Manamada COP29-un nəticələrindən bəhs edildibackend

Manamada COP29-un nəticələrindən bəhs edildi

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev dekabrın 7-9-da Bəhreyn Krallığının paytaxtı Manama şəhərində keçirilən təşkilatın İqtisadiyyat və davamlı inkişaf üzrə daimi komitəsinin iclasında iştirak edib.

Hokm.az xəbər verir ki, Komitə iclasının açılış mərasimində Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musallam, APA-nın Baş katibi Mohammad Reza Majidi, APA-ya sədrlik edən ölkə nümayəndəsi statusunda Rizvan Nəbiyev çıxış ediblər.

Rizvan Nəbiyev APA-ya sədrlik edən ölkə nümayəndəsi kimi açılış sessiyasındakı çıxışında hazırda dünya əhalisinin 60 faizinin yaşadığı Asiya regionunun üzləşdiyi çağırışlar və parlament diplomatiyası çərçivəsində onların həllinə APA-nın potensial töhfələri barədə danışıb.

Deputat tədbir iştirakçılarını COP29 çərçivəsində əldə olunan əsas nəticələr barədə ətraflı məlumatlandırıb. O, ölkəmizin 196 ölkənin iştirak etdiyi BMT tədbirinə uğurlu ev sahibliyi etməsini qeyd edərək, Prezident İlham Əliyevin COP29-u iqlim diplomatiyasında tarixi nailiyyət kimi səciyyələndirərək “Bakı dönüşü”nü multilateralizmin təntənəsi kimi təqdir etməsini parlamentarilərin diqqətinə çatdırıb.

Rizvan Nəbiyev Azərbaycanın irəli sürdüyü 14 təşəbbüs arasında COP29 Atəşkəs təşəbbüsünün əhəmiyyətindən danışaraq, Cənubi Qafqaz regionunda da davamlı sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini qeyd edib. Həmçinin Ermənistan və Azərbaycan arasında sülhün vacib komponentlərindən biri kimi 1980-ci illərin sonlarında Ermənistandan zorla qovulan 300 000 azərbaycanlının öz yaşayış yerlərinə təhlükəsiz və ləyaqətli geri dönüşünün təmin edilməsinin vacibliyi vurğulanıb.

APA-nın Baş katibi, Rusiya, İndoneziya, BƏƏ nümayəndə heyətinin rəhbərləri öz çıxışlarında Azərbaycanı COP29-a uğurlu sədrliyi münasibətilə təbrik edərək əldə olunan nailiyyətlərin iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətini vurğulayıblar. COP29-un tarixi nəticələri, həmçinin İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin qəbul etdiyi ətraf mühit, davamlı inkişaf və maliyyələşmə mövzularındakı qətnamələrin mətnlərinə daxil edilib.

Daimi komitənin iclası ilə yanaşı, APA Büro iclası və APA işçı qrupunun da iclasları keçirilib, təşkilatın Nizamnaməsinə dəyişiklik edilib, 2025-ci il APA-nın fəaliyyət təqvimi barədə qərarlar verilib.

Rizvan Nəbiyev və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri səfər çərçivəsində Bəhreyn Krallığının Nümayəndələr Şurasının sədri Əhməd bin Salman Al-Musallam və Şura Məclisinin sədri Əli bin Saleh Al-Saleh tərəfindən qəbul edilib.

Azərbaycan hazırda Asiya Parlament Assambleyasına sədrlik edir. 2006-cı ildə əsası qoyulan təşkilatın hazırda 43 üzvü var.

  •  (0)
  •  (0)