Xəbər verdiyimiz kimi, Azərbaycan Baş Prokurorluğunda “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu yaradılıb. Bu məqsədlə yaradılan istintaq qrupuna digər hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib. Baş vermiş hadisənin bütün detallarının ən incə xırdalıqlarına qədər araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və ortaya tam obyektiv nəticə qoyulması ilə bağlı tapşırıq verilib.
Bəs görəsən, yeni istintaq qrupunun yaradılması hərbçilərimizi alçaldıcı üsullarla işgəncələrə məruz qoyan, onların ölümünə səbəb olan yüksək rütbəli zabitlərin həbsinə, ədalətin bərpa olunacağına gətirib çıxaracaqmı?
Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Milli Məclisin deputatı Fazil Mustafa cavablandırıb. O bildirib ki, yeni istintaq qrupunun yaradılması müsbət qərardır:
“İctimaiyyətdə narahatlıq doğuran ən ciddi məsələlərdən biri “Tərtər işi”dir. Milli Məclisdə bu barədə mən də məsələ qaldırmışam. Bildirmişəm ki, kim bu məsələdə məsuliyyət daşıyırsa, bunu dövlətin üzərinə qoymaq olmaz. Həmin şəxslərin məsuliyyəti müəyyən edilməli, cəzalarını çəkməlidir. Belə bir istintaq qrupunun yaradılması istənilən halda xoş niyyətdən xəbər verir. Bu qərar həm də ölkənin baş prokuroru tərəfindən bu cür məsələlərə nə qədər obyektiv və həssas yanaşıldığını göstərir”.
Deputat bildirib ki, bu istiqamətdə ictimaiyyətin narahatlıqlarına son qoymaq lazımdır:
“Hesab edirəm ki, inandırıcı və əsaslandırıcı fəaliyyət ortaya qoyulmalıdır. Kim günahkardırsa, yalandan başqa insanların həyatını məhv edib və məsuliyyətdən yayınıbsa, onlar mütləq məsuliyyətə cəlb olunmalıdır. Bu əməlləri törədilən şəxslərin həbsi gözlənilir və bu vacibdir. Ləyaqətli hərbçilərimizin həyatını söndürən şəxslərdən bunun hesabını soruşmaq lazımdır. Gec də olsa insanlar bilməlidir ki, törədilən heç bir əməlin unudulması mümkün deyil”.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, “Tərtər işi” ilə bağlı qaranlıq məqamlar insanlarda çox ciddi narahatlıq doğurur:
“Son aylarda bu barədə xeyli müzakirələr aparılıb. Əgər yeni istintaq qrupu yaradılıbsa, birinci istintaqı aparan şəxslər prosesdən uzaqlaşdırılmalıdır. Çünki o şəxslər obyektiv ola bilməz. Aydın məsələdir ki, həmin şəxslər maksimum çalışacaq ki, öz gördüyü işi pərdələsin. Yaxşı olar ki, daha peşəkar və müstəqil şəxslər bu prosesdə iştirak etsin. O insanların narazılıqlarını və narahatlıqlarına hərtərəfli diqqət yetirilməli və bu iş ətraflı araşdıırlmalıdır. Əgər belə bir istintaq qrupu yaradılıbsa, ciddi məsələlər var. Yeni istintaq qrupu bu məsələləri ətraflı araşdırmalı və ölkə rəhbərliyinə məruzə etməlidir. Hərçənd ki, indiyə kimi bəzi rəsmi şəxslər tamam fərqli fikirlər səsləndirib. Onlar başa düşməlidir ki, bu istintaq qrupunun yaradılması əbəs deyil. Bir sözlə bu məsələ hərtərəfli araşdırılmalıdır. İstintaq qrupu işə başladıqdan sonar ortaya hansı nəticələrin qoyulacağı haqda fikir söyləmək olar. Yəqin ki, yeni həbslərin olması istisna deyil. Birinci araşdırmadan sonra həbslər olmuşdu. Yəqin ki, bu dəfə də həbslər olacaq. Bu istintaq qrupu boş yerə yaradılmayıb. Yüksək ehtimalla birinci araşdırmada ciddi pozuntulara yol verilib”.
Qeyd edək ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb.
Açıqlamada deyilir:
“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusu cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoyublar.
Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində 5 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib, məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər.
Zərərçəkmiş şəxslərin, onların hüquqi varislərinin və digər şəxslərin ibtidai istintaqın gedişi və nəticələri, eləcə də məhkəmə qərarları ilə bağlı çoxsaylı müraciətləri nəzərə alınaraq Azərbaycan Respublikası Baş prokurorunun müvafiq sərəncamı ilə İşçi qrup yaradılmaqla qeyd olunan cinayət işləri Respublika Hərbi Prokurorluğundan tələb edilib ətraflı surətdə öyrənilib, hər bir qanunazidd əməlin baş vermə hallarının tam, hərtərəfli, obyektiv araşdırılması, bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması, cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar üzrə cinayət işlərinin icraatının təzələnməsi haqqında qərarlar qəbul edilib.
Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb, prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının təcrübəli və peşəkar əməkdaşlarından ibarət istintaq qrupları yaradılaraq ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun birinci müavininə tapşırılıb.
Hazırda müvafiq istintaq-əməliyyat planları əsasında kompleks tədbirlər həyata keçirilir və istintaqın gedişi barədə ölkə ictimaiyyətinə əlavə məlumat veriləcəkdir.
Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir”.