Mübariz Mənsimova qarşı FETÖ sabotajı – ARAŞDIRMAbackend

Mübariz Mənsimova qarşı FETÖ sabotajı – ARAŞDIRMA

Hokm.az Moderator.az-a istinadla Palmali Holdinqin sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyənin səhiyyə sektorunda həyata keçirmək istədiyi investisiya layihələrinə qarşı 2008-2012-ci illərdə fətullahçı qruplaşmanın (FETÖ) sabotaj fəaliyyətlərini oxuculara təqdim edirik.
Türkiyədə 2001-ci ildə baş verən krizisdə iflas edən İşıqlar Holdinqin idarə edilməsi Əmanətlərin Sığortalanması Fonduna (TMSF) həvalə edilmiş, TMSF isə İşıqlar Holdinqin maliyyə qurumlarına olan borclarını ödəmək üçün daşınmaz əmlaklarını satışa çıxarmışdı. 2004-cü ilə keçirilən hərracda Mübariz Mənsimov İstanbulun Beşiktaş rayonu Ulus məhəlləsində İşıqlar Holdinqə aid 12 min kvadrat metrlik 3 bloklu binanı TMSF-dən
satın almışdı. 2005-ci ildə isə bu binanın sökülərək yerinə tibb müəssisəsi tikilməsi üçün Beşiktaş Bələdiyyəsindən icazə almış, “Palmed” Sağlık Hizmetleri LTD şirkətini qurmuşdu.

Azərbaycanlı işadamı Mübariz Mənsimov 2007-ci ildə “Hürriyət” qəzetinə açıqlamasında bunları demişdi: “Türkiyədə ən böyük xəstəxana layihələrindən birini həyata keçirəcəyik. 2008-ci ilin yayında İstanbulun Ulus səmtində açmağı planlaşdırdığımız ilk xəstəxananın inşaatı davam edir. 120 yataqlı, 7 ulduzlu ilk xəstəxananın smeta dəyəri 100 milyon dollardır. “Pal Hospital” adı veriləcək bu xəstəxana əsasən uşaq və qadın xəstəlikləri sahəsində ixtisaslaşacaq. Xəstəxana amerikalı tibbi heyət tərəfindən idarə olunacaq. İstanbuldakı xəstəxananın bir bənzəri də Bakıda inşa edilir. Regionda ixtisaslaşdırılmış xəstəxanalar zənciri qurmağı planlaşdırırıq. İstanbul və Bakıdan sonra Ankara və İzmirdə də xəstəxana açacağıq.”
Mübariz Mənsimovun xəstəxana layihəsi qeyri-müəyyən səbəblərdən Türkiyədə fəthullahçı qruplaşmanın hədəfinə çevrildi. Fəthullahçı qruplaşma bu layihənin baş tutmaması üçün bələdiyyə, məhkəmə, prokurorluq, ordu və ictimai təşkilatlardakı əlaltıları vasitəsilə hücuma keçdi. Fəthullahçıların yuva qurduğu Türkiyə Hərbi Hava Qüvvələrinin İstanbulun Ulus məhəlləsində yerləşən 15 saylı Raket Hücumlarından Müdafiə hərbi bazasının komandirliyi tikintisi davam edən xəstəxananın yerləşdiyi ərazini “hərbi təyinatlı zona” elan edərək 2008-ci ilin fevralında Palmali Holdinqə məktub göndərdi. Məktubda xəstəxananın inşasının raket hücumundan müdafiə sisteminin fəaliyyətinə maneçilik törətdiyi qeyd edilir və inşaatın 2 gün ərzində dayandırılması tələb edilirdi. Palmali Holdinqin o vaxt FETO-cuların nəzarətində olan Türkiyə Hərbi Hava Qüvvələri Kamandirliyinə təqdim etdiyi layihədə dəyişiklik təklifləri də nəticəsiz qaldı. Ardından İstanbul Böyük Şəhər Bələdiyyəsi xəstəxana tikmək üçün Beşiktaş Bələdiyyəsinin 2005-ci ildə verdiyi qərarı ləğv elədi.
Mübariz Mənsimov 2009-cu ilin sentyabrında Türkiyənin “Milliyət” qəzetinə verdiyi reportajda 15 saylı Raket Hücumlarından Müdafiə hərbi bazasının komandirliyinin qərarına etirazını bu sözlərlə bildirmişdi:
“Biz bu ərazini hansısa bir şəxsdən deyil, Türkiyə dövlətindən satın aldıq. Türkiyə Əmanətlərin Sığortalanması Fondu bildiyim qədəriylə dövlət müəssisəsidir. Biz alarkən bu ərazi “hərbi təyinatlı zona” deyildi. Mən bir investor kimi Türkiyəyə investisiya qoymadan əvvəl düşünməliyəm. Kimlərsə oyun oynayır. Oyun oynayanlar, bürokratlardır yoxsa ordu mənsublarıdır- dəqiq bilmirəm. Ancaq bir iş adamına qarşı belə oyunların oynanması heç doğru deyil. İki həftədir inşaatımız dayandırılıb. Məhkəməyə müraciət elədik. 20 min kvadrat metrlik bir xəstəxananı Türkiyədə 4 ilə tikib qurtara bilmədik. Maneələrlə, bürokratiya ilə vaxt itiririk.  “Mən buradan raket atacam. Bura hərbi təyinatlı zonadır” deyilərək mənim ərazimdə inşaata maneçilik törədilir. Bu ərazidə əvvəllər 18 metr hündürlüyündə bina raket atılmasını əngəlləmirdi, mənim 11 metrlik binam əngəlləyəcək? Mənim ərazimin və raketlərin yerləşdiyi bölgənin ətrafında daha hündür binalar var.”
2008-ci ildən etibarən Fəthullahçı hakim və prokurorlar tərəfindən Mübariz Mənsimova qarşı təzyiqlər başladı. Fəthullahçı qrupa aid “Zaman” qəzetində yayımlanan bir xəbərdə, “hərbi təyinatlı zona” qərarının ləğv edilməsi qarşılığında Hərbi Hava Qüvvələrinin prokuroru Ahmet Zeki Üçokun Mübariz Mənsimovdan 5 milyon dollar rüşvət istədiyi iddia olunurdu. İddianamədə hərbi prokuror Üçokun,

