Mütəxəssis Britaniya ştammı haqqında HƏR ŞEYİ AÇDI: Ölümcüllük dərəcəsi…backend

Mütəxəssis Britaniya ştammı haqqında HƏR ŞEYİ AÇDI: Ölümcüllük dərəcəsi…

Dünyanın 110 ölkəsində COVID-19-un mutasiyaya uğrayan yeni ştammı (501Y.V1, B.1.1.7) aşkar edilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, artıq bir neçə halda Azərbaycanda da Britaniya ştammı təsdiqlənib.

Bəs Britaniya ştammı haqqında nə bilirik və ona qarşı necə davranmalıyıq?

Pulmonoloq, allerqoloq Ramin Nəriman bu istiqamətdə Publika.az-ın suallarını cavablandırıb.

– Ölkəmizdə koronavirusun Britaniya ştammına aid nümunələr tapılıb. Bu mutant növün hansı təhlükələrindən xəbərdarıq?

– Britaniya ştammı kəşf olunan ilk dövrlərdə belə bir fikir irəli sürüldü ki, bu mutant versiyanın yoluxuculuq qabiliyyəti koronavirusun digər mutant versiyalarına nisbətən 7-8 dəfə çoxdur, amma letallıq, yəni ölümcüllük dərəcəsi nisbətən zəifdir. Amma sonrakı tədqiqatlarda bunun əksi təsdiq olundu. Britaniya və Danimarkada aparılmış tədqiqatlarda sübut edildi ki, bu ştammın həm yayılma sürəti çoxdur, həm də ölümcüllük dərəcəsi digər ştammlarla müqayisədə 65-70% yüksəkdir. Bu isə o deməkdir ki, xəstəlik sürətlə yayılacaq. Bu da xəstəxanaların sürətlə dolmasına, COVID-19 xəstələrinin tibbi müayinə və müalicələrdən kənarda qalmasına və beləliklə, ölüm hallarının artmasına səbəb olacaq.

– Bu ştammın yayılmasına qarşı hansı tədbirlər görülməlidir?

– Britaniya ştammının koronavirusun digər növlərindən fərqli qorunma qaydası yoxdur. Koronavirusun digər növlərindən qorunma qaydaları eynilə Britaniya ştammında da keçərlidir. Yəni bunun qarşısını almaq üçün hər hansı məxsusi profilaktik tədbir yoxdur.

– İstirahət günlərində kütləviliyin qarşısının alınması üçün ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasını, sms icazə kimi tədbirlərin görülməsini nə dərəcədə təsirli hesab edirsiniz?

– Əslində, karantin infeksiyanın yayılmasının qarşısını almaq üçün deyil, onun yayılma sürətini zəiflətmək üçündür. Bütün tədbirlərin nəticəsi olaraq gördük ki, xəstəlik öz gedişində davam edir və xəstəxanalarda çarpayıların doluluq səviyyəsi dəyişmir.

Digər tərəfdən, karantin birtərəfli qaydada tətbiq olunur. Yəni qaydalar qüvvəyə minir, amma müəyyən nüanslar nəzərə alınmır. Məsələn, ictimai nəqliyyatda sərnişin sıxlığının qarşısını almaq üçün heç bir tədbir görülmür. Xətlərdəki avtobusların sayı artırılmır. Buna görə də ictimai nəqliyyatda sıxlıq yaranır və digər karantin qaydalarının əleyhinə işləyir. Xəstəliyin sürətlə yayılmasına səbəb olur. Bu xəstəlik dalğavari şəkildə gedir, həyat tərzimizə çevrilməyə başlayır. Ola bilsin ki, pandemiya illərlə davam etdi. Amma cəmiyyət illərlə karantin qaydaları altında yaşaya bilməz.

– Pandemiya kütləvi peyvəndləmədən sonra sovuşacaqmı?

– İstənilən infeksion xəstəliklə mübarizədə ən yaxşı profilaktik vasitə vaksindir. Amma vaksinlər tətbiq olunandan dərhal sonra qoruyuculuq qabiliyyəti əldə olunmur. Məsələn, koronavirusa qarşı vaksinasiyadan sonrakı 6-8 həftə müddətində immunitet formalaşır. Həmin müddətdə bəzi insanların vaksinasiyadan keçməsinə baxmayaraq, virusa yoluxması və xəstələnməsi qeydə alınır. Bu da COVID-19-a qarşı vaksinasiyaya müəyyən dərəcədə inamı azaldır. İnsanlar dərk etməlidir ki, vaksindən dərhal sonra yox, müəyyən müddət sonra qoruyuculuq qabiliyyəti yaranır. Bu səbəbdən vaksinasiyadan sonrakı müddətdə qorunma qaydalarına riayət olunması və vaksinasiya prosesinin sürətləndirilməsi nəticəsində gələcəkdə pandemiyanın sürətinin azalmasını gözləmək olar.

– Hansı müddətə qədər məhdudiyyət çərçivəsində yaşayacağımızı proqnozlaşdırırsınız?

– Bu günə qədər 120 milyondan çox insan koronavirus xəstəliyinə tutulub. Dünya əhalisinin sayı 7 milyard civarındadır. 120 milyon 7 milyardın heç 2 faizini təşkil etmir. 3 aya yaxındır ki, dünyada vaksinasiya prosesi gedir və dünya miqyasında 400 milyona yaxın insan vaksinasiyaya cəlb olunub. Bu da dünya əhalisinin sayı ilə müqayisədə 5 faizə yaxındır. Bu 1 il müddətində dünya əhalisinin 2 faizə yaxınının virusa yoluxduğunu nəzərə alsaq, COVID-19 infeksiyasının uzun müddət davam edəcəyini düşünmək olar. Doğrudur, vaksinasiya infeksiyanın sürətini müəyyən dərəcədə azaltmağa kömək edəcək, amma yenə də xəstəliyin uzun müddət gedəcəyini proqnozlaşdıra bilərik.

  •  (0)
  •  (0)