Məktəbin “lotusu”, “şefi”, “öndə gedən uşağı”… – Mənfi tendensiya zəncirvari artırbackend

Məktəbin “lotusu”, “şefi”, “öndə gedən uşağı”… – Mənfi tendensiya zəncirvari artır

Psixiatr Orxan İsəndərov: “Öncə uşağın aldığı travmanın nə mənşəli olduğunu və bunun sinifdə hansı əlamətlərlə özünü büruzə verdiyini tapmaq lazımdır”

Sosial mediada orta məktəblərimizdən yayılan görüntülər tərbiyə məsələsində uğurlu-uğursuz yanaşmaları yenidən diqqət mərkəzinə gətirib. Daha nəinki uşağı döymək, qulağını burmaq da bir çox valideyn üçün şiddətdir. İndi orta məktəbə şagird yola salan ana-atanın bir çoxuna görə, islah olunmaz uşaqları belə, tərbiyələndirməyin şiddətdən kənar bir yolu var. O da problemin kökünü tapmaq istiqamətində addımlar atmaqdan başlayır. Bu isə sözdə asan, hazırkı vəziyyətdə reallığa baxınca praktikada xeyli çətin proses kimi görünür. Təkcə bunu nəzərə alsaq ki, bir sinifdə müxtəlif sosial vəziyyətdə olan ailələrin uşaqları cəmlənir, deməli, vəziyyəti düzgün qiymətləndirmək üçün sinif uşaqlarını yalnız ad-soyadı ilə tanımaq bəs etmir. Bəs belə olduğu halda məktəb və müəllim nə etməli, hansı addımları atmalıdır ki, xoşagəlməz hallar böyümədən vəziyyətə nəzarəti əldə saxlamaq mümkün olsun?

AYNA-da bu sualdan yola çıxaraq uşaq və yeniyetmə psixatrı Dr. Orxan İsgəndərovla həmsöhbət olmuşuq. 

– Həkim, müəllimlər deyirlər ki, bəzən uşaqlar elə həddə tərbiyəsizlik nümayiş etdirirlər, onlarla bacarmaq mümkünsüz olur. Bu xüsusilə də yeniyetməlik yaşındakı uşaqlara aiddir. Həmin yaş dövründəki uşaqlarla necə rəftar etmək lazımdır? Onları ram etməyin bir yolu varmı? 

– Əslində, bu, illərin həll edilməmiş problemidir. Hər bir sinifdə, xatırlasaq, öz siniflərimizdə belə, bu xarakterdə uşaqlar həmişə olublar, indidən sonra da yəqin ki, olacaqlar. Sadəcə burada artıq kəmiyyətdə bir dəyişiklik müşahidə edirik. Bizim “müəllim necə rəftar etməlidir?”, – deyə suala cavab axtarmağımız simptomatik müalicədən başqa bir şey olmaz. Yanaşma daha köklü olmalıdır. Çünki uşağın məktəbdə bu və buna bənzər formalarda etdiyi hərəkətlər yalnız məktəbin yaratdığı mühitə görə yox, həmçinin, uşağın yetişdiyi cəmiyyət, yetişdiyi ailə, ailə üzvlərinin yetişmə qaydasına görə formalaşır.

Əvvəllər biz vurğulayırdıq ki, uşaqlar həm ailədə, həm də cəmiyyətdə tərbiyə görürlər. Hazırda bu sıraya 3-cü punktu da əlavə edə bilərik – uşaqlar sosial mediada da tərbiyə görürlər və bu, uşağın tərbiyəsində rol oynayan əsas amillərdəndir.

– Niyə bu məsələlər məhz yeniyetməlik dövrü üçün xarakterikdir?

– Məsələ ondan ibarətdir ki, yeniyetməlik dövründə insan öz xarakterini tapmağa çalışır. Buna görə də daha çox nümayişkaranə davranmağa başlayır. Xüsusilə bu dövrdə sinifin  “lotusu”, “şefi”, “öndə gedən uşağı” və s. kimi anlayışlar formalaşmağa başlayır. Digər həmyaşıdları da uyğun bir mühit tapan və rəğbət görən uşaqların hərəkətlərini təkrarlamağa başlayırlar. Daha öncə, bu, sinif və məktəb mühitində formalaşır və oradaca yox olub gedirdi. İndi isə, bu davranışlar sosial şəbəkələrdə də ortaya çıxdığı üçün bu xarakterdə uşaqlar üçün açıq nümayiş mühiti formalaşmış olur. Məhz buna görə də zəncirvari artım müşahidə edilir.

