Bu gün Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilib.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə deputatlar məzuniyyətdə sayılır. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən, Milli Məclis hər il yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır, dekabrın 30-dək davam edir.
Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü işinə başlayır.
Hokm.az xəbər verir ki, spiker Sahibə Qafarova Milli Məclisin payız sessiyasında görülən işlər barədə məlumat verib.
O qeyd edib ki, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin birinci iclasında Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev dərin məzmunlu və proqram xarakterli nitq söyləyib:
“Diqqətə çatdırmaq istərdim ki, ötən dövrdə parlamentin fəaliyyəti dövlət başçısının həmin nitqində elan etdiyi strateji hədəflər və milli prioritetlər nəzərə alınmaqla qurulub. Ölkəmizin qarşılaşdığı müasir çağırışlar şəraitində aktual məsələlərin həllinə parlament səviyyəsində kömək göstərilməsi üçün Milli Məclisin tarixində ilk dəfə olaraq Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya, habelə Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupu yaradılıb”.
Spikerin sözlərinə görə, payız sessiyasında Milli Məclisin Konstitusiya ilə nəzərdə tutulan səlahiyyətləri tam yerinə yetirilib:
“Bununla əlaqədar mən belə bir məqama diqqəti cəlb etmək istəyirəm ki, hər dəfə biz Milli Məclisin fəaliyyətinə yekun vurarkən bu fəaliyyətin uğurlarına şərait yaradan amillər sırasında hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq əlaqələrini hökmən qeyd edirik.
Bu baxımdan Milli Məclis ilə Prezident Administrasiyasının müvafiq şöbələri arasında mütəmadi xarakter daşıyan iş birliyinin əhəmiyyəti xüsusi vurğulanmalıdır.
Eyni zamanda, mən parlamentlə hökumət arasında konstruktiv əməkdaşlığı da bir daha qeyd etmək istəyirəm. Başa çatan sessiya ərzində hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmişdir.
Eyni zamanda, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Parlamentin birinci iclası da daxil olmaqla, payız sessiyasında Milli Məclisin 19 plenar iclası keçirilmiş, 84 qanun və 41 qərar qəbul edilmişdir və 130 komitə iclası keçirilmişdir.
“COP29-a qarşı hibrid təhdidlər” mövzusuna həsr edilən 1 ictimai müzakirə keçirilmişdir. Yeri gəlmişkən, qeyd edim ki, bu tədbir Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiya tərəfindən təşkil edilmişdir.
Qərbi Azərbaycana qayıdış üzrə təşəbbüs qrupunun təşkilatçılığı ilə keçirilən çox mühüm ictimai dinləmə isə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusuna həsr edilmişdi. Ümumiyyətlə, qeyd edilməlidir ki, Qərbi Azərbaycana qayıdış məsələlərini Milli Məclis daim diqqət mərkəzində saxlayır. Son illərdə parlamentdə bu qəbildən olan bir sıra tədbirlər təşkil edilmişdir.
Qanunvericilik və qanunyaratma sahəsində görülən işlərlə yanaşı, Milli Məclis bəzi beynəlxalq qurum və xarici dövlətlərin Azərbaycanı gözdən salmağa, onun suverenliyinə qəsd etməyə yönələn aktlarına kəskin münasibətini bildirmişdir.
Qeyd edim ki, bu məsələlərlə bağlı Milli Məclis sədrinin adından xarici dövlətlərin parlament sədrlərinə və beynəlxalq parlament təşkilatlarının rəhbərlərinə müraciətlər də göndərilmişdir. Həmçinin dostluq qruplarının adından da oxşar məktublar göndərilmişdir.
Sessiya dövründə Milli Məclis deputatlarının seçki dairələrində işinə xüsusi diqqət yetirilmişdir. Millət vəkilləri öz seçiciləri ilə müntəzəm görüşlər keçirmiş, onları düşündürən məsələləri Milli Məclisin iclaslarında, eləcə də digər hakimiyyət orqanları qarşısında qaldırmışlar.
Milli Məclisdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində lazımi tədbirlər həyata keçirilmişdir.
Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı üçün də zəruri tədbirlər görülmüşdür.
Milli Məclisin 57 üzvü tərəfindən 24 xarici ölkəyə 80 səfər həyata keçirilmişdir. Deputatlar 11 beynəlxalq təşkilatın tədbirlərində iştirak etmişlər.
Milli Məclisin sədri Türkiyəyə rəsmi, İsveçrə, Rusiya və Tacikistana isə işgüzar səfərlər həyata keçirmişdir.
60 ölkənin, 16 beynəlxalq təşkilatın və 14 beynəlxalq təsisatın 104 nümayəndə heyəti, ümumən 457 nəfər xarici qonaq Milli Məclisdə olmuşdur.
Milli Məclisin sədri Milli Məclisdə 9 ölkənin parlament sədrləri və sədr müavinləri, 6 beynəlxalq təşkilatın rəhbərləri, 1 ölkənin icra hakimiyyəti orqanının nümayəndəsi, 10 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişdir.
Həm deputatların, həm də Milli Məclis sədrinin səfərlərində və görüşlərində dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün parlament diplomatiyasının imkanlarından istifadə edilmişdir.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafına yönələn tədbirlərdən biri də Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament ilə Anlaşma Memorandumunun imzalanması olmuşdur.
Deputatlarımız Qazaxıstanda keçirilən referendumu, Özbəkistanda və Gürcüstanda keçirilən parlament seçkilərini müşahidə etmişlər.
Milli Məclis 2 beynəlxalq tədbirə ev sahibliyi etmişdir.
Bildiyiniz kimi, Bakıda böyük uğurla keçirilmiş COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə böyük bir konfrans baş tutmuşdur.
Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak etmişdir.
Dekabrın 7-də isə Milli Məclisdə Azərbaycan parlamentinin 106-cı ildönümünə həsr edilən Beynəlxalq parlament konfransı keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, Türkiyə, Rusiya, Pakistan, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Belarus, İraq, Efiopiya, İndoneziya, Malayziya parlamentlərinin və TÜRKPA, MDB-nin Parlamentlərarası Assambleyası kimi beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak etmişdir.
Konfransda “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusu ətrafında müzakirələr aparılmış, 27 nəfər çıxış etmişdir.
Bundan əlavə, tədbir çərçivəsində ADA Universitetində “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda Beynəlxalq dəyirmi masa keçirilmişdir. “Parlamentlərin ictimai diplomatiyada rolu” və “Parlamentlərin fəaliyyətində rəqəmsal texnologiyalar və kütləvi informasiya vasitələrinin rolu” mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis payız sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar mən səmərəli iş üçün sizin hər birinizə təşəkkür edirəm.
Hörmətli həmkarlar, bilirsiniz ki, qarşıdan bizim gözəl bayramlarımız gəlir. İki gündən sonra xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü, daha sonra Yeni ili qeyd edəcəkdir.
Təklif edirəm ki, möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq.
Azərbaycan dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni böyük uğurlar arzulayaq”.