Musavat.com 104 saylı Gədəbəy Seçki Dairəsindən deputatlığa namizəd Əziz Əliyevlə müsahibəni təqdim edir:
– Sizin deputatlığa namizədliyiniz Gədəbəy rayonunda geniş dəstək qazanır. Bu gün Gədəbəydə dövlətin qayğısını görmək olurmu?
– Məlum olduğu kimi, ölkənin sosial-iqtisadi inkişafı onun mənəvi-mədəni inkişafına səbəb olan əsas amillərdən biridir. Digər tərəfdən, tarixi təcrübə göstərir ki, yüksək mənəvi-mədəni inkişaf səviyyəsinə malik olan hər bir ölkədə bu, onun sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaradır. Qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Cənab İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkərdən biri olub və keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Bu uğurlu siyasətdən anadan olduğum, təmsil olunduğum Gədəbəy də görüb.
İlk növbədə qeyd etmək istərdim ki, Gədəbəyin potensialı çox genişdir. Gədəbəy həm təbii resursları, həm də xalqının zəhmətkeşliyi ilə fərqlənir. Gədəbəy rayonunda dövlətə, dövlətçiliyə sədaqət, məhəbbət çox böyükdür.
Bu gün rayona gələn hər kəs təbiətin gözəlliyi ilə yanaşı, rayonun inkişaf etməsinə heyran olur. Elə buna görə də Prezident İlham Əliyevin tövsiyəsi ilə ulu dağların, müalicə-sağlamlıq ocaqlarının qoynunda turizmin yeni-yeni cığırları açılır.
Gədəbəy müasir dövrün tələblərinə uyğunlaşmaqdır. Yaşıl enerji mənbələrinin inkişaf etdirilməsi bu istiqamətdə əsas addımlardan biri olacaq. Gədəbəyin təbii sərvətləri, xüsusilə də külək və mümkün su enerjisindən istifadə edərək, həm enerji müstəqilliyini təmin etmək, həm də ətraf mühitin qorunmasına töhfə vermək mümkündür.
– Yaşıl enerji mövzusuna toxundunuz. Bunu daha geniş şəkildə necə təsvir edərdiniz?
– Azərbaycan 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını ratifikasiya etdikdən sonra qlobal iqlim dəyişmələrinin mənfi təsirlərinin yumşaldılması üzrə beynəlxalq səylərə qoşulub. Ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət impuls və stimul qazandıra bilər.
Bütün bunlar göstərir ki, yaşıl enerji məsələsi yeni dövrün əsas hədəflərindən biridir və bu, bütün Azərbaycanı yaxın gələcəkdə əhatə edəcək. Mənim ən əsas hədəflərimdən biri də budur. Öz təbiəti ilə gözəllik saçan Gədəbəydə yaşıl enerjinin təbliğatını aparmaq və regionumuzun inkişafı üçün təkliflər irəli sürməkdir. Çünki Gədəbəy bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan bir regiondur və gələcəkdə Milli Məclisdə təmsil olunan zaman yaşıl enerji layihələrinin bölgədə icrası üçün konkret təkliflər irəli sürəcəyəm və bu sahənin inkişafı üçün gənc alimlərin, xüsusən də doktorantların fikirlərinin, tədqiqatlarının artırılmasına dair təkliflərlə çıxış edəcəm.
– Gədəbəy mədəniyyət siyasəti mühüm nöqtədə qərarlaşıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu bölgədə nəhəng layihələrə imza atıb. Siz bu sahədə hansı işləri görməyi təklif edirsiniz?
– Qeyd edim ki, Heydər Əliyev Fondu və onun rəhbəri, vitse-prezident Mehriban xanım Əliyevanın Azərbaycanda elm, təhsil və ekoloji bərpa ilə yanaşı, digər sahələrdə gördüyü işlər təqdirəlayiqdir. Heydər Əliyev Fondu hesabına Gədəbəy rayonunda məktəblər tikilir, təmir edilir, turizm potensialı üçün mühüm sayılan tarixi və mədəni abidələr qorunur və təmir edilir. Hər bir gədəbəyli bunu görüşlərimizdə fəxrlə qeyd edir. Rayonun təmsilçisi olaraq Gədəbəydə mədəniyyətin və tarixin qorunması, həmçinin spesifik, yeni mədəniyyət mərkəzlərinin yaradılması üçün təkliflər irəli sürməyi düşünürəm.
– Rayonunuz həm I Qarabağ, həm də Zəfər müharibəsində fəal iştirak edib. Bu barədə nə qeyd edə bilərsiniz?
– Gədəbəy qəhrəmanlar yurdudur. Hər iki müharibə dövründə rayonumuzun hər bir sakini qələbə üçün əllərindən gələni edib. Hər iki müharibə dövründə ümumilikdə Gədəbəy rayonu 200-dən çox şəhid verib. Döyüşlərdə iştirak edən qazilərimiz bu gün də Gədəbəydə yaşayırlar və hər an Vətəni qorumaq üçün hazırdırlar.
Bir gədəbəyli olaraq rayonumuzun şəhid ailələri və qaziləri ilə mütəmadi əlaqələr saxlayıram. Seçki zamanı rayonda çox vaxt keçirdiyim üçün dəfələrlə onlarla görüşüb dinləyirəm. Lakin bunun seçki təbliğatında istifadəsini düzgün hesab etmirəm. Onlar Vətənimizin bizə əmanətləridir və heç bir təbliğatda istifadə edilməli deyillər. Mən millət vəkili olandan sonra onlarla mütəmadi görüşlərim barədə tez-tez məlumatlar verəcəm. Qeyd edim ki, onlar bizim baş taclarımızdır, boyunlarımızda haqları var və onların varlığı Gədəbəyi güclü edir. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi qayğı hər kəs üçün nümunədir və bu istiqamətdə görülən işlər dövlət səviyyəsində çox peşəkarcasına həyata keçirilir. Mən Milli Məclisdə təmsil edildim, edilmədim fərqi yoxdur və daima şəhid ailələri və qazilərimizi diqqətdə saxlayıram və saxlayacam da. Onların yanında olmaq hər bir azərbaycanlının borcudur.
– Millət vəkili seçilsəniz, hansı digər sahələrə diqqət yetirəcəksiniz?
– Deputat olaraq yaşıl enerji, idman və təhsil sahələrində təkliflər irəli sürməyi planlaşdırıram. Gənc doktorant kimi yeni vizyon və innovativ yanaşmaları parlamentdə təmsil etmək istəyirəm. Eyni zamanda, Gədəbəyin elmi və intellektual potensialını inkişaf etdirmək, regionu elm və təhsil mərkəzinə çevirmək üçün çalışacağam. Bu, regionların sosial-iqtisadi inkişafına da böyük töhfə verəcək.
– Gədəbəyi necə görmək istəyirsiniz?
– Mən Gədəbəyi inkişaf edən, modernləşən və dünya səviyyəsində tanınan bir region kimi görmək istəyirəm. Gədəbəyin zəngin tarixi, mədəniyyəti və resursları bu məqsədə çatmaq üçün əvəzolunmazdır. Mənim baxışım, vizyonum bu potensialı maksimum dərəcədə istifadə edərək, Gədəbəyi Azərbaycanın inkişafında önəmli bir mövqeyə gətirməkdir. Mənim hədəfim hər bir gədəbəylinin səsinin ƏZİZ olması və onların ƏZİZ təmsilçisi olmaqdır.