Həbsdə olan “Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi”nin direktoru, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, jurnalist Zaur Mirzə-zadənin məqaləsini təqdim edirik:
Bütün ictimai və mətbu fəaliyyətim zamanı hər zaman dövlət və dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmiş, ölkəsini, millətini və dövlətini sevən bir Azərbaycan vətəndaşı olaraq hər zaman bu dəyərlərə sadiqlik göstərmişəm. Ölkəmizə qarşı daxili və beynəlxalq dairələr tərəfindən yönələn hücumları daim tənqid etmiş və buna görə, müxalif qüvvələr tərəfindən təhdid və təzyiqlərə məruz qalmışam. Hesab edirəm ki, dövlətini sevmək, onu qorumaq, dəyərləri uğrunda çalıışmaq hər bir vətəndaşın borcudur və bu heç kimə üstünlük qazandırmır. Sadalamaqda məqsədim heç də bunları diqqət mərkəzinə gətirmək deyil. Sadəcə bildirmək istəyirəm ki, bu şüurlu və ardıcıl fəaliyyətin nəticəsi olaraq həm ictimai-siyasi, həm də media çevrəsində müəyyən reputasiya əldə etmişəm. Və bu gün məni tanıyan, bələd olan hər kəs təsdiq edər ki, fəaliyyətim zamanı heç bir zaman kimsənin hüquqlarını pozmamış, ziyan vurmamışam.
2015-ci ildə işbaz cinayətkar dəstə tərəfindən törədilən cinayət işinə 2021-ci ildə böhtan xarakterli iddialarla mənim də adım əlavə edilib. Hansı ki, buna səbəb olaraq bu cinayətkar dəstənin üzvü olan Aygün adlı xanımla şəxsi münasibətlərim və onun məsuliyyətdən yayınmaq üçün məni qurban vermək niyyəti dayanır. Bu gün heç bir əsas olmadan həbsdə olduğum təqdirdə həmin o Aygün adlı xanım azadlıqda gəzir, müxtəlif üsullarla məhkəmə instansiyalarına nüfuz edərək, artıq doqquz aydır ki, mənim cəmiyyətdən, ailəmdən, sevdiyim işimdən ayrı dörd divar arasında yaşamağıma səbəb olub. Barəmdə başladılan cinayət işi müstəntiq tərəfindən cəmi dörd iş günü ərzində araşdıırılaraq Bakı Ağır Cinayətlıər Məhkəməsinə göndərilib. İbtidai istintaq yalnız mülahizələrə əsaslanaraq məni təqsirləndirilən şəxs kimi tanıyıb. Hansı ki, bu birbaşa qanun və hüquq pozuntusudur.
Bakı Ağır Cinayətlər Məhkəməsində yeddi ay davam edən məhkəmə istintaqında təkzibolunmaz sübutlarla günahsız olduğum aşkar edilib, araşdırılan cinayət işi ilə heç bir əlaqəmin olmadığı təsdiqini tapıb və barəmdə bəraət qərarı verilib. Bundan sonra iş üzrə protest verilib və Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov heç bir hüquqi sübut olmadan ibtidai istintaqın şəxsi mülahizələrini əsas götürərək, saxta faktlarla məni bel il müddətinə azadlıqdan məhrum edib. Məndə olan məlumatlara görə, buna səbəb cinayət işində adı keçən həmin Aygün adlı xanımın Faiq Qasımov adlı hakimlə anlaşmasıdır. Hansı ki, məhkəmə istintaqı zamanı həmin Faiq Qasımov Aygünə cinayətdən və məsuliyyətdən yaxa qurtara bilməyəcəyini dəfələrlə bəyan edib. Ona xəbərdarlıq edib. Qərar elan olunan gün isə hakimin mövqeyi dəyişib və onun yox, mənim haqqımda beş il müddətinə həbs qərarı çıxarıb.
Bunu hansı üsullar və qaydalarla həyata keçirdiyini bilmək üçünsə alim olmağa gərək yoxdur. Azərbaycanda bəzi hakimlərin şəxsi maraqlar qarşılığında bu cür qərarlar verməsi heç kimə sirr deyil. Bundan sonra vəkilim Kamran Musayevin vasitəsilə Ali Məhkəməyə əsaslandırılmış və təkzibolunmaz sübutlarla mənim ittiham olunduğum cinayət əməlini törətməməyim barədə hüquqi faktlarla kassasiya şikayəti verdik. Ali Məhkəmə yekun qərar verərək hökmü ədalətsiz saydı və işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bunun özü və Bakı Ağır Cinayətlər Məhkəməsinin barəmdə bəraət qərarı Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun hansı üsul və qaydalarla çalışmasının əyani təzahürüdür. Bu bir daha göstərir ki, cəmi dörd günə istintaqı yekunlaşdıran istintaq orqanı və Bakı Ağır Cinayətlər Məhkəməsinin barəmdə bəraət hökmünü ləğv edən, heç bir əsas olmadan beş il müddətinə həbs qərarımı verən Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov qaranlıq fəaliyyətlə məşğuldur və əsas cinayətkarlarla razılaşıblar.
Bu gün mən şərlənmişən. Aiəmdən, üç körpə övladımdan, yaşlı və xəstə ata-anamdan uzaq düşmüşəm. Hansı ki, evin yeganə oğul övladı olaraq bu altı şəxsin məsuliyyəti mənim üzərimdədir. Həbsimin qanunsuz olması və mənə qarşı ədalətli qərarın verilməsi üçün Milli Məclisin deputatları, dövlət məmurları, ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının nümayəndələri müvafiq qurumlara müraciət ünvanlayıblar. Onlar da məni tanıyan, bələd olan şəxslər kimi əmindirlər ki, şərlənmişəm. Bu qanunsuz qərara etiraz edirlər. Mən doğrudan da şərlənmişəm və yeganə günahım şəxsi münasibətdə olan qadının heç bir əsas olmadan məni öz cinayətinə şərik göstərməsi və qurban verməsidir.
Mən buradan üzümü hər zaman dəstəklədiyim və hansı statusda (məhkum, ictimaiyyətçi, jurnalist və s.) olmağımdan asılı olmayaraq, hər zaman dəstəkləyəcəyim Möhtərəm Cənab Prezident İlham Əliyevə, ölkəmizin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin köməkçisi cənab Fuad Ələsgərova, Məhkəmə-Hüquq Şurasına, Bakı Apellyasiya Məhkəməsinə, vətəndaş cəmiyyəti insitutlarına və jurnalist həmkarlarıma tutub müraciət etmək istəyirəm – mənim əsasssız olaraq həbsimə və şərlənməyimə göz yummayın! Ömrünün son dövrlərini yaşayan və bütün fəaliyyəti boyunca bu dövlətə xidmət edən yaşlı və xəstə ata-anamı, hər gün yolumu gözləyən övladlarımı, doğmalarımı gözü yolda qoymayın! İmkan verməyin ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov kimi bir işbaz hakimin üzərindən ömrümün daha dörd ilini əsassız olaraq məhbəs divarları arasında keçirim.
Zaur Mirzə-zadə, “Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzi”nin direktoru, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, jurnalist