Türk Aviasiya və Kosmos Sənayesi 26-29 may 2022-ci il tarixlərində Bakı Kristal Zalında ilk dəfə keçiriləcək TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Döyüş Təyyarəsinin (MMU) virtual reallıq simulyatoru, HÜRKUŞ və GÖKBEY ilə iştirak edəcək. MMU virtual reallıq simulyatorunun ilk dəfə yer alacağı festivalda ziyarətçilər VR texnologiyası ilə MMU ilə virtual olaraq uçmaq imkanı əldə edəcəklər. HÜRKUŞ isə uçuş şousu ilə nəfəsləri kəsəcək. Ziyarətçilər Türk Aviasiya və Kosmos Sənayesi stendində karyera imkanları haqqında məlumatlandırılacaqlar.
Ziyarətçilər maketlərin nümayiş olunacağı stenddə sürpriz fəaliyyətlər, təcrübə sahələri və oyunlarla şirkəti yaxından tanımaq imkanı əldə edəcəklər. Gənc ziyarətçilərə Mühəndis İnkişaf Proqramı, təcrübə imkanları və Lift-Up adı altında “Sənaye yönümlü Bakalavr Məzun Layihələri” kimi karyera imkanlarının müzakirə ediləcəyi sahələrdə şirkətin təklif etdiyi imkanlar haqqında məlumat veriləcək.
HÜRKUŞ təlim təyyarəsi uçuş şousu həyata keçirəcəyi Azərbaycana HÜRKUŞ-un eksperimental sınaq pilotları ilə ilk dəfə uçaraq gələcək. Nəfəs kəsən uçuş şoularının reallaşacağı festivalda Türkiyənin ilk və yeganə unikal GÖKBEY T625 helikopteri də statik sahədə nümayiş etdiriləcək. Bir çox ilklərə səhnə olacaq TEXNOFEST-in ən maraqlı hissəsi isə Türk Aviasiya və Kosmos Sənayesi stendində Milli Döyüş Təyyarəsinin VR dəstəkli simulyatoru olacaq. VR texnologiyası sayəsində ziyarətçilər 5-ci nəsil təyyarə ilə uçuşu təcrübədən keçirə biləcəklər.
Azərbaycanda ilk dəfə reallaşacaq TEXNOFEST-də iştirak edəcək Türk Aviasiya və Kosmos Sənayesinin baş direktoru Temel Kotil “Müdafiə, aviasiya və kosmos texnologiyalarında əldə etdiyimiz uğurları dost və qardaş ölkə Azərbaycanla bölüşəcəyimiz TEXNOFEST-də iştirakımıza görə şox sevinirik. “İki dövlət, bir millət” şüarı ilə həyata keçirdiyimiz əməkdaşlığımızın daha da möhkəmlənəcəyi festivalda mühəndislərimizin unikal olaraq hazırladığı HÜRKUŞ təlim təyyarəmiz Azərbaycana uçacaq və uçuş şousu nümayiş etdirərək şanlı dostluğumuzu göylərə yüksəldəcək. Aviasiya tariximizdə yeni bir dönüş nöqtəsi olacaq Milli Döyüş Təyyarəmizin uçuş kabinəsinin də təcrübədən keçirilə biləcəyi festivalın reallaşmasına töhfə verən bütün tərəflərə minnətdarlığımı bildirirəm. Azərbaycanda, öz vətənimizdə öz xalqımızla görüşməyi arzu edirəm”, – deyib.
Türk Aviasiya və Kosmos Sənayesi sabit və fırlanan qanadlı hava platformalarından pilotsuz uçuş aparatlarına və kosmik sistemlərə qədər inteqrasiya olunmuş aerokosmik sənaye sistemlərinin dizaynı, inkişafı, modernləşdirilməsi, istehsalı və inteqrasiyasına dəstək proseslərində 4 milyon kvadratmetr açıq sahədə və 640 min kvadratmetr qapalı sahədə 12000-dən çox işçisi ilə fəaliyyətini davam etdirir. Türkiyənin texnologiya mərkəzi olub, aviasiya, kosmik və müdafiə sənayesində qlobal oyunçular arasında yer alır.