Müasirləşən və güclənən Azərbaycan: Ulu Öndər Heydər Əliyevin yadigarıbackend

Müasirləşən və güclənən Azərbaycan: Ulu Öndər Heydər Əliyevin yadigarı

Nərmin Hüseynzadə

Yeni Azərbaycan Partiyası Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin sədri

1997-ci ildən 15 iyun tarixi Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur və 1998-ci ildən bu bayrama dövlət statusu verilib. Milli Qurtuluş Günündən bizi sayılı günlər ayırır və bu məqalədə müstəqil Azərbaycan dövlətinin memarı, Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən və Azərbaycanın çağdaş inkişaf tarixindən bəhs ediləcək.

Ötən əsrin 80-90-cı illəri dünyanın coğrafi xəritəsində yeni mərhələnin başlanğıcı dövrü idi. Çünki nəhəng sovet imperiyası əbədiyyətə qovuşmaq üzrə idi. Düzdür, SSRİ-nin o zamankı rəhbərliyi “yenidənqurma” adı, iqtisadi və siyasi sistemin konfiqurasiya və islahat hərəkatı devizi altında müəyyən yayınmalara yol verirdi, lakin əlahəzrət fakt ortadaydı: artıq SSRİ-nin çüköüşü qaçılmaz idi və bircə qalırdı bunu rəsmiləşdirmək. Heç şübhəsiz baş verənlər Azərbaycanın da müqəddəratını həll edirdi və ortada acı tarixi nümunələr var idi. İki yol var idi: Ya Azərbaycan müstəqil dövlət olaraq inkişaf etməli, ya da separatçı meyllərin təsir zolağına düşüb, bir ölkə kimi məhv olmalı idi. Və belə bir həlledici məqamda hamını bir sual düşündürürdü:  Hansı addımlar atılmalı və hansı siyasi texnologiyalardan istifadə edilməli idi ki, ölkəmiz bu sınaqdan üzüağ çıxsın. Proseslər Azərbaycan Xalq Hərəkatında təmsil olunan yarıtmaz, idarəetmədən bixəbər şəxslərin hakimiyyət yolunu açırdı və az-çox müşahidə və analiz qabiliyyəti olan hər kəsə məlum idi ki, qarşıda bizi mürəkkəb, mürəkkəb olduğu qədər də təhlükəli bir dövr gözləyir.

Gözlənilər özünü doğrultdu və iqtidara sahiblənən AXC-Müsavat iqtidarı az keçmədi ki, Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoydu. İqtisadi və sosial fəlakətlər fonunda itirilən torpaqlar, daxildən parçalanmaq təhlükəsi, hərbi qiyamlar faktiki olaraq ölkəmizi məkrli qüvvələrin “oylağına” çevirmişdi. Hamı iş başındaydı və hər kəs bundan öz şikarını götürməyə çalışırdı. Belə bir həssas və həlledici məqamda Azərbaycanı bütün bu bəlalardan zəngin təcrübə, fitri istedad, fenomen şəxsiyyət xilas edə bilərdi və bu şəxsin adı hər kəsə bəlli idi – Heydər Əliyev. Və məhz bu məqamda vaxtilə Ümumilli Liderin paytaxt Bakıya gəlişinə mane olmağa çalışan, hər vəchlə onun siyasi fəaliyyətinə əngəl törətməyə çalışan qüvvələr anladılar ki, çıxış yolu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından keçir.

Heydər Əliyevi Bakıya gətirən səbəblər…

1993-cü ilin 2 aprelində Kəlbəcərin işğalından sonra Azərbaycanda ictimai-siyasi vəziyyət köklü şəkildə dəyişmişdi. Siyasi-hərbi böhran iqtisadi böhranla birlikdə daha da dərinləşdi və hakimiyyətə qarşı xalqda etimadsızlıq başladı. Elçibəy hakimiyyətini sıradan çıxarıb Moskvada oturan Ayaz Mütəlliobovu yenidən gətirmək planına start verildi. Bunun üçün Surət Hüseynov kartından istifadə edilirdi. Surət Hüseynov Rəhim Qazıyevlə, Ələkrəm Hümmətovla birlikdə hərəkət edirdi. Bu şəxslərin hər biri Rusiya kəşfiyyatı tərəfindən ələ alınmış adamlar idilər. Onlar Azərbaycanda Moskvanı təmin eləyən, Moskvanın iradəsini ifadə eləyən Ayaz Mütəllibovu hakimiyyətə gətirməyə çalışırdılar. 4 iyun qiyamını bu planı həyata keçirmək üçün qaldırdılar.

