“İqtisadiyyatın diversifikasiyası və yerli istehsalın təşviqi, xüsusilə “Made in Azerbaijan” brendinin gücləndirilməsi qeyri-neft sektorunun inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. İdxaldan asılılığı azaltmaq üçün kompleks islahatlar həyata keçirilməlidir ki, bunlardan ən vacibi yerli istehsalın artırılmasıdır”.
Bu sözləri Tribuna informasiya agentliyinə açıqlamasında Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri Gülpəri Bayramova söyləyib.
Ekspert qeyd edib ki, texnoloji inkişaf və sənayeləşmə, kiçik və orta biznesin dəstəklənməsi və aqrar sektorun inkişafı da mühüm amillərdəndir: “Daxili istehsalçılarının texnoloji imkanlarını artırmaq üçün dövlət subsidiyaları və texnoloji parkların yaradılması, bu istiqamətdə səylərin gücləndirilməsi labüddür. İnnovativ texnologiyalara əsaslanan müəssisələr daha çox məhsul istehsal edə, eyni zamanda məhsulun keyfiyyətini artıraraq dünya bazarlarında rəqabət edə bilər. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin potensialı böyükdür. Ərzaq məhsullarının idxalını azaltmaq üçün bu sahəyə daha çox investisiya yatırılmalı, müasir kənd təsərrüfatı texnologiyaları və üsulları tətbiq olunmalıdır. Dövlətin subsidiya proqramları, kənd təsərrüfatı müəssisələri üçün vergi güzəştləri, eləcə də aqrar sahədə işləyən mütəxəssislərin yetişdirilməsi strateji istiqamətlərdəndir. Eləcə də müasir saxlama anbalarının sayının artırılması da zəruridir. Heç şübhəsiz ki, kiçik və orta biznes subyektlərinin ölkə iqtisadiyyatında əhəmiyyəti misilsizdir. Onlar iş yerlərinin yaradılmasına, yerli bazarın məhsul tələbatını qarşılamağa və ixrac potensialının artırılmasına kömək edir. Azərbaycanda KOB-ların maliyyə mənbələrinə çıxışını asanlaşdırmaq, kredit xəttlərini genişləndirmək və bu sahəyə sərmayələri artırmaq önəmlidir”.
Onun sözlərinə görə, texnologiya və innovasiyalar iqtisadi inkişafın mühüm amillərindən biridir: “Yerli məhsulların keyfiyyətini və rəqabətliliyini artırmaq üçün tədqiqat və inkişaf mərkəzlərinin, sənaye klasterlərinin yaradılması, beynəlxalq ticari münasibətlərin genişləndirilməsi, icracın təşviqi üçün dövlət dəstəyinin artırılması, xaricdəki ticarət evlərinin sayının və fəaliyyətinin yüksəldilməsi, eləcə də maliyyə infrastrukturun gücləndirilməsi, yerli brendlərin beynəlxalq müstəvidə tanıdılması və marketinq strategiyaları, sahibkarların kadr hazırlığı və təlim proqramlarının inkişafı vacib aspektlərdir. Bütün bunlar bir daha təsdiq edir ki, idxaldan asılılığı azaltmaq və “Made in Azerbaijan” brendini gücləndirmək üçün çoxşaxəli islahatlar həyata keçirməlidir” – Bayramova vurğulayır.
Əlavə edir ki, bu istiqamətlərdə atılacaq addımlar Azərbaycanın iqtisadi müstəqilliyini artırılmasına, dünya bazarlarında yerli məhsulların rəqabət qabiliyyətini gücləndirilməsinə və ölkənin ümumi rifahına mühüm töhfələr verəcək.