Şəki 1 saylı Mediasiya Təşkilatının direktoru Dərya Yaşarlının bildirdiyinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov arasında imzalanmış müvafiq sazişdə qeyd edilənlər diqqətə alınmaqla Şəki 1 saylı Mediasiya Təşkilatı ilə Mingəçevir şəhərində Mingəçevir şəhər Vəkil Bürosu arasında 28 sentyabr 2023-cü il tarixdə əməkdaşlığa dair tədbir keçirilmişdir.
Görüşdə Şəki 1 saylı Mediasiya Təşkilatının rəhbəri qismində özü də daxil olmaqla, Mediasiya Şurası İntizam Komissiyasının üzvü Rəfael Cabbarov, Mingəçevir 1 saylı Mediasiya Təşkilatının direktoru Ayaz İsmayılzadə, Yevlax 1 saylı Mediasiya Təşkilatının mediatoru Rövşən İsmayılov, Mingəçevir şəhər Vəkil Bürosunun müdiri Kamil Yunusov, vəkillər Tubu Hüseynova, Adil Abışov, Müsaqif Hüseynov və Rafiq Yusifov iştirak etmişlər.
Birgə keçirilən tədbir zamanı vəkillərin və mediatorların qarşılıqlı əməkdaşlığı, bir-birlərinə necə kömək edə bilmələri, vətəndaş məmnunluğunun birgə artırılması, keyfiyyətli mediasiya və hüquq xidmətlərinin göstərilməsi sahəsində davamlı uğurların əldə edilməsi, vəkillərin və mediatorların peşə fəaliyyətinin həyata keçirilməsi zamanı nəzərə alınmalı olan prinsiplərə riayət edilməsi, həmçinin mediasiya və vəkillik fəaliyyətində şəxslər arasında maraq toqquşmasının qarşısının alınması kimi məsələlər, mövcud problemlər və sair müzakirə edilmişdir.
Həmçinin, bu sahədə kifayət qədər uğurların əldə edilməsi ilə bağlı Mediasiya Şurası və Vəkillər Kollegiyasının çox sıx və səmərəli əməkdaşlıq etdikləri, bütün qayğıları və problemləri birlikdə çevik müzakirə edərək həll etdikləri tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.
Bu kimi tədbirlərin təşkil edilməsi onu deməyə əsas verir ki, mediatorlar və vəkillər bu məsələlərdə nəinki çox gözəl əməkdaşlıq qurmuş, hətta mövcud problemlərin həllinə daha fundamental yanaşmağı üstün tutmuşlar.
Mediatorlarla vəkillərin sıx və səmərəli əməkdaşlığı bundan sonra da davam edəcək və birlikdə məhkəmə-hüquq islahatlarına dəstək ola biləcək bütün vasitələr tətbiq ediləcəkdir. Vəkillər və mediatorlar birgə böyük və həmrəy bir ailədir, hər birimiz bu ailənin üzvüyük və vətəndaş məmnunluğu bizim birgə həmrəyliyimizdən asılıdır.
Həmçinin, tədbir zamanı Mediasiya Şurası İdarə Heyətinin 30.03.2022-ci il tarixli qərarı ilə təsdiq olunmuş Mediasiya prosesi ilə bağlı sənədlərdə holoqramdan istifadə edilməsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq 01 oktyabr 2023-cü il tarixdən tətbiqinə başlanılmalı olan holoqramların istifadə qaydaları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir.