Məmurlara qırmızı, sahibkarlara yaşıl işıqbackend

Məmurlara qırmızı, sahibkarlara yaşıl işıq

Deputat: “Bu qanunla sahibkarların fəaliyyətinə yersiz müdaxilələr, süni əngəllər aradan qalxır”

Sabiq deputat: “Sahibkar vergi ödəyicisidirsə, onun qulluğunda durulmalı, hüquqları müdafiə olunmalıdır”

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti daha bir il uzadılıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2023-cü il yanvarın 1-dək dayandırılır. Əvvəl bu müddət 2022-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən ilin martında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiq edib. Dəyişikliyə görə, icazə verilən yoxlamalar istisna olunmaqla, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılıb.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov AYNA-ya deyib ki, qanunda daha bir üstünlük gələcəkdə qeyd olunan müddət ərzində keçmiş fəaliyyətin təftiş edilməsinin qadağan edilməsi ilə bağlıdır: “Yalnız bir sıra yoxlamalar davam etdirilə bilər ki, bu da qanunda öz əksini tapıb. Vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar davam etdirilə bilər”.

Deputatın sözlərinə görə, bu qanunla sahibkarların fəaliyyətinə yersiz müdaxilələr, süni əngəllər aradan qalxır: “Ötən ilin təcrübəsinə nəzər salsaq, görərik ki, bu qanunun qəbulu sahibkarların fəaliyyətinə münbit şərait yaratdı. Onların əsassız yoxlamalara məruz qalmasının qarşısını aldı. Yalnız vergi yoxlamaları həyata keçirilir ki, bu da təbiidir. Çünki vergi ödəmək hər bir sahibkarın borcudur. Lakin sahibkarlardan digər ödənişlərin tələb edilməsi, onların süründürməçiliyə salınması böyük poroblemlər yaradırdı. Məhz bu səbəbdən rəqabət mühiti aradan qalxır və nəticədə iş yerləri bağlanırdı. Bundan sonra Prezident İlham Əliyev özü məsələyə müdaxilə etdi və qanunu təsdiq etdi. Qanunun daha bir il müddətinə uzadılması sahibkarların qarşısında geniş imkanlar açır”.

 

Milli Məclisin sabiq üzvü, sahibkar və iqtisadçı alim Nazim Bəydəmirli mövzu ilə bağlı AYNA-ya açıqlamasında bildirib ki, istənilən yoxlamalar sahibkarlara mənəvi-psixoloji təzyiq formalarından biridir: “Prezident İlham Əliyev ilk dəfə bu yoxlamaları məhdudlaşdıran zaman qeyd etmişdi ki, bununla bağlı aparılan monitorinq zamanı belə yoxlamaların 95 faizinin müvafiq qurumların şəxsi maraqlarına xidmət etdiyi faktı ortaya çıxıb. Əsasən korporativ, merkantil və marginal maraqlara əsaslanan yoxlamalar aparılıb. Bunun isə öz növbəsində sahibkara və sahibkarlığa heç bir faydası yoxdur”.

“Təbii ki, ölkə sahibkarları olaraq biz dövlət başçısının bu addımını çox yüksək qiymətləndiririk. Hesab edirik ki, bu qərar sahibkarların qarşısında yeni imkanlar açır. Çox təssüf ki, Azərbaycanda məmur sahibkarlığı çoxluq təşkil etdiyindən və bir çox məmuların özləri bizneslə məşğul olduğundan sahibkarları sıxışdırmağa çalışırdılar. Əsas məqsədləri isə hədə-qorxu yolu ilə rəqibləri bazardan çıxarmaq idi”, – deyə ekspert söyləyib.

Onun sözlərinə görə, məhkəmələrin azad olmaması sahibkarların qarşısında ciddi maneələr yaradır: “Birmənalı olaraq dövlətin mövqeyi məhkəmələrdə təsdiq edilir. Nə qədər acı olsa da, bu reallığı etiraf etməliyik. Ölkə başçısına təşəkkür edirəm ki, sahibkarların hüquqlarının qorunması istiqamətində belə bir addım atır. Arzu edərdik ki, bu addımlar daha da genişləndirilsin. Hazırda özəl sektorda ciddi problemlər mövcuddur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurası yaradılmalıdır. Eyni zamanda biznes ombudsmanı insitutunun təsis olunmasına ciddi ehtiyac var. Belə bir addımın atılması özəl sektorda islahatlara gətirib çıxara, azad rəqabət mühitinə şərait yaratmış olardı”.

“Yoxlamaların nə qədər az olması bir o qədər faydalıdır. Eyni zamanda maariflənmə tədbirləri davam etdirməlidir. Dövlət Vergi Xidmətinin üzərinə böyük məsuliyyət düşür. Sahibkar vergi ödəyicisidirsə, onun qulluğunda durulmalı, hüquqları müdafiə olunmalıdır. Cəza və sanksiyaları artırmaq yox, iqtisadi yollarla sahibkarları stimullaşdırmaq lazımdır”, – deyə Bəydəmirli fikrini yekunlaşdırıb.

  •  (0)
  •  (0)