Azərbaycan diasporu üçün qürurverici hadisə yaşanıb.
Hokm.az-ın məlumatına görə, Latviya Seyminin deputatı, soydaşımız Amil Səlimov həmin ölkənin parlamentində çıxışı zamanı Azərbaycan dilində danışıb.
A.Səlimov Azərbaycan və türk dillərinin dünyada geniş yayıldığını və ana dilində danışmağın təbii bir haqq olduğunu vurğulayıb.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam. (Azərbaycan dilində – red.). İndi mən nə etməliyəm? Tutaq ki, bizə Azərbaycan və ya Türkiyənin səfiri gəlsə, bəs mən onlarla onların dilində danışmayımmı? Mən həm Türk, həm də Azərbaycan dilində danışa bilirəm, bununla qürur duyuram. İndi valideynlərim mənə zəng etsə, bəs mən onlarla Azərbaycan dilində danışmayım? Təşəkkür edirəm”
Amil Səlimovun bu cəsarətli addımı Latviya dil qanunlarına uyğun olmasa da, Azərbaycan dilinin təkcə ailə daxilində deyil, həm də ictimai və rəsmi platformalarda səslənməsinin vacibliyini göstərir.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların parlamentlərdə, rəsmi qurumlarda təmsil olunması milli kimliyimizin qorunmasına və Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasına böyük töhfə verir.
Hər iki valideyni azərbaycanlı olan Amil Səlimov 1985-ci ildə anadan olub. O, ötən il Latviya parlamentinə deputat seçilib. Soydaşımız parlamentdə “Sabitlik!” siyasi partiyasını təmsil edir. O, həmçinin Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Latviya üzrə əlaqələndiricisi olub.