“Kreditlə maşın almaq olmaz. Eləcə də heyvandarlıq kimi sahələrdə də kreditlə iş görmək olmaz. Kreditlə bu işləri görürsənsə, axırı olmur. Tikintidən başqa kredit götürməklə digər işləri qurmaq çətindir. Misal üçün, qoyunu satıb, kreditə vermək olmaz” – “Xəzər Adaları” utopik layihəsinin müəllifi Hacı İbrahim Nehrəmlinin sözləridir.
O, bu sözləri 2017-ci ildə oğlunun istifadəsində olan və bank krediti hesabına alınması iddia olunan maşının kreditinin ödənməməsi ilə bağlı suala cavab olaraq demişdi. Həmin vaxt Hacı İbrahimin qoyun-quzudan danışması yersiz görünsə də, bu gün aydın olur ki, bu əbəs deyilmiş.
Vaxtı ikən “Xəzər adaları” layihəsini az qala dünya qəzetlərinin manşetlərinə daşıyan, Türkiyədə məşhur iş adamı Əli Ağaoğlundan tutmuş Küveyt, Qətər şeyxləri ilə investisiya sazişləri bağlamasına qədər hər bir addımını detallı danışan, Ələtdəki bu şəhərciyin layihəsini təyyarədə dizi üstə yazdığını deyən məşhur biznesmenin imperiyası alınmaz qalanı xatırladırdı.
Bir müddət ötdü və məlum oldu ki, “Xəzər adaları” Beynəlxalq Bankdan götürülən astronomik kreditlər hesabına var olmalı imiş. Olmadı, Hacı İbrahimovun özünü də aparıb yarısı dövlətə məxsus olan bankdan alınan kreditləri qaytarmaq öhdəliyini xatırlatdılar. Hacı İbrahim “Xəzər adaları”nı təhvil verməklə on milyonlarla ölçülən kredit öhdəliklərindən canını qurtardı. O vaxtdan öz hücrəsinə çəkilən iş adamından soraq yox idi.
İndi bəlli olur ki, Hacı İbrahim aqrar sektorda da özünü sınamağa qərar verib. Bu haqda “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, Hacı İbrahim qoyunçuluqla məşğuldur, eyni zamanda əkinçiliyə də baş vurub. Hacı İbrahimi aradıq. Onun yeni sahə ilə bağlı planlarını öyrənmək, düşüncələri ilə oxucuları tanış etməyə qərar verdik. Telefon zənglərimiz cavabsız qaldı.
Ümumiyyətlə isə Azərbaycanda aqrar sektorda oliqarxların, nazirlərin bir çoxunun böyük biznesləri var. Qoyunçuluq təsərrüfatları, iribuynuzlu mal-heyvan fermaları, eşşək südü istehsalı, balıqçılıq, arıçılıq, ətlik dəvə, toyuq, dəvəquşu broylerləri, zəli biznesi, əkin-biçin, meyvə bağları və s sahələr məmur-oliqarxların ixtiyarındadır.
Modern.az