O dağı-daşı… hər şeyi insan üçün sevirdi – ALPİNİST QIZIN QISA ÖMRÜNÜN RƏNGARƏNG HEKAYƏSİbackend

O dağı-daşı… hər şeyi insan üçün sevirdi – ALPİNİST QIZIN QISA ÖMRÜNÜN RƏNGARƏNG HEKAYƏSİ

Alpinistlik, dağları öyrənmək deyilmiş, sən demə. Bu məsləyə o kəslər sahiblənir ki, onlar həm də qəlbləri fəth eləməyi bacarırlar. Dağlar o adamlara yol açır, qoynuna alır ki, onlar həm təbiət, həm də insan sevdalısıdırlar. Allahın yaratdığı nə varsa – çiçək-böcək, quş-balıq, lap kol-kos olsun, hər canlını sevməyi, oxşatmağı bacarırlar. ..

Onun ən yaxın dostları küçədə gördüyü kimsəsiz, baxımsız, ac-yalavac uşaqlarıymış. Onların qarnını doyuzdurandan sonra pozitiv, üzündə təbəssümlə bir şəkil də çəkdirib sonra ayrılarmış. Üst-başından iy gəlir deyə çoxlarının ehtiyatla nəzir pulu verib uzaqlaşdığı sahibsiz uşaqların birinin üzündən öpərmiş, birinin başının bitini təmizləyərmiş, bir başqasının kirli paltarını dəyişdirərmiş…

Ağaclarla, çiçəklərlə, hətta suyla da danışarmış. Hamını da inandırımış ki, onlar mən nə dediyimi anlayırlar, nə hiss elədiyimi duyurlar…

Bir sözlə, özünü təbiətdə, təbiəti də özündə axtarırmış Fəridə. Onun haqqında bacısı Vüsaləylə danışdıq. Söhbət boyu balaca bacısı haqda bir dəfə də olsa, “ölüm” sözünü işlətmədi. Fəridədən yenə dağlara, zirvələrə qalxmaq üçün səfərə çıxmış kimi danışdı. Kövrəlmədi, ağlamadı… Görünür, hələ də gözü yollardan yığılmayıb. Gülərüz, göyçək bacısının nə vaxtsa evə qayıdacağına inanır…

“Axırıncı gedişində aldandıq…”

– Fəridə əslində şərqşünas idi. Alpinizmə həvəskar kimi meyl salmışdı. Ətrafında bu sahəyə maraq göstərən çoxlu dostları vardı. O dağçıları görüb onlara qoşulmuşdu. Hər dəfə dağa müəllimləri ilə gedirdi. Amma son dəfə üçlükdə getdilər…

Ayın 20-də həmin uşqalarla mənim yanımda telefonla danışdı. 25-də evə qayıtmalıydılar. Çünki həmin gün onların “İrəli”də təlimi varıydı, Fəridə ora gedəcəkdi. Ona görə bir az qərarsız idi. Mənə dedi, səncə hansına gedim? Daga gedib qayıtsam yorğun olacam, təlimə gedə bilməyəcəm. Tərəddüd eləsə də, yenə dağa getməyə qərar verdi. Dedi, gedib qayıdacam, dincəlib sonra təlimə gedərəm. 23-ü Bakıdan çıxdılar. 24 orda qalacaqdılar, 25-i gözlədik, gəlmədi…

Açığı, ilk günlər narahat olmadıq. Çünki Fəridə birinci dəfə deyildi dağa gedirdi. Onun belə yubanmalarına alışmışdıq. Amma axırıncı gedişində aldandıq. O gedəndə anam evdə yox idi, rayondaydı. Mən yola saldım. Dağda telefon tutmur deyə şübhələnmədim. Fəridə girəvə düşən kimi mənə “feysbuk”dan yazırdı. Bu dəfə ordan da yazmadı. Dedim, yəqin vaxtı olmayıb. 26-sı xəbər aldıq ki, üç alpinist itkin düşüb. Fəridənin dostlarının biri bizə dedi. Onlar da əlaqənin itməsindən şübhələnmişdilər.

