməyə çıxarılmasına, müstəqil sahibkarların istifadəsinə verilməsinə ciddi ehtiyac var. Bir müddət öncə Azərbaycan İnvestisiya Holdinqi yaradılarkən bəyan edildi ki, bu qurumun qarşısında duran əsas vəzifələrdən biri bununla bağlıdır. Nəzərə almaq lazımdır ki, məmur oliqarxiyasını “çiçəkləndirən” faktorlardan biri də dövlət mülkiyyəti ilə bağlı olan məsələlərdir. Mütləqdir ki, bu qurumlar özəlləşdirməyə çıxarılsın”.

“Şəffaflığın və hesabatlılığın təmin olunması, tenderlər və dövlət satınalamları zamanı baş verən neqativ halların aradan qaldırılması da vacib məqamlardır. Bu halda hər kəs biləcək ki, ölkədə neqativ hallara və məmur özbaşınalığına qarşı sistemli mübarizə aparılır və əyintiyə yol verən məmurlar cəzalandırılacaq. Bundan sonra əyri yollara üz tutan məmurlar geri çəkiləcəklər. Biz isə bəzən nəyin şahidi oluruq? Korrupsiyaya yol verən məmurlar daha yüksək vəzifələrə təyin olunur və bu da öz növbəsində onlarda qeyri-şəffaf fəaliyyətə olan marağı daha da artırır”, – deyə Kərimli fikrini tamamlayıb.

  •  (3)
  •  (0)