Türkiyənin Muğla vilayətinin Marmaris rayonuna bağlı Hisarönü məhəlləsini bürüyən meşə yanğınları zamanı evi yanmaqdan son anda qurtarılan Mesut Akgül adlı sakin azərbaycanlı yanğınsöndürənlərin çox cəsarətli olduqlarını, birbaşa alovun içərisinə şığıdıqlarını deyir. Bu haqda “Hürriyet” qəzetinin reportajında bildirilir.
Mesut Akgül deyir ki, günlərdir yanğının ətraf meşədən məhəlləyə yayılmaması üçün atası ilə birlikdə mübarizə aparırdı, yanğınsöndürənlərə kömək edirdi. Lakin alovlar dünən axşam məhəlləni bürüyüb, Akgülün evinə 5 metrə qədər yaxınlaşıb.
“Hər halda cəhənnəmdən öncəki mərhələni yaşadıq. Alovlar 5 metrə qədər yaxınlaşmışdı. Yanğınsöndürənlər daxil olmaqla hər kəs təxliyə qərarı verdi, amma biz sona qədər mübarizə apardıq. Evdən uzaqlaşandan sonra helikopter dalbadal 2 dəfə yanğın ocağına su buraxdı, sonra 50 metr məsafədə gözləyən İstanbul yanğınsöndürənləri müdaxilə etdi. Nəticədə, 70 evi yanmaqdan qurtardılar”,-sakin bildirib.
O, evinin yanmaqdan qurtarıldığını görəndə yerə yıxılaraq sevincindən hönkür-hönkür ağlayıb. Akgül Azərbaycandan gedən yanğınsöndürənlərin alovlarla mübarizəsinin onu çox təsirləndirdiyini də deyir. Və onların çox cəsarətli, qorxmaz olduqlarını bildirir.
“Şlanqı götürən kimi 3-5 metr alovun içinə girirlər və canla-başla mübarizə aparırlar. Azərbaycanlı yanğınsöndürənlərin xüsusilə bayraq sevgilərinə də heyran qaldım. Evlərin həyətlərindəki bütün Türkiyə bayraqlarını toplayaraq getdilər. Bir bayrağın belə yanmasına imkan vermədilər”,-Marmaris sakini deyib. virtualaz.org