Mədəniyyət komitəsindən fəxri adların verilməməsinə ETİRAZbackend

Mədəniyyət komitəsindən fəxri adların verilməməsinə ETİRAZ

Azərbaycanda son illərdə bəzi sahələrdə fəaliyyət göstərən şəxslərə fəxri adların verilməsi dayandırılıb. Sözügedən sahələrə jurnalist, müəllim və sənət adamları daxildir.

Belə ki, ölkəmizdə “Əməkdar jurnalist” və “Əməkdar müəllim”, “Xalq artisti” adları sonuncu dəfə 2022-ci ildə, “Əməkdar incəsənət xadimi”, “Əməkdar artist” adları 2018-ci ildə verilib.

Fəxri adların verilməsinin dayandırıldığı rəsmi açıqlanmayıb. Ancaq Mədəniyyət Nazirliyindən bir müddət əvvəl bildirilib ki, qurumun dəsti-xətti ilə son üç ildə heç bir sənət adamına “Əməkdar” və “Xalq” fəxri adları verilməyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazırda 252 nəfər “Xalq” fəxri adına görə, 4 539 nəfər “Əməkdar” fəxri adına görə Prezident təqaüdü alır.

Hokm.az xəbər verir ki mövzu ilə bağlı modern.az Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Tənzilə Rüstəmxanlı ilə həmsöhbət olub. O qeyd edib ki, sənət adamlarının mükafatlandırılmalıdır:

“Mən belə adların verilməməsinin əleyhinəyəm. Bəziləri deyir ki, bu sovet dönəmindən qalan ənənədir. Biz o dönəmi yaşamışıq, orada bu cür adlar sənətçiləri ələ almaq üçün deyil, göstərilən diqqətin yüksəkliyini göstərirdi.

Mədəniyyət işçiləri, sənət adamları, yazıçılar, şairlər yaradıcı şəxslərdir, əlbəttə, onları xalq sevir, amma onlara fəxri adların verilməsi mədəniyyət işçilərinə göstərilən mənəvi dəyərdir, onun xidmətinə, qələminə olan sayğıdır. Bunun kimə nə zərəri ola bilər?! Layiq olana dəyərini göstərmək lazımdır. Niyə xalqı üçün gözünün nurunu, yuxusuz gecələrini qurban verən bir yazıçıya dəyər verilməsin? Mən də yazıçı ailəsindən olduğum üçün Sabir müəllimin bu milətin tarixi, ədəbiyyatı ilə bağlı ideoloji savaşının yaxından şahidi olmuşam – onun gecələr şirin yuxusuna haram qatıb yatmadan romanlar, kitablar, şeirlər yazdığını görmüşəm. Onun qarşılığında verilən fəxri adın hansı ziyanı ola bilər ki?  Bu yazıçıya, şairə, sənət adamına verilən mənəvi dəyərdir, dövlət bununla demək istəyir ki, mən sənin xidmətini gördüm, buna sayğı duyuram. Burada əsas problem layiq olmayan adamlara verilən fəxri adlardır. O adlar xalqın milli şüurunun oyanmasında, xalqın müstəqilliyinin qazanmasında xidməti olan şair, yazıçıya da verilsin, bir də iki- üç uydurma yazılar yazan, oradan-buradan götürüb 5-10 kitab müəllifinə də. İkincilərə bu adların verilməsi haqsızlıqdır. Fəxri adların təqdimatını verən qurumlar – Azərbaycan Yazıçılar Birliyi, Mədəniyyət Naziliyi bu məsələdə diqqətli olmalıdır”.
Milli Məclisin Mədəniyyət komitəsinin digər üzvü Aqill Abbas da həmkarı ilə eyni fikirləri bölüşüb:

“Dünyanın müxtəlif yerlərində bu cür adlar və mükafatı var. ABŞ-də “Oskar” mükafatı, Türkiyədə mədəniyyət işçilərinə “Dövlət sənətçisi” adı verilir. Bunun sənətçiləri əldə saxlamaq kimi bir məqsədi yoxdur. İfaçı, rəssam, yazıçı niyə dövlət adı almamlıdır ki? Əksinə, dövlət onların fəaliyyətinə diqqət ayıraraq onları həvəsləndirməlidir”.

  •  (0)
  •  (0)