Niyə varlana bilmirik?
Sanki “gözəgörünməz” qüvvələr xalqımız üçün dolanmağa “plan” tərtib edib, ondan artıq qazanmaq olmur.
Əksəriyyət belədir; 10 ildən çox jurnalist işlədim (maaş 300 Azn-dən 500-ədək dəyişib). Özümü sıxırdım, gündə 5-6 manatla idarə edirdim. Indi müdirəm, öz işimdən belə evə ayda 400 manatdan çox pul verə bilmirəm.
Fərq sadəcə ondadır ki, öz işçilərim var, ofisə taksiylə gedib-gəlirəm, bahalı siqaret çəkirəm, hərdən bahalı geyinirəm, hərdənbir kafelərdə hesab vermək cəsarətim yaranır, aradabir xüms və zəkat üçün də nəsə qalır…
Qəliz durumdur. Ölkədə pul bitir (dövriyyədə valyuta azdır); hiss olunur ki, hamı bir-birindən dolanır, birtəhər baş girləyirik. Mən də istərdim ki, işə götürdüyüm adamlara yaxşı maaş verim və işim böyüsün…
Taksiyə də məcburiyyətdən minirəm. Həm onurğamdakı problemlər, həm daim bir yerdən başqa yerə tələsmək zərurəti. Müştərilər də ucuz geyinən və ucuz siqaret çəkən adama pis baxır. Gərək “cool” görünəsən.
Dövlət bağçasında neçə ildir bizim uşaqlara yer olmur, məcbur qalıb özəl bağçaya veririk. Keçmiş jurnalistin uşağını götürməyə hər bağça müdiri ürək eləmir.
Azdan-çoxdan dolanırıq, şükürlər olsun… Di gəl, artıq qazanmaq, kənara bir az pul atmaq, irəli getmək olmur. Gərək məmur, ya da məmurun qohumu olasan, dövlət tenderlərindən “otkat” alıb “ofşor”dakı banklara daşıyasan…
Çalışaraq qabağa getmək olmur. Hörmətlə,
Pan Rufat (Rüfət Əhmədzadə)
Hokm.az
















