Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının dəyişdirilməsinə hazırlıq gedir. Fevralın 20-də Ali Məclisin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub.
Rəsmi açıqlamada bildirilir ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin edilməsini zəruri edib. Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur.
Mövcud qanunvericiliyə əsasən, Naxçıvan Konstitusiyasına edilən dəyişikliklər iki mərhələdə səsverməyə çıxarılır. İkinci səsvermə birinci səsvermədən üç ay sonra baş tutur. Bundan sonra dəyişikliklər Azərbaycan Respublikasının Milli Məclisinə göndərilərək təsdiq edilməlidir.
Beləliklə, təxminən 3 ay sonra Naxçıvanda artır yeni idartməni modelinin tətbiqi rəsmiləşdiriləcək.
Dəyişikliklərin əsas məzunu dəqiq məlum olmasa da, 2022-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun konstitusiyada təsbit olunacağı gözlənilir.
Qeyd edək ki, səlahiyyətli nümayəndə ilk növbədə yerli icra hakimiyyəti orqanlarının fəaliyyətini əlaqələndirir və onların işinə nəzarət edir. Eyni zamanda, nümayəndə muxtar respublikanın sosial-iqtisadi inkişafını təmin etmək üçün yerli icra hakimiyyəti orqanları ilə digər dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti təşkil edir. Prezidentin Naxçıvandakı nümayəndəsi ictimai, sosial və iqtisadi vəziyyət barədə mütəmadi olaraq dövlət başçısına hesabatlar təqdim edir.
İndi isə bu prosesin hüquqi əsaslarını gücləndirmək üçün Konstitusiya səviyyəsində dəyişikliklər nəzərdən keçirilir.
Həmçinin, Naxçıvan Ali Məclisinin, Baş nazirin, nazirliklərin səlahiyyətlərində də dəyişiklik istinad edilmir.
Naxçıvan Ali Məclisinin sədri həm qanunvericilik, həm də icra hakimiyyətini səlahiyyətlərinə malikdir. Bu məsələ ilə bağlı da dəyişikliklər edilə bilər.
Bəzi ekspertlər hesab edirlər ki, Naxçıvan Konstitusiyasına edilən dəyişikliklər gələcəkdə Azərbaycan Respublikasının Konstitusiyasına da təsir edə bilər.
Hokm.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az–a danışan Milli Məclisin Naxçıvandan seçilən deputatı Vüqar Rəhimzadə bildirib ki, Naxçıvanda yeni idarəçilik qaydalarının yaradılması Muxtar Respublikanın Konstitusiyasında dəyişikliklər edilməsi zərurəti yaradıb:
“Tarixi Zəfərimizdən sonra ölkəmizin həyatında yeni mərhələ başlayıb. Bu gün Azərbaycanın hər bir bölgəsi kimi, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da özünün inkişaf, tərəqqi dövrünü yaşayır. Ümummilli Liderin fəaliyyətinin Naxçıvan mərhələsində bütün regionların, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulub. 2003-cü ildən Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamı digər sahələrlə yanaşı, bölgələrimizin inkişafına göstərilən diqqətdə də özünün aydın ifadəsini tapır. Bu gün azad edilmiş torpaqlarda, eləcə də Naxçıvan Muxtar Respublikasında müasir idarəçilik sisteminin – Prezidentin xüsusi nümayəndəliyinin yaradılması həm idarəçilik sistemində təkmilləşməni, həm də görülən işlərin planlı şəkildə həyata keçirilməsinə nəzarəti təmin edir. Naxçıvanda yeni idarəçilik qaydalarının yaradılması Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi zərurəti yaradıb.
Hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. “Konstitusiya və Suverenlik İli”ində həyata keçirilən bu islahat ölkəmizin ayrlmaz parçası olan Naxçıvanın daha da inkişafına xidmət edəcək”.
Vüqar Rəhimzadə vurğulayıb ki, zərurət yaranarsa, Azərbaycan konstitusiyasında da dəyişikliklər edilə bilər:
“Bu günədək Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi üçün üç dəfə ümumxalq səsverməsi keçirilib. İnsan hüquqlarının qorunmasına və yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə, idarəçilik sistemində təkmilləşməyə xidmət edən həmin əlavə və dəyişikliklər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı. Ölkəmizdə vitse-prezidentlik institutunun yaradılması, Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və sair kimi mühüm addımlar həmin əlavə və dəyişikliklərin tərkib hissəsidir. Qeyd etdiyimiz kimi, artıq tarixi Zəfərə imza atmaqla, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə ölkəmiz yeni dövrə qədəm qoyub. Yeni dövrün yeni hədəfləri Konstitusiyamızda da yeniliyin, təkmilləşmənin aparılmasını tələbə çevirdiyi təqdirdə Ali Qanunumuzda əlavə və dəyişiklik edilə bilər. “Konstitusiya və Suverenlik İli” ilə bağlı 18 istiqaməti özündə ehtiva edən Tədbirlər Planı təsdiqlənib. Tədbirlər Planından irəli gələn vəzifələrin uğurlu icrası qalib, bütövləşən, yeni Azərbaycanın tarixini uğur səhifələri ilə zəngiləşdirəcək”.