– Bəs müəllim bunun öhdəsindən gələ bilmək üçün nə etməlidir?

– Əvvəla, qeyd etmək istərdim ki, bunun öhdəsindən yalnız müəllim gəlməli deyil. Köklü yanaşma edilməsi mütləqdir. Çünki həmin anda müəllimin edə biləcəkləri məhduddur. Burada sırf uşağa yönəlmiş bir prosedur tətbiq edilməlidir. Bu prosesdə isə məktəb psixoloqu və uşağın hansısa diaqnostik vəziyyəti varsa, klinik psixoloq və ya psixiatrla birgə işləməli, araşdırmalı və ailəylə birgə bu məsələnin həll yolu tapılmalıdır.

Videolarda gördüyümüz kimi çox aqressiv məqamlar müşahidə edildikdə öncə məktəb psixoloquna müraciət edilməlidir. Psixoloq aydınlaşdırmalıdır ki, səbəb məhz təhsillə əlaqəlidir, yoxsa artıq davranış pozuntusuna bağlı bir vəziyyət yaranıb? Hansısa bir şübhəsi yarandığı zaman dərhal uyğun mütəxəssisə – xüsusilə, uşaq və yeniyetmə psixiatrına yönləndirməli və diaqnostik olaraq dəyərləndirilərək uyğun tədbirlər görülməyə başlanmalıdır. Uğurlu nəticə üçün isə ailə və mütəxəssislərin birgə fəaliyyəti qurulmalıdır. Bu şəkildə problemin öhdəsindən köklü şəkildə gəlmək mümkün olar.

– Uşaqların sinif otağında qeyri-etik davranışları sosial  mediada müzakirə olunarkən, müşahidə etdim, həmin uşaqların heç vaxt islah olmayacağını düşünənlər də var…

– Qeyd etdiyimi kimi, öncə, uşağın aldığı travmanın nə mənşəli olduğunu və bunu sinifdə hansı əlamətlərlə büruzə verdiyini tapmaq lazımdır. Uşaq çox depressivdirmi, özünə qapanırmı və ya əksinə, çox aqressivdir və ətrafa sərt reaksiyalar verirmi, davamlı şəkildə hiperaktiv formada sinifi dağıdırmı? Uşağa çox sərt və ya çox yumşaq münasibət sərgiləmək doğru deyil. Çox rastlaşdığımız cümlədir: “Uşaq travmalıdır, ona heç nə demək olmaz”. Lakin məsələ bundan ibarət deyil. Travmadan asılı olmayaraq, uyğun bir şəkildə danlanmalıdırsa, danlanır, mükafatlanmalıdırsa, mükafatlanır. Bunları müəyyənləşdirdikdən sonra uyğun taktikanın seçilməsi məqsədəuyğun hesab edilir.

– Uşaqları necəsə islah etmək olarmı? 

– Əslində, sosial mediada cəmiyyətin özünün yanaşması da belədir: “ya bu uşaq islah olacaq, ya da olmayacaq“. Lakin necəsi və niyəsi də çox önəmlidir. İşlənəcək metodlar da çox önəmlidir. Sadəcə nəticəyə fokuslanaraq yaşanılan bir cəmiyyətdə uşaqlar da yalnız iki cür hərəkət etməyə çalışırlar – ya çox nümunəvi olaraq olmadıqları kimi görünməyə çalışırlar, ya da tam əks xarakterdə, antisosial bir həyat tərzi sürməyə çalışırlar. Buna görə də, orta yolu tapıb, balanslı yanaşma sərgiləmək daha gözəl olar. Uşaqlar bizim gələcəyimizdir! Onların ruhi sağlamlığının qayğısına qalmaq mütləqdir!

  •  (0)
  •  (0)