“Torpaqlarımıza soxulan istənilən düşmənə qarşı vuruşmağa hazırıq”.
Bunu Oxu.Az-a əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Ruslan Aqasanov bildirib.
Onun sözlərinə görə, dünən gördüklərindən dəhşətə gələrək könüllü olaraq özünümüdafiə batalyonuna yazılıb:
“Mən Hostomel şəhərindənəm. Dünən Rusiya hərbi helikopterləri bizim şəhərə hücum etdilər, aerodromu bombaladılar, sonra isə desant buraxdılar. Buna dözmək mümkün deyildi. Könüllü olaraq orduya yazıldım”.
R.Aqasanov Böyük Vətən Müharibəsi ilə paralellər apararaq Kiyevi sona qədər müdafiə edəcəklərini bildirib.
“İşğalçıların məqsədi Kiyevi tutmaqdır. 41-ci ildə də belə oldu. Mənim babam Kiyev ətrafında faşist qoşunlarına qarşı vuruşub və qəhrəmancasına həlak olub. Digər babam isə sovet lagerlərində zülm verilərək qətlə yetirilib. İndi faşistlərə qarşı vuruşmaq bizim borcumuzdu”, – deyə R.Aqasanov qeyd edir.
O qeyd edib ki, Ukraynada xırda bizneslə və ictimai fəaliyyətlə məşğul olub:
“Biz apreldə Böyük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirməyə hazırlaşırdıq. İndi bu mümkünsüz görünür…
Rusiya KİV-ləri bizi “nasist” adlandırırlar. Ancaq bu həqiqətdən çox uzaqdır. Biz sadəcə öz evlərimizi müdafiə edirik və bunda da israrlıyıq”.