“Azərsun Sənaye Parkı”nda baş verən yanğın sosial şəbəklərin Azərbaycan seqmentində geniş müzakirə edilir. Yanğınla bağlı səslənən bir sıra iddialar isə xüsusi ilə diqqət çəkib. Belə ki, yanğının Sumqayıtdan Ukraynaya göndərilən humanitar yardımlardan bir gün sonraya və 28 aprel tarixinə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin sovet qoşunları tərəfindən işğal edildiyi günə təsadüf etməsi yanğının Rusiya təxribatı ola biləcəyi versiyasını aktuallaşdırır.
Maraqlıdır, bu iddiaların doğruluq payı varmı?
Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən politoloq Elxan Şahinoğlu deyib ki, baş verən hadisəni ehtimallar və səslənən iddialar əsasında şərh etmək doğru deyil:
“Yanğının Azərbaycandan Ukraynaya humanitar yardım göndərilən Sumqayıtda baş verməsi və baş verən günün 28 aprel tarixinə təsadüf etməsi şübhəsiz ki, diqqət çəkir. Baş verən yanğının əslində yanğın deyil, Rusiya təxribatı olması iddiası da ağlabatandır. Lakin bütün hallarda istintaq komitəsinin hadisə ilə bağlı araşdırmasının yekununu gözləmək lazımdır. Rəsmi məlumat verilmədən bu istiqamətdə dəqiq nəsə demək mümkün deyil”.