İş həyatında bir çoxlarının düşüncələrindən biri də budur ki, mükəməlliyətçi olsalar, daha çox uğur qazanacaqlar. Beləliklə, mükəmməliyyətçi insanlar özlərinə və başqalarına qarşı daha yüksək standartlar qoyur, hər şeyi səhvsiz və ən yaxşı şəkildə etməyə çalışırlar. Lakin maraqlıdır, mükəmməliyyətçilik iş həyatımıza necə təsir edir? Həqiqətən də mükəmməlliyətçi insanlar iş həyatında uğurlu olurlar?
Hokm.az Valyuta.az-a istinadən mükəmməlliyətçiliklə bağlı yazını təqdim edir.
Mükəmməlliyyətçi insanlar işlərini mümkün halda yaxşı görməyə çalışır, hər detala diqqət yetirirlər.Təbii ki, bu vəziyyət bəzi sahələr üçün olduqca vacibdir. Məsələn, mühəndis və dizayn etdiyi məhsulda ən xırda detalların belə düzgün işləməsinə diqqət yetirirsə, bu, onun mükəmməliyyətçiliyindən irəli gəlir və nəticədə ortaya yüksək keyfiyyətli iş çıxır. Bundan əlavə, həkim peşəsini nümunə götürsək, mükəmməlliyyətçi olmaq həkim üçün vacibdir. Çünki onlar birbaşa insan həyatına təsir edir və səhv etmək kimi şansları olmur. Bu kimi hallarda mükəmməllliyyətçi olmaq ortaya yüksək keyfiyyətli işlər çıxarır.
“Mükəmməliyyətçilərin öyrənmə və inkişaf etmə istəyi fərqli olur”
Mükəmməliyyətçi insanlar daim öz üzərlərində işləməyə meyilli olurlar. Onlar yeni biliklər əldə etməyə, bacarıqlarını inkişaf etdirməyə və işlərini daha yaxşı yerinə yetirməyə çalışırlar. Bu xüsusiyyət onların peşəkar inkişafına böyük töhfə verir və onları sahələrinin ən yaxşı mütəxəssislərindən birinə çevirə bilir. Onlar qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün var gücləri ilə çalışır, uğur qazanmaq və öz standartlarını yüksəltmək üçün heç bir maneənin qarşısında dayanmaq istəmirlər. Bu xüsusiyyət onların motivasiyasını artırır və yüksək performans göstərmələrinə kömək edir.
“Mükəmməliyyətçilik enerjinizi bitirə bilər”
Bəli, mükəmməliyyətçilik bizim bildiyimiz qədər mükəmməl nə isə deyil, zərərlərini də bilməyi vacib hesab edirik. Mükəmməliyyətçi insanların daim hər şeyi ən yaxşı şəkildə yerinə yetirmək istəməsi onlarda güclü stress və təzyiq yarada bilər. Onlar çox vaxt özlərindən həddən artıq çox şey gözləyirlər və bu da onların psixoloji rahatlığına mənfi təsir göstərə bilər. İstədikləri nə isə olmadıqda özlərini günahkar hesab edir və bacarıqsız olduğuna inanırlar və bu da onların motivasiyasını aşağı sala bilir. Bu insanlar işlərini bitirmədən əvvəl hər şeyi mükəmməl etmək üçün çox vaxt sərf edir. Belə olduqda işlər ləngiyir, bu da həm komandanın, həm də şirkətin fəaliyyətinə mənfi təsir göstərir. Amma bu hal insanın enerjisini öldürür, fiziki və psixoloji yorğunluq yaradır, hətta tükənmişlik sindromuna gətirib çıxarır.
“Mükəmməliyyətçilər risk almaqdan qaçırlar”
Mükəmməliyyətçi insanlar çox vaxt risk almaqdan çəkinirlər, çünki onlar üçün iş heç bir səhv olunmadan həyata keçirilməlidir, onlar işdə səhv etmə riskini gözə ala bilməzlər. Bu isə onların yeni imkanları dəyərləndirməkdən çəkinməsinə, yaradıcı yanaşmadan uzaq olmasına və yeni layihələrə ehtiyatla yanaşmasına səbəb ola bilər. Onlar daim “daha yaxşısını edə bilərəmmi?” sualını özlərinə verdikləri üçün qərar verməkdə çətinlik çəkirlər. Eyni zamanda mükəmməliyyətçi insanlar başqalarının rəyinə həddindən artıq önəm verirlər. Onlar özlərini daim ən yaxşı şəkildə göstərməyə çalışdıqları üçün tənqidləri qəbul etməkdə çətinlik çəkirlər.
“Mükəmməliyyətçilikdən necə uzaq olaq?”
Mükəmməliyyətçiliyin mənfi təsirlərini azaltmaq üçün insan realistik gözləntilər qoymalı, prioritetlərini düzgün müəyyənləşdirməli və nəticədən daha çox prosesə fokuslanmalıdır. Həmçinin, işləri vaxtında və səmərəli şəkildə başa çatdırmaq üçün “yetərincə yaxşı” prinsipini qəbul etmək faydalı ola bilər. Mükəmməllik uğrunda daim çalışmaq gözəldir, amma bu proses insanın həm iş, həm də şəxsi həyatına zərər verməməlidir.
Sərvanə Rəmixanova