Xalq artisti Flora Kərimova məmur həbslərindən danışarkən kampaniyaçılığı tənqid edib.
O, Yenisabah.az-a açıqlamasında bildirib ki, həbs edilən məmurların əməlləri barədə illərlə susan səlahiyyətlilər indi hədəfdə olanları asıb-kəsməklə diqqəti özlərindən yayındırmağa çalışırlar.
“Bu işləri indi açan, Prezidentə xəbər verənlərdən soruşmaq istəyirəm ki, indiyə qədər harada idiniz?! Prezident Qarabağla, qaytarılan torpaqlarla məşğuldur. O bir günün içində bu qədər faktı bilə bilməz. Hər şeyi özü etsə, bəs bu nazirlər nəyə lazımdır? İndi bir-birini keçi qiymətinə satanlar, ayağının altını qazanlar bu vaxta kimi nə ilə məşğul olurdular? Birini tutanda onun dalınca qatar gəlir. Yaxşı, bu qatar tutulmaları prokurorluq, polis görmür? Nazirlər illərdir bu halları görmürdülərmi? İllərlə qazanıb-yığırlar, birdən-birə bu kampaniya başlayır, hər şeylərini əllərindən alırlar.
Mən Sovet hakimiyyəti illərində də yaşamışam, həmin vaxt da bu üsul işlənilirdi. Vəzifəli şəxslərə dəymirdilər, etdiklərinə göz yumurdular, illərlə həmin şəxs yığdığı pullara ev, maşın, bağ evləri alırdı. Sonra həmin şəxsi birdən-birə tutub soyurdular. İllərlə yığırlar, elə ki, gördülər yetişib, hər şeyini əlindən alırlar, hələ üstəlik var-yox da gedir”, – deyə xalq artisti vurğulayıb.
Onun fikrincə, bu, heç də müsbət tendensiya deyil: “Mən buna gülmürəm, əksinə bu bəladır. Mən həmin məmurları tutduranlardan danışıram, axı indiyə qədər niyə demirdiniz, harada idiniz? Nə istəyirsiniz? Sən özünü təmiz çıxarmaq istəyirsən? Ad çəkmirəm, amma həmin məmurların arasında hörmət etiyim şəxslər var. Birdən-birə onlar haqqında yazırlar ki, filankəs oğrudur, utanmaz-utanmaz yazırlar. Soruşanda ki, həmin adam neçə ildir işləyir? Deyir 40 ildir. Bəs 40 ildir hara baxırdın? Deməli sən də ona oğurlamaqda kömək etmisən. Birdən-birə nə hikmətdirsə hamı kişiləşir, təmiz adam olur, sözünü üzə deyən olur. Bəsdirin! O qədər yaltaqlığa öyrənmisiniz ki, əl çəkə bilmirsiniz.
Gecə-gündüz gözləyirlər ki, kimisə yıxsınlar, bunlar da atın üstünə oturub çapsınlar. Bunu edən adamları da prokurorluğa çağırmaq lazımdır ki, bunları bilirdinsə niyə dinmirdin, niyə gizlədirdin? Dövlət bankından 100 milyon avronu necə çıxarırlar? Məmur bu qədər pulu çıxarıb cibinə qoyub aparmışdı? Bura ölkədir, yoxsa kolxoz bazarıdır? Bu qədər pulun bank kağızı, sənədləşdirilməsi, qəbzi olmalıdır axı. Deməli həmin məmur vaxtilə bu prosedurları keçib. Bəs görmürdünüz?! Mən bu nakişiliyə əsəbləşirəm.
Vaxtilə dost olduqları adam haqqında yıxılandan sonra ağızlarına gələni danışırlar. O adam illərdir gözünün qabağında alırdı, satırdı, talayırdı, başqalarına göz dağı verirdi. Bu qədər fürsətçi olmaq olmaz. Millət olun, kütlə yox! 3000-ə yaxın adam şəhid oldu, ruhları göydə pərvazlanır, bax, millət onlardır, sizlər yox”.
Flora Kərimovanın sözlərinə görə, kampaniyaçılıq müsbət reputasiyası olan məmurların da hədəfə alınmasına səbəb olur:
“Həmin məmurlar arasında mən şəxsən tanıdığım var idi ki, hamıya kömək edib. Onu da qatdılar bu siyahıya. Onun o qədər düşməni, ifşaçısı var ki, indi əlim üzümdə qalıb. Hara baxırdınız bu günə kimi? Heç olmasa, kişiliyinizə sığışdırıb dinməyin. İndiyə qədər susmuşdunuzsa, bundan belə də susun. Prokurorluq indiyə qədər hara baxırdı? Adı gələndə əlində qələmləri titrəyirdi, heç yazını yaza bilmirdilər. Noldu indi hamınız kişi olmusunuz?
Bilirəm ki, bunları deməklə evimi yıxıram, bilirəm ki, yenə məni efirlərə çıxmağa qoymayacaqlar ki, Flora Kərimova belə deyib. Ancaq bəsdir! Kişi olun! Mənim 80 yaşım var, artıq bu yaltaqlıqdan, ikiüzlülükdən yorulmuşam.
Bəli, mən demişəm ki, Prezidentə canım qurban. Bundan sonra da deyərəm, çünki torpaqlarımı qaytardı, mənim namusumu, şəxsiyyətimi qaytardı, artıq mən azərbaycanlı olmağımdan, qadın olmağımdam utanmıram. Lakin iki il bundan qabaq məni güllə qabağına da qoysaydılar, mən prezidentə bu sözləri deməzdim. Mən heç vaxt yaltaqlıq etmərəm. İndi mənə kimsə “sən yaltaqlıq edirsən” desə, Prezidentin elədiklərini onun gözünə soxardım.
Əgər sən bu addımı görüb qiymətləndirmirsənsə, deməli sən azərbaycanlı deyilsən. Mən indi onun haqqında danışanda gözlərim dolur. Bir ana kimi qorxuram, həmişə deyirəm ki, onu bizə çox görmə”.