Yaranmış ağır durumda çıxış yolu Heydər Əliyevin Naxçıvandan Bakıya dəvət edilməsi idi. Prezident Əbülfəz Elçibəy xalqın iradəsinə söykənərək Heydər Əliyevi Bakıya dəvət etdi. Qısa zamanda sübut olundu ki, Heydər Əliyev Bakıya dəvət edilməsəydi və prosesə müdaxilə etməsəydi, Surət Hüseynovun başladığı qiyam ölkənin darmadağın olması, vətəndaş müharibəsində boğulması ilə nəticələnəcəkdi. Faktiki olaraq ölkədə vətəndaş müharibəsi başlanmışdı. Azərbaycanın müstəqilliyi əldən getmək üzrə idi. Məhz tarixi şəxsiyyət Heydər Əliyevin gəlişi ilə Azərbaycan bu acı sonluqdan qurtuldu. Heydər Əliyev həyatını riskə ataraq Gəncəyə getdi və çox böyük iradə nümayiş etdirərək proseslərin Azərbaycanın məhv olması istiqamətində getməsinin qarşısını aldı.

İyunun 9-da Naxçıvandan Bakıya gələn ulu öndər Heydər Əliyevin iyunun 15-də Milli Məclisin sədri seçilməsi Azərbaycanın müstəqilliyinin xilası günü olaraq tarixə düşdü. Sözün həqiqi mənasında Azərbaycan xalqı və dövləti məhv olmaqdan qurtuldu.

Azərbaycanı yenidən parçalamaq cəhdləri və qarşısında dayanan MÖHKƏM İRADƏ…

Təbii ki, Azərbaycanın uğurları və balanslaşdırılmış xarixi siyasət kursu daxildə və xaricdə təxribatçı qüvvələri narahat edirdi və onlar hər vəclə buna mane olmağa çalışırdı. Təsadüfi deyil ki, o zaman iqtidarın daxilində olan, müxtəlif xarici qüvvələrlə əməkdaşlığı şübhə doğurmayan məmurlar da bu sırada yer alırdı. Ulu Öndər Heydər Əliyev 1995-ci ilin mart qiymanı ilə bağlı müsahibəsində deyirdi ki, Azərbaycan bu sınaqları gözləyirdi: “Çünki biz çox çətin bir yoldayıq. Bilirik ki, Azərbaycanın qüdrətli bir dövlətə çevirməsi asan olmayacaq. Qarşıda da belə sınaqlar olacaq və bu bizi qətiyyən qorxutmur”.

1994-cü il oktyabrın 4-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə növbəti qiyam başladı. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi. Bu qiyam Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – “Əsrin Müqaviləsi”ndən dərhal sonra başladı. Məqsəd Azərbaycanı transmilli müqavilələrdən yayındırmaq və bununla ölkənin inkişafına mane olmaq idi. Ümumilli Lider qiyamla bağlı xalqa müraciət etdi. Əhali arasında müstəsna nüfuzu qısa müddətdə yüzminlərlə insanın Prezident Aparatının qarşısına toplanması və hakimiyyətə dəstək nümayiş etdirməsinə səbəb oldu. Beləliklə, Heydər Əliyev 1993-cü il 4 iyun qiyamından fərqli olaraq, bircə güllə belə atılmadan qiyamın qarşısını yalnız siyasi gedişlərilə aldı: Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

1995-ci ilin martına isə yenidən təxribatçı qüvvələr hərəkətə keçdilər. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərildi. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nətcəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı və təxribatçı qüvvələr bu dəfə də zərərsizləşdirildi.

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” – Ümumilli Lider Heydər Əliyevin yol xəritəsi…

1991-ci ildə müstəqilliyini bərpa edərək bazar iqtisadiyyatına keçidi təmin edən Azərbaycan böyük iqtisadi və siyasi çətinliklərlə üz-üzə dayanırdı. İqtisadiyyatda başlanmış geriləmə prosesi müstəqilliyin ilk üç ilində daha da dərinləşmişdi. Statistik rəqəmlərə istinad etsək görərik ki, 1993-cü ildə 1990-cı ilə nisbətən 2 dəfə az sənaye və kənd təsərrüfatı məhsulu istehsal edilmişdi.

