“Rusiya-Ukrayna müharibəsinin Xəzər dənizi regionuna keçmək ehtimalı getdikcə daha da artır”.
Bunu gundem.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib. Ekspert Rusiyanın Xəzər istiqamətindən raketləri işə saldığına diqqət çəkib:
“Ukrayna Hərbi Hava Qüvvələri mətbuat xidmətindən verilən son məlumata görə, may ayının 3-ü, axşam saatlarında Rusiya hərbçiləri Ukraynanın müxtəlif bölgələrinə -Dnepropetrovsk, Kirovqrad, Lvov, Zakarpatye, Kiyev regionundakı infrastrukturlara 20 raket atıblar. Bu raketlərin çox hissəsi Rusiyanın Xəzər dənizi regionunda yerləşdirdiyi TU-95, TU-160 kimi strateji bombardmançı təyyarələrdən atılıb. Bu raketlərdən 18-ni zərərsizləşdirmək mümkün olmayıb.
Ukrayna Hərbi Hava Qüvvələri və Quru Qoşunları tərəfindən 8 qanadlı raket zərərsizləşdirilib. Eyni zamanda 7 pilotsuz aparatın vurulması təsdiqlənib.
Rus hərbçiləri artıq Ukraynanın nəzarət etdiyi hava məkanın helikopter və qırıcı-bombardımançı təyyarələrlə müdaxilə etməkdən çəkinərək uzaq məsafədən və müxtəlif tipli raketlərlə Ukrayna ərazisini atəşə tuturlar. Məsafə uzaqlaşdıqca təbii ki, hədəfdən yayınmaq ehtimalı artır. Ona görə də Rusiya tərəfi son günlər Ukrayna ərazisindəki hərbi obyektləri deyil, mülki müəssisələri, yaşayış məntəqələrini daha çox dağıdır”.
Politoloq Rusiyanın döyüş əmsalının aşağı düşəcəyini də qeyd edib:
“Döyüşlərin bu şəkildə davam etdirilməsi Rusiya Ordusunun faydalı döyüş əmsalının aşağı düşməsi ilə nəticələnəcək. Bu, həm də milyonlarla dollar qiymətində olan ballistik raketlərin boş yerə istifadəsi ilə nəticələnəcək.
Digər tərəfdən, Ukraynanın daha müasir raketdənmüdafiə sistemləri əldə etməsi, heç şübhəsiz Rusiyanın Qara dənizdəki hərbi obyektlərini vurulduğu kimi, Xəzər dənizi regionundakı raket qurğularının da hədəf alınması ilə nəticələnəcək. Bu, Rusiya-Ukrayna arasındakı döyüş arealının genişlənməsi ilə bərabər, Xəzəryanı ölkələr üçün də ciddi təhlükə yaradacaq. Bu ölkələr indidən, təhlükə reallaşmadan Rusiyanı Xəzər hövzəsinin silahsızlaşdırılması barədə götürdüyü öhdəliyə riayət etməyə çağırsalar, daha yaxşı olardı”.