Bir neçə gün əvvəl İstanbuldakı otellərdən birində gənc azərbaycanlı biznesmen Nihat Əliyev faciəli şəkildə ölüb. Bundan dərhal sonra müxalif çevrələr və KİV-lər gəncin faciəli ölümü ətrafında spekulyasiya və manipulyasiya başlatdılar. Sosial şəbəkələrdə isə həmin hadisəyə aidiyyatı olmayan videogörüntülər yayıldı.
Hokm.az Virtualaz.org-a istinadən bildirir ki, hadisənin təfərrüatlarını öyrənmək üçün haqqin.az İstanbul polisinə müraciət edib. Polisdən bildiriblər ki, hadisə silahla ehtiyatsız davranış nəticəsində baş verib. Belə ki, silahı təmizləyərkən təsadüfi atəş açılıb və gənci ölümcül yaralayıb.
Bu faciəli insidentin bütün şahidləri dindirilib. Onların ifadələrinə və həyata keçirilmiş istintaq tədbirlərinə əsasən biznesmenin öldüyü otel nömrəsində narkotik maddə aşkarlanmayıb. İstanbul polisindən əlavə ediblər ki, məhkəmə-tibbi ekspertizası həlak olan biznesmenin qanında narkotik maddənin izlərini aşkarlamayıb. Şahidlər də bildiriblər ki, onlar Nihat Əliyevin silahından açılan təsadüfi atəşin şahidi olublar.
İstanbul polisindən onu da bildiriblər ki, Nihat Əliyev yaralı halda xəstəxanaya aparılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Polis faciəyə səbəb olan silahın mərhum biznesmenə məxsus olduğunu təsdiqləyib, onun silahı gəzdirmək üçün qanuni icazəsi də olub.
KİV-lər onu da iddia edirdilər ki, həlak olan Nihat Əliyev SOCAR-da yüksək vəzifə tutur. Lakin SOCAR-dan haqqin.az-a bildiriblər ki, Nihat Əliyev heç vaxt bu şirkətdə işləməyib. Bu informasiyanı mərhumun ailə üzvləri də təsdiqləyiblər.
Bununla belə bəzi müxalif KİV-lər daha da irəli gedərək gəncin faciəli ölümünü internetin türk seqmentində yayılmış məlum videokadrlarla əlaqələndirməyə başlayıblar. İstanbul polisindən isə bildiriblər ki, əslində həmin videokadrlar İstanbulun Şişli rayonunda baş vermiş digər faciəli hadisəyə aiddir. İstintaq müəyyən edib ki, Şişlidəki otellərdən birində meyiti tapılan kişi və qadın 42 yaşlı Hiranur Korkmaz və 38 yaşlı Mehmet Osman Gürlekdir. Həmin otaqda narkotik maddə də tapılıb.
Həlak olan azərbaycanlı biznesmenin fotosu ilə həmin videoda görünən şəxsi müqayisə etmək kifayətdir ki, müəyyən qüvvələrin yaydığı yalan və təxribatın miqyasını təsəvvür edəsən. Haqqin.az redaksiyası Nihat Əliyevin ailəsinə övladlarının ölümü ilə bağlı başsağlığı verib və bəzi qüvvələrin gəncin ölümü ətrafında qurduğu çirkin kampaniyanı şərh etməyi xahiş edib.
“Bu dəhşətlidir ki, hansısa adamlar insanların faciəsi üzərində çirkli oyunlar qururlar. Biz övladımızı itirmişik. Bu dəhşətli faciədir və Allah heç kimə göstərməsin. Oğlumuzun xatirəsinə hörmətlə yanaşmağa və onun ölümü ətrafında bu çirkin oyunları dayandırmağa çağırırıq”,-Əliyevlər ailəsindən bildiriblər.