Heydər Əliyevin qərarları və atdığı addımlar, həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində həmin tənəzzülü sürətli tərəqqi əvəz etdi. Ulu öndərin Azərbaycana rəhbərliyinin ilk illərindən etibarən respublikada geniş islahatların həyata keçirilməsinə başlanıldı. 1994-cü ildən başlayaraq iqtisadiyyatda aparılan islahatlar və bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi bütün sahələrdə inkişaf mərhələsinin başlanmasına təkan verdi. Heydər Əliyevin həyata keçirdiyi səriştəli, təmkinli və məqsədyönlü iqtisadi islahatlar nəticəsində 1996-cı ildən etibarən Azərbaycan iqtisadiyyatında əsaslı yüksəlişin bünövrəsi qoyuldu.

Təkcə belə bir faktı qeyd etmək kifayətdir ki, 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər iki-üç dəfədən çox artdı. 1993-2003-cü illəri əhatə edən 10 il ərzində Azərbaycanda ümumi daxili məhsul istehsalı 22,3 dəfə, adambaşına düşən ÜDM-in həcmi isə 20,3 dəfə artdı. Həmin illərdə ölkəmizdə hüquqi-təşkilati formasından asılı olmayaraq, üç minə qədər yeni sənaye müəssisəsi açılaraq 2003-cü ilin əvvəlinə onların sayı 5200-ü ötdü.

Ulu Öndər Heydər Əliyevin xarici siyasət kursu və beynəlxalq siyasətdə Azərbaycan modeli…

Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqillik və suverenlik anlayışları yeni məzmun çalarları kəsb etməyə başlamışdı. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Qlobal güclərin dünyanı bir-birindən “qarşılıqlı asılı olan” dövlətlər sistemi kimi qəbul etməsi bir tərəfdən əməkdaşlıq imkanlarını artırırdısa, digər tərəfdən bir sıra siyasi-ideoloji və geosiyasi modellərin ixracı üçün əsas hazırlayırdı. Bu səbəbdən müstəqilliyinə qovuşmuş dövlətlər xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdılar. Müstəqil dövlət quruculuğunun uğurlu olması üçün bunun mühüm əhəmiyyəti vardı. O cümlədən, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Azərbaycan 1993-cü ildən başlayaraq bu vəzifənin öhdəsindən gəlməyə başladı.

 

Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan özünün geosiyasi mövqeyini, ictimai-siyasi və mənəvi-psixoloji inkişaf xüsusiyyətlərini nəzərə alaraq mövcud inkişaf modellərindən heç birinə birmənalı şəkildə üstünlük vermədən Qərb və Şərqin yaratdığı dəyərlərdən yaradıcılıqla və səmərəli şəkildə bəhrələnməyə, tarazlaşdırılmış çoxşaxəli xarici siyasət yeritməyə nail oldu. 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə hansı şəraitdə hakimiyyətə gəlməsini nəzərə alsaq, Azərbaycanın çağdaş dünyada qazandığı yer və mövqenin hansı çətinliklər hesabına başa gəlməsi bir daha aydın olur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri, daha doğrusu, avroatlantik strukturlara inteqrasiya və ABŞ-la, yeni müstəqil dövlətlər və Rusiya ilə, türkdilli dövlətlər və paralel olaraq Türkiyə ilə, müsəlman dünyası və ayrıca olaraq İranla, Asiya, Afrika və Cənubi Amerika ilə əlaqələrinin yaxın dövr üçün prioritetləri, istiqamətləri, aparıcı strategiyası müəyyənləşdirildi, hər qrupa daxil olan ölkələrlə ayrı-ayrılıqda və birgə münasibətlərin düşünülmüş, bütün amilləri nəzərə alan durumu yaradıldı. Yəni fərqi yoxdur, məqsəd həm çoxtərəfli və həm də ikitərəfli münasibətlərdə ən etibarlı tərəfdaş olmaq prinsipini həyata keçirmək idi. Çox sevindirici haldır ki, Azərbaycan bu gün xarici siyasətdə öz yeri və rolu olan, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət yürüdür və artıq müasir beynəlxalq siyasətdə bir Azərbaycan modeli formalaşmağa başlayıb.

Ümumilli Lider Heydər Əliyev eyni zamanda Azərbaycan təhsilində, elmində, mədəniyyətində, idmanında, səhiyyəsində, mətbuatında, bütün sahələrdə tərəqqinin əsasını qoyub və bununla bağlı səhifələrlə kitablar hazırlamaq, günlərləŞ, hətta aylarla danışmaq olar. Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun müqəddəs xatirəsi həmişə xalqımızın qəlbində əbədi yaşayacaq.

  •  (0)
  •  (0)