vasitəçi kimi İstanbulun Beşiktaş Bələdiyyəsinə seçkilərdə AKP-dən namizəd olmuş biznesmen Sibel Çarmıxlı ilə görüşdüyü qeyd olunurdu. Əslində isə Ergenekon iddianamələrini hazırlayan fəthullahçı prokurorlar bu iddialarla həm atatürkçü hərbi prokuror Ahmet Zeki Üçoku zərərsizləşdirməyi, həm də Mübariz Mənsimova təzyiq göstərərək xəstəxana layihəsini dayandırmağı qarşılarına məqsəd qoymuşdular. Nəzərə alsaq ki, həmin illərdə fəthullahçı hakimlərin nəzarətində olan “özəl yetkili” məhkəmələrdə minlərlə vətənpərvər, vicdanlı Türk milliyyətçisi saxta ittihamlarla mühakimə olunurdu, Mübariz Mənsimovun ona qarşı yönəldilən saxta ittihamlardan narahatçılığını təsəvvür etmək çətin deyil.
Qeyd edək ki, Ahmet Zeki Uçok Türkiyədə ilk dəfə orduda FETÖ izini aşkar edən və təhqiqat başladan prokurordur. 2009-cu ilin martında Ahmet Zeki Uçokun orduda FETÖ izini aşkar edən təhqiqatından xəbər tutan fəthullahçı qruplaşma, birbaşa Fəthullah Gülənin təlimatı və ona yaxın millət vəkillərinin dəstəyi ilə, 2009-cu ilin iyununda Türkiyə parlamentində qanun dəyişikliyi təklifi verərək, hərbçilərin işinə mülki məhkəmələrdə, o cümlədən, “özəl yetkili” məhkəmələrdə baxılmasına nail oldu. Bu yolla cəsusluqda ittiham olunan FETÖ-cü hərbçilərin işi hərbi məhkəmədən alınaraq “özəl yetkili” məhkəmələrə verildi. Bu hərbçilər “özəl yetkili” məhkəmədə FETÖ-cü hakimlərdən bəraət alaraq məsuliyyətdən azad oldular.
Orduda FETÖ izni ortaya çıxaran hərbi prokuror Ahmet Zeki Üçok isə 2009-cu ilin sentyabrında saxta ittihamlarla həbs edildi. Ahmet Zeki Üçoka yönəldilən ilk ittihamnamədə Fenerbahçe Futbol Klubunun prezidenti, Mübariz Mənsimovun yaxın dostu Aziz Yıldırımdan rüşvət aldığı iddia olunurdu. Sonrakı ittihamnamələr isə Balyoz və Ergenekon “terror” təşkilatına üzvlük idi.
Türkiyə Silahlı Qüvvələrinin keçmiş Baş qərargah rəisi İlker Başbuğ “İttihamlara qarşı həqiqətlər” kitabında yazır ki, Ahmet Zeki Uçokun apardığı təhqiqat uğurla nəticələnsə idi, 2009-cu ildə orduda fəthullahçı qruplaşma ifşa olunacaqdı və 15 iyul 2016-ci ildə çevriliş cəhdi baş verməyəcəkdi.
Mübariz Mənsimov, rüşvət iddiaları ilə bağlı “Milliyət” qəzetinə reportajında bunları demişdi:
“Sibel Çarmıxlı adında xanımla bizim işimiz olmayıb. Heç vaxt görüşməmişik. Çarmıxlının Palmali ilə nə işi ola bilər? Neft satır yoxsa gəmisi var? Birlikdə görə biləcəyimiz bir iş yoxdur. Uzaqdan yaxından heç bir işimiz olmayıb, olmayacaq da. Nə Çarmıxlı ilə, nə də iddianamədə adı keçən digər adamlarla. Biz sadəcə Türkiyədə deyil, 45 dövlətdə varıq.  Palmali Holdinqin bir prinsipi var. Etdiyimiz bütün işləri qanun çərçivəsində aparırıq. Heç bir dövlət idarəsi və ya quruluş bizə rüşvət və ya qanunsuz iş təklifi edə bilməz. Zatən belə bir məqsədlə ofisimə gələn adamı özüm sopa ilə döyə döyə polisə

