Məzuniyyətdə olan müəllimlər də bu il sertifikasiyadan keçəcək? – Rəsmi CAVABbackend

Məzuniyyətdə olan müəllimlər də bu il sertifikasiyadan keçəcək? – Rəsmi CAVAB

Bu il 5 fənnin müəllimlərinin sertifikasiyadan keçirilməsi gözlənilir. Biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri sertifikasiyadan keçiriləcək.

2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə müəllimlərinin sertifikasiyadan keçiriləcəyi qeyd olunub.

Hokm.az-ın məlumatına görə, əvvəlki illərdə sosial məzuniyyətdə olan müəllimlərin də bu il sertifikasiyaya cəlb olunacağı barədə iddialar yayılıb.

İddialara görə, məktəb rəhbərləri hazırda sosial məzuniyyətdə olan müəllimlərdən sertifikasiya imtahanında iştirak etmək üçün müvafiq sənədləri təqdim etmələri istənilib.

Məsələ ilə əlaqədar Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza verilən cavabda bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Sosial məzuniyyətdə olan şəxslər sertifikasiya prosesinə cəlb edilmirlər”, – Agentlikdən verilən açıqlamada deyilir.

Xatırladaq ki, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər) sertifikasiyaya cəlb edilmir.

Qeyd edək ki, Azərbaycanda ümumilikdə 64901 nəfər sertifikatlaşdırma prosesinə cəlb edilib. Proses çərçivəsində 55510 müəllimin maaşına əlavələr edilib.

  •  (0)
  •  (0)