Minsk Qrupu necə ləğv edilməlidir? – Uzun prosedurun qısa İZAHIbackend

Minsk Qrupu necə ləğv edilməlidir? – Uzun prosedurun qısa İZAHI

Rəsmi Bakı Minsk qrupunun ləğv edilməsini tələb edib. Prezident İlham Əliyev Rusiya mətbuatına müsahibəsində bildirib ki, ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir: “Amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır?”

 

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Minsk Qrupunun ləğv edilməsinin tərəfdarı olduğunu iddia etsə də, bu sözlərini əməldə edə bilmir.

 

Hokm.az bu yazıda Minsk Qrupunun ləğv edilməsi prosedurlarını araşdırıb.

 

Minsk Qrupunun tarixi 1992-ci ilə gedib çıxır. Həmin ilin martın 24-də Gelsinki şəhərində ATƏM-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilirdi. Görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib. 1994-cü ildə ATƏT-in Budapeşt şəhərində keçirilən Zirvə Görüşündə Minsk Qrupu yaradıldı.

 

Ancaq yaradılmasından keçən 30 ilə yaxın müddət ərzində Minsk Qrupu münaqişənin həllinə nail ola bilməyib. 2020-ci ildə Qarabağın işğaldan azad edilməsi ilə Minsk Qrupunun fəaliyyətinə de-fakto son qoyulub. Buna baxmayaraq qrup de-yure qalmaqdadır.

 

Rəsmi Bakı tələb edir ki, ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin – bu xüsusda Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz strukturların artıq ləğv edilməsinin vaxtı çoxdan yetişib.

 

Qeyd edək ki, Minsk Qrupunun yaradılması barədə qərar ATƏT-in Zirvə görüşündə qəbul edildiyi üçün ləğv edilməsi də eyni prosedurlardan keçməlidir. Sammitlərdə qərarlar ümumi razılıq (konsensus) əsasında qəbul olunur. Yəni, qərarların qəbul edilməsi üçün bütün üzv dövlətlərin razılığı tələb olunur. ATƏT-də veto hüququ olmadığı üçün hər bir dövlətin razılığı vacibdir, əks halda qərar qəbul edilmir.

 

ATƏT Dövlət Başçıları Sammitləri isə müntəzəm olaraq keçirilmir, sammitlərin keçirilməsi üzv ölkələrin razılığına bağlıdır və xüsusi zərurət yarandıqda təşkil olunur.

Sammitin çağırılması üçün üzv dövlətlər arasında geniş razılaşma tələb olunur. Hər hansı bir üzv və ya bir qrup dövlət sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Təşəbbüs əsasən ciddi beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi, təşkilatın gələcək strategiyasının müəyyən edilməsi və ya vacib siyasi razılaşmaların əldə edilməsi üçün irəli sürülür.

 

Təşəbbüs ATƏT-in Daimi Şurasında (Vyanada yerləşən ATƏT-in qərar qəbul edən iclası) müzakirəyə çıxarılır. Daimi Şura üzv dövlətlərin daimi nümayəndələrindən ibarətdir və sammitin çağırılması üçün ümumi razılıq əldə edilməlidir. Sammitin gündəliyində hansı məsələlərin müzakirə olunacağı razılaşdırılır. Bu mərhələdə konkret mövzular, məqsədlər və gözləntilər müzakirə edilir.

 

Sammitin keçiriləcəyi tarix və məkan müəyyən edilir. Sammitin təşkilati məsələləri, o cümlədən təhlükəsizlik, logistika və protokol məsələləri, ATƏT Katibliyi və təşkilatçı dövlət tərəfindən təmin edilir. Üzv dövlətlərin liderlərinə sammitdə iştirak etmələri üçün rəsmi dəvətlər göndərilir.

 

ATƏT-də qərarlar ümumi razılıq əsasında qəbul edildiyindən, sammitin çağırılması üçün heç bir üzv dövlət etiraz etməməlidir. Sammitin çağırılması çox vaxt üzv dövlətlərin siyasi iradəsinə və gündəmdəki məsələlərin aktuallığına bağlıdır.

 

Beləliklə, sammitin çağırılması olduqca uzun prosedurdur. Təşkilatın sonuncu sammiti 2010-cu ildə keçirilib və son 14 ildə sammit çağırılmayıb.

 

Prezident İlham Əliyev bildirib ki, Ermənistanın ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir.

  •  (0)
  •  (0)