apararam. Rüşvət iddialarının mənimlə və ya şirkətimlə əlaqələndirilməsi həqiqətə uyğun deyil. İnşallah həqiqət ortaya çıxar. Dövlət bu işin üzərinə getməlidir. Dövlət getməsə mən bu işin dalınca gedəcəm. Palmali və Mübariz Mənsimov adı dünyanın heç bir yerində rüşvət qalmaqalında olmayıb, olmayacaqdır. Belə çirkin oyunların olduğu yerdə də Palmali qalmaz.”
FETÖ-cü prokurorların qərarı ilə saxlanılan Sibel Çarmıxlı haqqında rüşvət iddiaları da təsdiqini tapmadı.
Xəstəxananın inşaatına qoyulan qadağa aradan qaldırılmadı. Bu durumdan dərin məyusluq keçirən azərbaycanlı işadamı Mübariz Mənsimov 2012-ci ildə xəstəxana layihəsini təxirə saldı və “Palmed” şirkətini ləğv elədi. Elə həmin il Medical Park xəstəxanalar qrupunun sahibi, işadamı Ethem Sancak yarımçıq tikilini Mübariz Mənsimovdan satın aldı. Maraqlıdır ki, o illərdə FETÖ-nün nəzarətindəki İstanbul Bələdiyyəsi və Türkiyə Hərbi Hava Qüvvələri Komandirliyi Ethem Sancakın, xəstəxananın “hərbi təyinatlı zona”da inşaatına maneçilik törətmədi. Hal-hazırda həmin xəstəxana Medical Park xəstəxanalar qrupunun nəzdində “Liv Hospital” adı ilə fəaliyyət göstərir və

Türkiyənin ən bahalı A+ xəstəxanalarından biridir.
  •  (1)
  •  (0)