Milli Məclisdə müstəmləkələrdəki nümayəndələrlə görüş keçirilibbackend

Milli Məclisdə müstəmləkələrdəki nümayəndələrlə görüş keçirilib

Milli Məclisdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüş keçirilib.

“Hokm.az” xəbər verir ki, görüşdə Bakı Təşəbbüs Qrupunun rəhbərliyi, Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika Xalqına Dəstək Qrupunun üzvləri – Tural Gəncəliyev, Cavanşir Feyziyev, Azər Kərimli və Şahin İsmayılov iştirak edib.

***

Korsika Xalqına Dəstək Qrupunun üzvü Cavanşir Feyziyev parlamentdə Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrlə görüşdə çıxış edib. O bildirib ki, Fransa kimi ölkələr hələ də işğal siyasətini davam etdirirlər və buna qarşı çıxan Azərbaycan kimi ölkələrə təzyiq göstərməyə çalışırlar: “Lakin biz bu istiqamətdə öz mövqeyimizdən çəkilməyəcəyik və sizin yanınızda olacağıq. Təəssüf hissi keçiririk ki, bu gün hələ də müstəmləkəçilikdə yaşayan xalqlar var. Əlbəttə, uzun müddətdir ki, BMT çərçivəsində bu müstəmləkəçiliyə son qoyulub və bir sıra ölkələr artıq azaddırlar.

Təəssüflər olsun ki, Fransa kimi ölkələr hələ də müstəmləkəçilik siyasətini davam etdirir, xalqların hüquqlarını pozur, resurslarını istismar edir. 200 il Rusiya müstəmləkəçiliyində yaşayan ölkə olaraq biz sizin azadlıq mübarizənizi yaxşı başa düşürük. Buna görə də Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda neomüstəmləkəçilik və neonkolonizm məsələsini gündəmə gətirir. Fürsətdən istifadə edərək BTQ-nin bu istiqamətdə apardığı işlərə görə təşəkkür edirəm.

Azərbaycan bütün vasitələrdən istifadə edərək sizin səsinizi dünyaya çatdırmağa çalışacaq. Sizin azadlıq uğrunda mübarizənizi yüksək qiymətləndiririk”.

***

Korsika Xalqına Dəstək Qrupunun üzvü Azər Kərimli qeyd edib ki, 21-ci əsrdə müstəmləkəçiliyin mövcudluğu bütün bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış mübarizədir: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın müstəmləkə altında saxladığı xalqlara qarşı işğal siyasətini pisləyib. Fransanın Azərbaycana olan təzyiqlərinin səbəblərindən biri də ölkəmizin Fransanın neonkolonizmindən əziyyət çəkən xalqlara verdiyi dəstəyə görədir”.

***

Korsika Xalqına Dəstək Qrupunun digər üzvü Şahin İsmayılov bildirib ki, Fransa müstəmləkəsində olan ərazilərdəki nümayəndələrin Azərbaycan Milli Məclisində dostları var: “Azərbaycan sizin haqq səsinizi dünyaya çatdırmaq üçün əlindən gələni edəcək. Dünyada ərazisi və əhalisinə görə o qədər də böyük olmayan Azərbaycan sizin azadlıq uğrunda mübarizənizin beynəlxalq platformalarda çatdırılmasında öz dost köməyini göstərir.

Fransa xüsusilə saxta informasiyalardan, mətbuatdan istifadə edərək Azərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirir. Xüsusilə Azərbaycanda keçirilən böyük tədbirlər zamanı bunun şahidi oluruq. Onlar hətta daxili iclaslarında öz uğursuzluqlarını ört-basdır etmək üçün Azərbaycanı müzakirə edirlər. Amma dəyişməyən bir gerçəklik hər zaman özünü doğruldur ki, haqlısansa, qalib gəlirsən. Əmin olun ki, siz də öz haqq işinizdə uğurlu nəticə əldə edəcəksiniz”.

***

Yeni Kaledoniyadan olan “Radio Djiido” və “Radio Kanaky”nin koordinatoru Qaeze Andre qeyd edib ki, Fransa ilə hazırda bir sıra səlahiyyətlərin qaytarılması üçün danışıqlar gedir: “Biz Azərbaycanla media sahəsində əməkdaşlığı yaxşılaşdırmaq istəyirik. Bizim ağrımız-acımız eynidir. Biz bir daha sizə təşəkkür edirik ki, COP-29-da da bizim məsələmizi gündəmə gətirmisiniz”.

***

Deputat Tural Gəncəliyev isə Fransanın müstəmləkəçilik tarixindən danışıb: “Bir neçə əsr Fransa öz müstəmləkəçilik imperiyasını qoruyub saxlayıb. Fransa müstəmləkəçiliyində olan xalqlar əzab-əziyyət çəkir. Təəssüflər olsun ki, Fransa müstəmləkə altında saxladığı ərazilərdə öz təzyiq və siyasi təsirini saxlamaqda davam edir”.

  •  (0)
  •  (0)