Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm irəliləyişlərə nail olunub.
Hokm.az xəbər verir ki, bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələn fəal gənc Mikayıl Mirzəzadə AZƏRTAC-a müsahibəsində bildirib.
Mikayıl Mirzəzadə deyib: “Ümummilli lider Heydər Əliyev xalqımızın müstəqilliyi, suverenliyi və tərəqqisi naminə çox dəyərli xidmətlər göstərib. Azərbaycan dövləti məhz onun qətiyyəti və iradəsi sayəsində müstəqilliyə nail olub. Bütün sahələrdə, o cümlədən elmdə də inkişaf müşahidə olunur. Bu inkişafın göstəricilərindən biri gənclərin təhsilə marağının artmasıdır. Bu gün dünyanın istənilən guşəsində Heydər Əliyevdən söz düşəndə gözlərimiz qarşısında Azərbaycan canlanır, Azərbaycandan danışanda isə Heydər Əliyev şəxsiyyəti təsəvvürə gəlir”.