Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilər – FOTOLARbackend

Mediasiya Şurası və AQC əməkdaşlıq barədə razılığa gəldilər - FOTOLAR

Bu gün Mediasiya Şurasının rəhbərliyi ilə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyi arasında görüş keçirilib.

Mediasiya Şurasında qonaq olan AQC sədri Vüqar Orucu, sədr müavinləri Ramil Osmanlı və Fərid Rüstəmovu, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynovu salamlayan şuranın sədri Nadir Adilov bildirib ki, ölkə mediatorları və qiymətləndiriciləri arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi ehtiyac var. O qeyd edib ki, 2019-cu il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2020-ci ilin fevralında Mediasiya Şurası təsis edilib. Sədrin sözlərinə görə, mediatorların ilkin hazırlığı üzrə təlimlər keçib, sertifikat əldə etmiş üzvlərin Şuraya qəbulu davam edir: “Mövcud qanunvericiliyə görə, mülki işlər, iqtisadi mübahisələr, ailə münasibətləri, əmək və inzibati hüquq üzrə mübahisələrdə mediasiya tətbiq olunur. Bu sahə Azərbaycan cəmiyyəti üçün yeni olsa da, artıq 300-ə yaxın mediator rəhbərlik etdiyim şura tərəfindən qeydiyyata alınıb”.

Öz növbəsində Mediasiya Şurasının fəaliyyətini yaxından izlədiklərini diqqətə çatdıran  Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc iki qurum arasında münasibətlərin inkişafı istiqamətində bu görüşü vacib bir başlanğıc adlandırıb. AQC sədri bildirib ki, rəhbəri olduğu qurum 1999-cu ildən fəaliyyət göstərir: “Bu ilin may ayında hesabat-seçki yığıncağında cəmiyyətin yeni sədri seçilib və rəhbər strukturlar formalaşdırılıb. Müasir dövrün çağırışlarına cavab vermək, innovativ həllərə nail olmaq baxımından qiymətləndiricilər və mediatorların qarşılıqlı fəaliyyətinə ciddi ehtiyac var”.

Görüşdə çıxış edən Mediasiya Şurası  Daxili Audit Komitəsinin sədri,  İntizam Komissiyasının üzvü Mayıl Əhməd, AQC sədrinin müavinləri – Ramil Osmanlı və Fərid Rüstəmov, Hüquq və qiymətləndirmə standartları departamentinin rəhbəri Şükür Hüseynov da iki qurum arasında əməkdaşlığın dərinləşdirilməsinin vacibliyindən bəhs ediblər.

Qərara alınıb ki, Mediasiya Şurası və Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) tərəfindən Milli Məclisin deputatlarının, ictimaiyyət və mətbuat nümayəndələrinin iştirakı ilə konfrans təşkil edilsin. 

Azərbaycan Qiymətləndiricilər Cəmiyəti isə 1998-ci ildə təsis olunub, 1999-cu ildə dövlət qeydiyyatına alınıb. 2022-ci ilin mayından quruma iqtisadçı ekspert Vüqar Oruc rəhbərlik edir. 56 qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən cəmiyyət Azərbaycanda qiymətləndirmə üzrə təlim kurslarını təşkil edən, beynəlxalq ələqələrə malik və ölkə qiymətləndiricilərinin kollektiv şəkildə birləşdiyi yeganə qurumdur.

 

  •  (5)
  •  (0)