Qar uçqunu, güclü külək, yoxsa, naşılıq

– Onların ölümü hələ də çoxlarına müəmmalıdır. Kimi qar uçqunu, kimi başqa səbəb deyir….

– Onlar dağa qalxanda çox güclü külək olub. Deyilənlərə görə, indiyədək Azərbaycanda ikinci dəfəymiş ki, belə sərt külək olurmuş. Deyirlər ki, alpinistlər naşı olduqları üçün başlarına belə bir hadisə gəlib. Halbuki elə deyil. Fəridəgil ən uyğun yerdə çadır qurublarmış. Dağlar arasında ən yaxşı yerdə məskunlaşıblar. Sadəcə, başlarını çadırdan bayıra çıxara bilməyəcək güclü külək olub. Ordan çıxıb harasa getmək mümkünsüzmüş. Bəziləri də deyir ki, heç orda olmayıblar, filan. Bunlar hamısı əsassız söhbətlərdir. Üçü də qar əriyəndən sonra tapıldı. Orda həmin ərəfədə qar çox yüksək həddə olduğu üçün vaxtında tapmaq mümkünsüz olub.

“Axtarışlar peşəkar deyildi”

– Deyilənlərə görə, axtarışlar yubanmasaydı onları xilas eləmək mümkün olardı. O biri alpinistlərin ailələrinin axtarış üçün kömək istəmələri də bu qənaəti yaratdı…

– Mən elə deməzdim. Axtarışlar zamanı Namilin ailəsindən orda heç kim yox idi. Onun bir bacısı və yaşlı anası var. Onlar da gələ bilməyiblər. Axtarışlara Baburun ailəsi, bir də mənim qardaşım qoşulmuşdu. Ona görə də axtarışların zəif getdiyini deyə bilmərəm, sadəcə, axtaranlar bu sahədə təcrübəsiz idilər. Deyim ki, axtarmırdılar, yox. Orda nə qədər alpinist axtarış vaxtı donvurmadan əziyyət çəkdi. Nə qədər könüllü insan zəhmət çəkdi. Könüllülərin arasında dayılarım da ovarıydı. Deyirdilər ki, biz Azərbaycanın çox yerində olmuşuq. Amma Xınalığın camaatı qədər fədakar insanlar heç yanda görməmişik. Kənd hamısı ayaqdaydı, könüllü kömək eləyirdi. Sadəcə, peşəkarlıq az idi deyə, axtarışlar çox vaxt apardı.

“Fəridəni dağlara aparan içindəki sevgiydi”

– Fəridəgil niyə məhz oranı seçmişdilər? Söz-söhbət gəzirdi ki, guya alpinistlərə zirvəyə qalxmaq üçün böyük mükafat vəd olunub…

– Oranı niyə seçdiklərini deyə bilmərəm. Alpinist uşaqların bəzisi deyir, sadəcə, zirvəyə qalxmaq istəyiblər. Bəzisi deyir ora yeni yol tapmaq arzusundaymışlar. Axı, alpinistlərin öz A, B, C yolları olur. Ola bilər, onlar zirvəyə yeni yol kəşf etmək istəyiblər. Suallar çoxdur. Hamısının cavabını özləri ilə apardılar. O ki qaldı nəsə vəd olunmağa, Fəridə indiyədək qalxdığı heç bir zirvə, heç bir yüksəkliyə nəyinsə marağına qalxmayıb. Onu dağlara aparan yalnız içindəki sevgi, təbiətə, zirvələrə bağlılığıydı.

“Əl uzatdığı hər işdə uğur qazanırdı”

– Deyirsiz, Fəridə şərqşünas idi. Şərqşünaslıq və alpinizm tamam fərqli məsləklərdir…

– Hə, Fəridə onları bir araya gətirməyi bacarırdı. O hər ikisinə də vaxt tapırdı. O, tək ərəb dilini yox, başqa bir neçə də dil bilirdi. Həm də mükəmməl danışırdı. Allah ona elə istedad vermişdi ki, nəyə əl atsa, orda uğur qazanırdı. Son zamanlar blogerliyə meyl salmışdı. Xarici ölkələrdəki kimi dünyanın təhlükəli yerlərini gəzib çəkmək istəyirdi. Getdiyi hər yerdən şəkillər gətirirdi. Özü üçün qovluqlar yaradırdı. Bir neçə dil bildiyi üçün getdiyi hər yerdə insanlarla ünsiyyət qura bilirdi. Elə Babur da çox intellektli, ağıllı oğlan idi. 6 dil bilirdi, olduqca məlumatlı, mütaliəni sevən biriydi.

Yəni Fəridəni yaxından tanıyanlar bilir ki, o necə özünü gəlişdirməyi sevən, yorulmadan oxuyan qızıydı. Dostcanlı, insansevən, hər kəsə yaxşılıq etməyə çalışan… Amma bəziləri onu tanımadan yarğıladılar. Biri dedi, dağa oğlanlar gedib, o biri dedi qızın dağın başında nə işi var. Biri atam haqda, biri anam haqda ağlına gələni yazdı. Bizim acımızı düşünmədən, Fəridənin necə insan olduğunu bilmədən şərhlər yazdılar, müzakirə elədilər.

Fəridə üçün qarşısındakının kişi, yaxud qadın olduğunun fərqi yox idi. Onun üçün vacib olan insan olmasıydı. Səmimi, hər kəsə yardım eləməyi sevən.

“Küçə uşaqlarının başından biti təmizləyirdi”

– Hə. Həmin hadisəni eşidib onun dağa getməsinə icazə veməkdə qınayanlar varıydı. Azərbaycanda çox az adam qızının bu məsləyi seçməsinə razılıq verir.

Fəridə fərqli düşüncəli qiz idi. İlk vaxtlar deyilənlər bizə çox ağır gəlirdi. Amma indi əhəmiyyət vermirəm. Fəridə daxilən çox özgür, müstəqil idi. Onu dediyindən kimsə döndərə bilməzdi. Məsələn, mən onun qədər güclü deyiləm. Mənə mənfi rəy deyiləndə tez ruhdan düşürəm. Amma Fəridəyə kiminsə rəyi maraqlı deyildi. Çünki o, nə istədiyini, cəmiyyətə, ətrafına nələr verə biləcəyini çox yaxşı bilirdi. O, dilini inkişaf etdirmək üçün Afrikaya getmişdi. Orda küçədə gördüyü kimsəsiz uşaqlarla dostlaşmışdı. Axtara-axtara ooranın uşaq evinə gedib çıxmışdı. Sahibsiz, atılmış uşaqları yedirməyi, onları əzizləməyi çox sevirdi. Bir dəfə də küçədə tanış olduğu baxımsız uşaqlardan birinin başının bitini təmizləyib. Şəxsən mən olsam qorxardım ki, mənə də düşər, yaxud hansısa xəstəliyə yoluxaram. Amma o, belə şeylər haqda heç fikirləşməzdi. Küçə uşağı ilə tanış olub, şəkil çəkdirib, sonra onun başının bitini təmizləyib.

Bu məsələni oranın yerli telekanallarından biri eşidib süjet də hazırlamışdı. Həmin kanal Fəridəgil itkin düşəndə də xəbər hazırlamışdı.

“Afrikada da uşaq evinə gedib çıxmışdı”

Fəridənin çox sevdiyi o balaca qızın adı Mələkdir. Ona o qədər alışmışdı ki, istəyirdi özü ilə gətirsin. Ordan mənə zəng edəndə dedi ki, bilsəm anam icazə verər, burdan özümlə uşaq gətirərəm.

O qayıdandan sonra anam ondan soruşdu, sən hər şeydən iyrənənsən, yemək yeyəndə belə içərisində nəsə axtarırsan, bəs, o qara adamları necə öpürsən? Fəridə güldü, dedi, axı, siz onları tanımırsız, o qədər gözəldirlər ki… Yəni onlar haqda o qədər ürəklə, sevgiylə danışırdı.. O uşaqların gülüşü onun stimulu, həyat enerjisiydi. /Rəna, Hurriyyet.org

Hokm.az

 

 

  •  (0)
  •  (0)