“Nazirliyə dəfələrlə təkliflər verilib, ancaq islahatlar aparılmır…”backend

“Nazirliyə dəfələrlə təkliflər verilib, ancaq islahatlar aparılmır…”

Azərbaycanda mədəniyyət sahəsində çalışanların əsas problemlərindən biri qonorar və maaşların az olmasıdır. Müəlliflərə, yaradıcı heyətə və ifaçılara ödənilən qonorarın minimum məbləği sonuncu dəfə 2006-cı ildə təsdiqlənib və indiyə qədər dəyişdirilməyib. Halbuki son 19 ildə ölkənin iqtisadi vəziyyəti, inflyasiya səviyyəsi və həyat şərtləri xeyli dəyişib.

Mədəniyyət sahəsində çalışanlar bildirirlər ki, mövcud qonorar məbləği onların ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Bəstəkarlar, yazıçılar, şairlər, teatr və kino sənayesində fəaliyyət göstərən yaradıcı insanlar sifarişçilər tərəfindən çox az məbləğdə ödəniş aldıqlarını vurğulayırlar. Bu isə onların işə marağını azaldır və sahənin inkişafına mane olur.

İfaçılar da eyni problemlə üzləşir. Konsert proqramları, teatr tamaşaları və digər mədəni tədbirlər üçün ayrılan vəsaitlər kifayət qədər deyil. Bu səbəbdən bir çox sənətçi əlavə qazanc mənbəyi axtarmağa məcbur olur. Həmçinin mədəniyyət adamları ortaya keyfiyyətli iş çıxarmamasının səbəbini də vəsaitin az olmasında görürlər.

Mədəniyyət məsələləri üzrə ekspert Fikrin Bektaşi  açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, qonorar yalnız yaradıcı şəxslərin əsərlərindən istifadəyə görə ödənilən haqqdır: “Yəni mədəniyyət işçisi (misal üçün yardımçı və texniki heyət, təşkilatçılar və s.) haqq almaya da bilər. Ümumilikdə, mədəniyyət sahəsindəki məvaciblər az ola bilər. Buna da səbəb mədəni məhsulların və xidmətlərin büdcələrinin aşağı olmasıdır və bu məqsədlə ayrılan vəsaitlərin də az olmasıdır”.

Ekspert qeyd edib ki, yaxşı musiqi, yaxşı şeir və filmlərə, rəqabətədavamlı, ixrac oluna biləndir:

“Buna da bir neçə səbəb vardır. Birincisi, təhsil məsələsidir – yardıcı şəxslər həm fundamental biliklərə malik olmalıdırlar, digər tərəfdən isə bacarıqların məhdud olması, yəni yaradıcı şəxslər həm də müasir texnika və texnoloji həllərlə işləməyi bacarmalıdırlar, daim dünya sənaye nümunələri ilə tanış olmalıdırlar, trendləri bilməli və onları təhlil etməlidirlər.  Digər tərəfdən isə, bir çox bəstəkarın yaratdıqları əsərlər çox maraqlı və rəqabətədavamlı olsa belə, dünya bazarına çıxması yoxdur, tanıtımı və satışı 0-a bərabərdir. Müsahib vurğulayıb ki, burada əsas məsələ, prodüser yanaşmalarının olmamasıdır, beynəlxalq əməkdaşlığın və birgə istehsalın olmamasıdır. Bütün bunların həlli yolları ilə bağlı, Mədəniyyət Nazirliyinə dəfələrlə təkliflər verilib, çox təəssüf ki, bu sahədə islahatlar hələ də aparılmır, mədəniyyətimiz və cəmiyyətimiz isə dominant mədəniyyətin təsiri altında inkişaf edə bilmir”.

  •  (0)
  •  (0)