Naqif Həmzəyev: Dünyanın ən böyük çinar meşəsi ermənilər tərəfindən dağıdılırbackend

Naqif Həmzəyev: Dünyanın ən böyük çinar meşəsi ermənilər tərəfindən dağıdılır

Xan çinarı ilə xatirə şəkli…

Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bir neçə gün əvvəl, Gəncəyə səfər çərçivəsində karvansara həyətindəki 300 illik çinarla maraqlı fotosu bizim də diqqətimizi çəkdi.

Təsadüfü çəkilən şəkil rəmzi məna daşıyırdı. Axı Gəncə həm də çinarlar şəhəri kimi tanınır. Ümumiyyətlə, təbiət abidəsi hesab edilən çinarın tək Gəncə ilə yox, digər bölgələrimiz ilə də əlaqəsi var. Həm də birbaşa. Bu barədə bir qədər sonra. Hələlik isə Gəncə çinarlarına nəzər salaq.

Rizvan Quliyev – MKTİB-in Yaşıllaşdırma şöbəsinin aqronomu: “Gəncədə 150 yaşı olan 200-ə qədər çinar ağacı məlumdur və onlar pasportlaşdırılıb. 100 yaşa qədər isə 300-dən çox çinar ağacı məlumdur Gəncədə. 300-400 yaş arası 4 ədəd və 600 yaşında olan 5 ədəd Çinar ağacı Gəncə şəhərində qeydə alınıb. Bu 600 yaşlı çinar ağacları Şah Abbas məscidinin həyətində, Gəncəvi küçəsində və Totanlı ərazisindədir”.

Gəncəbasarda ən qocaman çinar el arasında Dül-dül çinarı kimi tanınan ağacdır ki, onun da 1700-ə yaxın yaşı var. Gəncə Böyük İpək yolunun üzərində yerləşir və tarixən burada gecələməli olan qonaqlar, tacirlər oz ölkəsindən gətirdiyi bir çinarı əkməklə şəhər karvansaralarında ödənşsiz qala biliblər. Qədim Gəncədə bu ağaclar xanın şərəfinə Xan çinar adını alıb. Onlardan 10-a yaxını hələ sovet dövründə qanunlar toplusu kitabında yer alıb.

Rizvan Quliyev – MKTİB-in Yaşıllaşdırma şöbəsinin aqronomu: “Təxminən 400-ə yaxın Çinar ağacının pasportu var. Hazırda qərarlaşdırmışıq ki, yenidən bu say nəzərdən keçirilsin, yenidən monitorinq aparaq və sayı dəqiqləşdirək”.

Dünyada çinar ağaclarının 8 növü var. Onlardan ən məşhuru Türkiyə, Azərbaycan və Aralıq dənizi sahilində yabanı halda bitən Şərq çinarıdır. Yabanı çinar meşəsi dünyada nadir təbiət incisi hesab edilir. Azərbaycanın gözəl guşələrindən olan Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi isə dünyada ən böyük çinar meşəsidir. Qoruqda yaşı 1200-1500 il, hündürlüyü 50 m-dən çox və diametri 4 m qədər olan çinarlara da rast gəlmək olar. Əlbəttə ki, düşmən aman versə.

Naqif Həmzəyev, millət vəkili: “Çox təəssüflər olsun ki, bu gün o ərazilər işğal altındadır, qorunmur. Bildiyniz kimi qoruqların qorunması YUNESKO tərəfindən həyata keçirilir. 1972-ci ildə 164 ölkənin dəstəyilə Paris Konvensiyası qəbul edilib. 1993-cü ildə Azərbaycan Milli Məclisi bu Konvensiyanı ratifikasiya edib. Ancaq təəssüflər olsun ki, bəşəriyyətə məxsus olan bu qoruq, ekologiya üçün vacib olan nadir çinar ağacları ermənilər tərəfindən dağıdılır və orada hansısa qoruma prosesinin həyata keçirildiyindən danışa bilmirik. Məhz 1974-cü ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə yaradılan Bəsitçay qoruğu bu gün qorunmur. Beynəlxalq təşkilatlar bu məsələyə də təəssüflər olsun ki, ikili standartlarla yanaşırlar”.

Artıq hektarlarla çinar meşəsi ermənilər tərəfindən vəhşicəsinə qırılıb, tarixin şahidləri yox edilib. Necə deyərlər, pis günün ömrü az olar. Azğın, mənfur düşmən nə qədər ağacı qırsa belə, bu ağacların, onların sahiblərinin kökləri çox dərin qatlara gedir. Bəd əməllər törədənlər gec-tez cəzalarına çatacaqlar.

Nadir və nəsli kəsilməkdə olan bitki kimi çinar ağacları Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilib. Bu ağacların bu və digər yolla artması dünyada həm meşəçilik, nəbatat elmləri, həm də atmosfer havası üçün böyük əhəmiyyətə malikdir.

Son illər ölkəmizdə İDEA İctimai Birliyinin təşəbbüsü ilə müxtəlif ümumrespublika yaşıllıq aksiyaları keçirilir. Bu işlər çərçivəsində gənc çinar ağacları ildən ilə artmaqdadır. Yeni salınan parklar və yaşıllıq zonalarında da çinar ağaclarına üstünlük verilir. Ölkəmizdə Xan çinarının sayı, kökü və kölgəsi genişləndirilir

  •  (3)
  •  (4)